reklam

Türkiyə vətandaşı olmasına baxmayaraq, onu həm də azərbaycanlı kimi qələmə verə bilərik. Artıq 11 ildir ki, ölkəmizdə çalışan və azərbaycanlı xanımla ailə həyatı quran Cəmil bizlərdən biridir...

Onu daha çox stilist Cəmil, usta Cəmil kimi tanıyırlar. Cəmil Özkoç 8 ildən çoxdur ki, Azərbaycan futbolçularının və şou-biznes əhlinin ən çox müraciət etdiyi bərbərlərdəndir.

"Qarabağ”ın tanınmış futbolçularından Ansi Aqolli, Qara Qarayev, İbrahim Şehiç, Muarem Muarem, Reynaldo, "Qəbələ”dən Asif Məmmədov, Ruslan Abışov, "İnter”dən Vüqar Nadirov, millimizin sabiq üzvləri Aqil Nəbiyev, Mahir Şükürov saç düzümlərini ona həvalə edirlər.

"Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov da Cəmilin müştərilərindəndir. Azərbaycanda çalışmış Con Benjamin Toşak, Rasim Kara, Cavat Güler kimi məşhur mütəxəssislərin, eləcə də Manuel Skarlatake, Ahmet Dursun, Oqtay Derelioğlu, Admir Teli kimi futbolçuların da yolu Cəmilin bərbərxanasından keçib.

Axşam.az saytına danışan C.Özkoç futbolçularla ilk tanışlığından bəhs edib: "Mənim yanıma ilk gələn futbolçu Fizuli Məmmədov olub. İndi "Zirə”də çalışan Fizuli çoxdandır ki, görünmür. Ondan sonra çox sayda futbolçu yanıma gəldi. Aqil Nəbiyev futbolçuların mənə müraciət etməsinə xeyli yardımçı oldu. Ölkəmizdən gedişinə ən çox üzüldüyüm oyunçu Admir Telidir. Pul verməklə heç arası olmayan oyunçular siyahısında Alim Qurbanovla Mahir Şükürovu göstərə bilərəm. Onlardan pul almaq əzab-əziyyətdir. Ən əliaçıq oyunçular legionerlərdir. Ən çox pul verən yerli futbolçu isə Vüqar Nadirovdur (gülür). Tez-tez stilini dəyişən oyunçuların siyahısına Ruslan Abışov rəhbərlik edir. Millimizin oyunçusu saç stilinin Ronaldo ilə uzlaşmasını istəyir. Qara Qarayev isə bir az kaprizli olub, saç bəyəndirmək olmur. Əfran İsmayılovun saçını düzəltmək çox çətindir. Onun saçını qırxıram, sonra yuyub quruduram, sonra yenə qırxıram, nəhayət, əmələ gəlir. Müştərilərim arasında heç bir fərq qoymuram, çünki onlar mənim üçün əzizdirlər. Dostluq etdiyim futbolçuların da sayı az deyil. Futbolçuların transferlərini ilk bilən adamlardanam. Komandalardan "Qarabağ” və "Qalatasaray”a azarkeşlik edirəm. Amma digər komandalar avrokuboklarda mübarizə aparanda onların da tərəfdarı oluram”.