reklam

Antalyadan gələn səs

Səxavət Qurbanov

TARIX /

Mən bilən, millinin Qazaxıstanla oyunu üçün "premiya" vədi verilməmişdi. Yəni futboçular qələbə fonunda yalnız azarkeş sevgisini, inamını qazanacaqdı. Ancaq bu qazanc onlara kifayət etmədi. Onlar sözün bütün mənalarında qazanmaq istəyirdilər, məhz buna görə də FIFA reytinqində bizdən aşağıda qərarlaşan Qazaxıstan millisi keçilməz səddə çevirildi. Bir epizodu çıxmaq şərti ilə real qol imkanımız belə olmadı qazaxlar önündə... 

2016-cı ilin ilk oyununda məğlubiyyət qaçılmaz oldu. Qazaxıstan yığması bizimkiləri erkən cəzalandırınca bu cəzanın müddəti matç bitənə kimi davam etdi və nəticədə meydandan boynubükük ayrılmalı olduq.

Bu sırf bir yoldaşlıq matçı idi və şablon səslənsə də nəticə əsas götürülmür. Təbii ki, əsas olan oyun göstərmək, meydanda fərqli nələrsə etmək şərti ilə... Ancaq bu sadalananlardan heç birinin bizimkilərə yaxından-uzaqdan aidiyyəti yoxdu. Ayaq üstə durmağı belə bacara bilməyən futbolçudan sən nə istəyə bilərsən ki? 

Dua hesabına Xorvatiyadan 7-ci, Qazaxıstandan 2-ci qolu buraxmayan Kamran Ağayevdən, topu götürdükdən sonra nə etmək istədiyini bilməyən, boş qapı görüncə 1 metrdən topu Antalyadan İstanbula vuran Cavid Tağıyevdən, qol vurmaqdan başqa hər şey edən hücumçu kimi hücumçu olduğunu iddia edən Ruslan Qurbanovdan, həlledici zərbəni vurmaq istəyib də hər dəfə yerə yıxılan, su polosu idman növünə olan sevgisini tez-tez büruzə verən Əfran İsmayılovdan, həddindən çox driblinq edib başı hərlənib rəqib futbolçuya topu pay edən Araz Abdullayevdən, qapı üzərinə bir dəfə də olsun normal asma edə bilməyən, ancaq aut atmaq üzrə peşəkar olan Arif Daşdəmirovdan, meydana girdiyi 4-5 dəqiqə ərzində rəqib futbolçuya elə bu sayda da zərbə endirən yarımmüdafiəçi Elvin Məmmədovdan nə istəmək olar ki? 

Millinin problemləri kasıb bir azərbaycanlının problemlərindən də çoxdu ki, az deyil. Təsəvvür edin, sizin hücumda Ruslan Qurbanov kimi futbolçunuz var. Hansı ki, Qurbanov axırıncı dəfə qol vuranda dolların kursu 0.78 qəpik idi. Hələ mən Cavid Tağıyevdən tam danışmıram. A kişi, bu adam normal futbol oyunayarkən "Tom" "Cerri"ni tutmağa çalışırdı, hətta bəzi uşaqlar üstündə "Memati", "Polat Əlmədar" olan futbolkalar geyinirdi. 

Problemlər çox, həlli isə demək olar ki, mümkünsüzə çevrilib. Təcili hansısa addımlar atılmasa  DÇ-2018-in seçmə mərhələsində fiasko qaçılmaz olacaq.

Tanrı bizi cəzalandırır. Harada, nə vaxt, necə səhv etmişiksə bu cür futbolçulara azarkeşlik etməli oluruq. Barı bu cəzamızın müəyyən müddəti olsun. Yoxsa vay halımıza...

P.S. Oyunun sonlarına yaxın qazaxların hücumunda 2 dəfə top dirəyə tuş gəldi. Hansı ki, o səsi eşitməmək mümkün deyildi. Bax o dirəyin səsi bizim üçün həyəcan təbili idi.