reklam
AFFA-dan millinin üzvlərinə zəng: "...aldığın məbləğin 12 minini geri qaytarmalısan”

Azərbaycan milli komandasının İsraillə səfərdə heç-heçəyə görə futbolçulara böyük məbləğdə mükafat verilməsi ilə bağlı məlumat vermişdik.

İdmanxeber.com-un virtualaz.org-a istinadən verdiyi məlumata görə, həmin qərarda  bildirilirdi ki, Şimali İrlandiya və Rusiya ilə oyun öncəsi mükafatları paylayan AFFA prezidenti Rövnəq Abdullayev İsraillə oyunda start heyətində meydana çıxan hər bir futbolçuya 40 min, sonradan meydana daxil olanlara isə 30 min dollar verib. Mükafatların Şimali İrlandiya və Rusiya ilə oyunlar öncəsi verilməsi futbolçuların bu qarşılaşmalara ciddi motivasiya edilməsinə hesablanıb.

Lakin həmin hadisə ilə bağlı şok məlumat yayılıb. Belə ki, mükafat futbolçulara paylanandan bir neçə gün sonra AFFA-dan idmançılara zəng edərək bildiriblər ki, onlar aldıqları məbləğin 12 min dollarını geri qaytarmalıdırlar.

Bu faktı futbolçular da təsdiqləyib. Milli komandanın üzvü, “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov “Futbol+” qəzetinə verdiyi açıqlamada  “12 min dolları geri qaytarın” tələbi ilə üzləşdiyini etiraf edib: “Bəli, belə söhbət olub. İsrailllə oyuna görə verilən mükafatı aldım. Ehtiyatda qaldığıma görə mənə 30 min dollar düşdü. Lakin pulu alandan bir neçə gün sonra AFFA-dan zəng edib dedilər ki, aldığın məbləğin 12 minini geri qaytarmalısan”.

Mətbuat həmişə vurğulayırdı ki, AFFA-nın adi heç-heçəyə görə futbolçulara külli miqdarda mükafat verməsinin arxasında çirkli vəsaitin yuyulması niyyəti durur. Futbolçulara böyük məbləğdə mükafat yazılır, sonradan onun müəyyən qismi geri alınıb kimlərinsə cibinə ötürülür. Beləcə, vəsait büdcədən silinir.

Bu fakt artıq öz təsdiqini tapdı. Görək AFFA rəhbərliyi bu biabırçılığı necə ört-basdır edəcək.