reklam

"Sumqayıt"ın prezidenti Kamran Quliyev Premyer Liqanın XVI turunda qalib gəldikləri "İnter"lə matçdan sonra İdmanxeber.com-a müsahibə verib.

- Kamran müəlim, ilk olaraq qazanılan qələbədən başlayaq. Belə bir nəticə gözləyirdinizmi?

Biz hər oyunda komandamızdan qələbə gözləyirik. Bizim komanda oyuna məğlub olmaq və ya heç-heçə oynamaq üçün çıxmır.  Son oyunlar da onu göstərir ki, biz istənilən rəqiblə oynaya bilirik. Çatışmamazlıqlar var,  biz qol vurduqdan sonra qol buraxırıq. Həm çox qol vururuq, həm də çox qol buraxırıq. Oyunlarımıza baxsanız, adətən görərsiniz ki, 0:0 oynamaq istəmirik. Oyunda nə qədər çox qol olsa o qədər rəngarəng olar. Biz də oyunlara bununla rəng qatmağa çalışırıq. Təbii ki, bizdən də güclü komandalar var. Son həftələrdə yaxşı oynayıb udmamışıq. "İnter"lə oyunda isə qapalı oynayıb qalib gələ bildik.

- Bir epizod var idi, futbolçularınız etiraz edirdi ki, penaltidi. Sizcə həmin epizodda penalti var idi?

Penalti olduğu mən oturan yerdən yaxşı görünürdü. Sonradan televiziyada da baxdım, penalti epizodunda şübhə olmamalı idi. Düzdü, biz 3:2 hesabı ilə qalib gəldik və sevinirik. Ancaq bu matç bizim qələbəmiz ilə yekunlaşmasa idi və hər hansı heç-heçə olsaydı o səhv hakimin üzərinə düşürdü. Çünki oyunun nəticəsinə təsir edə biləcək səhv idi. Hakim inspektorlar buna qiymət verəcək.

- İlk hissədə hakimlər briqadası futbolçularınızın, məşqçilər korpusunun əsəbləri ilə çox oynadı. Tez-tez etirazlar olurdu...

Yan xətt hakimi bir neçə epizodda səhv qərar qəbul etdi. Bu da oyunun `hərarətinə` təsir edirdi. Bu epizodlarda daha diqqətli olmalıydılar. Penalti isə dəqiq var idi.

- "Hakimlər daha diqqətli olmalıdır" - deyirsiz. "Kəpəz"lə matçın son dəqiqələrində qapınıza penalti təyin olundu. "İnter"lə matçda penaltiniz verilmədi. Niyə hakimlər "Sumqayıt"a qarşı belə mövqe tuturlar?

Mən burda qərəz görmürəm. "Kəpəz"lə oyunda daha az vaxt əlavə olunmalı idi. 5 dəqiqə əlavə etdilər və qapımıza 90+5-ci dəqiqədə penalti təyin olunur. Sual yaranır - niyə 5 dəqiqə əlavə olunur? Köhnə söhbətə qayıtmayaq. Artıq onların qiyməti də verilib. Biz hakimlərə hakimlik edən tərəf deyilik. Ancaq bizim də haqlı penaltimiz verilmədi. Buna diqqətlə baxmalıdılar. Tək bunlar deyil ki... Danışılası o qədər şey var. Mən hamısını danışmayacam.

- Hakimlərin bu addımları futbolçularınızı "sındıra" bilər?

Peşəkar futbolçulardı. Hakimin qərarından asılı olmayaraq onlar öz oyununu oynamalıdılar. Ümumiyyətlə öz komandamız təbrik edirəm. Futbolçuların əzmkar oyunu bizi sevindirir. Baxın, bu gün biz turnir cədvəlində ən çox qol vuran komandalardan biriyik. Bu sevindirici məqamdı.

- "Qəbələ", "Kəpəz"lə oyunlarda komanda son dəqiqə qolları ilə 3 xalı əldən verdi. Belə məqamlarda futbolçularda ruh düşkünlüyünün olduğunu görmək olur. Ancaq "Sumqayıt"da vəziyyət tam əksinədi. 

Adam özünün ayağında, başında güc hiss edəndə onu heç nə sındırmaz. Düzdü, son dəqiqələrdə qollar buraxdıq. Hesab edirəm komandamız bu məqamdan daha da həvəsləndi. Qələbə istəyi daha da artır.