reklam
Bonilla: "Əgər UEFA bizi yarışlara buraxmayacaqsa..." (MÜSAHİBƏ)

"Zirə"nin futbolçusu Nelson Bonilla "Rəvan"la oyundan sonra İdmanxeber.com-a müsahibə verib.

- Çətin oyun oldu...

- Matç həqiqətən çox çətin keçdi. Rəqib yaxşı mübarizə aparırdı. İlk qoldan sonra əlimizə düşən çoxlu qol epizodu olsa da, bundan yararlana bilmirdik. Sonda 11 metrlik cərimə zərbəsindən qələbə qolunu vurduq. Qələbə bizim haqqımız idi. Çünki oyun boyu üstün tərəf biz idik.

- “Rəvan”dan belə mübarizə gözləyirdiniz?

- Belə olacağı gözlənilən idi. “Rəvan” bir neçə əsas futbolçusunun yoxluğuna baxmayaraq, yaxşı oyun sərgilədi. Ümumiyyətlə, Premyer Liqada bütün oyunlar çətin keçir.

- Rəqib matçın sonuna yaxın hesabı bərabərləşdirə bilmişdi. Həmin an oyunboyu üstün olduğunuz halda xal itirməkdən qorxmurdunuz?

- Narahatlıq var idi.

- Hiss olunurdu ki, komandanızın futbolçuları arasında anlaşılmazlıq var. Hətta epizodların birində Yovan Krneta ilə Viktor İqbekoyi arasında narazılıq yarandı. Nə baş verirdi?

-  Bu, başadüşüləndir. Bizim ölkəmizdə belə bir deyim var: “Əgər sən futbol ehtirasını yaşamırsansa, demək sənin qanın yoxdur”. Nə oldusa, meydanda qaldı.

- Hazırda turnir cədvəlində 2-ci pillədə qərarlaşmısınız. Çempionluq haqda düşünürsünüz?

- Əvvəl əsas məqsədimiz Premyer Liqada qalmaq idi. Artıq hər oyunda xal qazanmaq və turnir cədvəlində daha yaxşı mövqedə qərarlaşmaq istəyirik. Çempionluq haqda danışmaq tezdir. Qismətimizdə nədirsə, o da olacaq.

- Komandan bu mövsüm Avropa kuboklarına buraxılmaya bilər. Bu, futbolçularda ruh düşkünlüyü yaratmır?

- Yox. Mənim üçün ən yaxşı motivasiya çempionatı ilk beşlikdə bitirməkdir. Əgər UEFA bizi yarışlara buraxmayacaqsa, buna hörmətlə yanaşmalıyıq.

- “Rəvan”la matçda 2 dəfə fərqləndin və aktivindəki qol sayını 6-ya çatdırdın. Bu mövsüm çempionatımızın bombardiri olmaq haqda düşünürsən?

- Əlbəttə, bu yaxşı olardı. Amma mənim üçün daha vacib olan kollektiv şəkildə uğur qazanmaqdır. Qolun kim vurmasının fərqi yoxdur.

- Bəs Premyer Liqamızda bombardirlik yoluna özünə əsas rəqib kimi hansı futbolçunu görürsən?

- Bu yolda əsas rəqibim elə özüməm.

- Qış fasiləsində hansısa Azərbaycan klubundan təklif aldığın haqda məlumatlar yayılmışdı.

- Mən hazırda ”Zirə”dəki karyeram barədə düşünürəm. Dediyiniz məsələ ilə bağlı heç bir məlumatım yoxdur. Bu işlərlə menecerim məşğul olur.