reklam
"Hər dövrün öz "Ramil Diniyevləri" olur" (SORĞU)

Azərbaycan Premyer Liqasında yeni mövsümə ötən həftə start verildi. ilk dəfə olaraq 8 komanda ilə keçirilən çempiontın ilk turundaca hakim səhvləri göz oxşadı. təkcə AZAL- "Neftçi" matçındakı biabırçı idarəçilik 2016/2017 mövsümünün olduqca qalmaqallı keçəcəyinə bir işarə idi.

İdmanxeber.com saytı qələm əhlinin ilk turla, ümumiyyətlə 8 komandalı çempionatla bağlı fikirlərini öyrəndi:

Elçin Cəlilov (Futbolpress.az): "8 komandalı çempionatda faciə görmürəm. Çünki reallığa qalsa, özünü təmin edə biləcək heç 2 klub yoxdur. Bunların fəaliyyəti üçün maliyyə dolayısıyla dövlət büdcəsindən - yəni vətəndaşın qazancından gedir. Hazırkı durumda nə qədər komanda sayı çox olsa, o qədər məsrəf çox olar. Bu sahə özü-özünü təmin etmir. Niyə komada çoxluğu istəyirlər ki? Qaldı ki hakim məsələsində, burda da əlahiddə, qeyri-adi nəsə görmürəm. Yenə "ramil diniyev" obrazlarından istifadə edirlər. Onların əliylə istədiklərini edirlər. Guya bu qədər hoqqanı edən Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovdu, əslində o, icraedici fiqurdu. Tapşırıqlar ondan yox, onun başı üstündən gedir. Hər dövrün öz "Ramil Diniyevləri" olur. Klublar fəal olmalıdılar. Hakimlərin səhvlərini detallı nümayiş etdirən materiallarla mediada çıxış etməlidilər. AFFA qarşısında məsələ qaldırılmalıdı. Belədə çəkinlərlər çox fırıldaq eləməyə".

Rövən Binnətli (CBC Sport): Turun 4 görüşünün hamısında tərəflərdən biri qalib gəldi. Futbolçular 8 dəfə fərqləndilər ki, bu da hər oyuna orta hesabla 2 qol deməkdir. Ölkə çempionu "Qarabağ"ın mövsümə məğlubiyyətlə başlaması da ilk turun diqqət çəkən məqamlarındadır. Yalnız bir görüşdə - "İnter" - "Qarabağ" oyununda komandaların hər ikisi qol vurdu...

Hakimliklə bağlı. Bu məsələ bizdə xüsusilə qabardılır. Referilərin səhvlərinə, yanlış qərarlar verməsinə tez-tez rast gəlirik. Amma bu, təkcə Azərbaycan futbolunda müşahidə olunan problem deyil. Bizdəki hakim xətalarından daha ciddi yanlışlıqlar dünya, Avropa çempionatlarında, qitəmiqyaslı turnirlərdə, aparıcı ölkələrin milli çempionatlarında müşahidə olunur. Məsələ ilə bağlı yekun olaraq onu deyim ki, bu gün hakim səhvlərinin gündəmdən düşməməsinin əsas səbəbi texnoloji vasitələrdən geniş istifadədir. Müasir texnologiyanın "gözündən" heç nəyin yayınmaması, necə deyərlər, hamını "gözlü" edib - "gözünü açıb" da deyə bilərik".

Saleh Arslan (Korner.az): "İlk tur göstərdi ki, komandaların heç biri hələ mövsümə hazır deyil. Xüsusilə də "Qarabağ"la "Zirə". Ümumiyyətlə, Azərbaycan futbolu, Azərbaycan hakimliyi ilə bağlı danışmağa dəyməz. Olmayan bir şey haqda danışmaq dəlilikdir".

Pərviz Musayev (CBC Sport): "Çempionatla bağlı nəsə bildirmək üçün heç olmasa 3-4 tur gözləmək lazimdir. Hələ tezdir.

İlk turlarda gözlənilməz sayıla bilən nəticələr ola bilər. Amma diger tərəfdən, bizim çempionatda artıq gözlənilməz nəticə anlayışı getdikcə nisbi xarakter alır. Deyəsən bir azdan istənilən nəticəni normal qəbul etməli olacağıq. Limit məsələsini nəzərə alsaq, komandalar arasında seviyyə fərqi elə böyük deyil. Amma bu aldadıcı da ola bilər, odur ki gözləmək lazımdır".

Rəşad Ergün (Komanda.az): İlk turda heç bir oyunu izləmədim. Açığı, bundan sonra da Premyer Liqanın oyunlarını izləməyə can atacağımı düşünmürəm. Bu üzdən, ilk turu dəyərləndirməyim düzgün olmaz. İlk turun bütün oyunları Bakıda keçirildi. Kimlər ki deyir bu, Azərbaycan yox, Bakı çempionatıdı, haqlıdı. Mən İspaniya, İngiltərə, Almaniya çempionatlarının başlamasını gözləyirəm, Azərbaycan Premyer Liqası ilə futbol zövqümü korlamaq istəmirəm.

O ki qaldı hakimlikdəki problemlərə, Ramin Musayev Xaqani Məmmədovun əvəzolunmaz olduğunu demişdi. Amma məncə, Xaqani Məmmədov, elə onu himayə edən Ramin Musayev də çoxdan gedib bacardıqları başqa işlə məşğul olmalı idilər. Problem bi neçə hakimdə, onların yol verdiyi səhvlərdə deyil. Problem Musayev, Məmmədov kimi Azərbaycan futbolunun boğazına keçənlərdədi. Onlar futbolda olduqca, siz də belə sorğulara davam edəcəksiz, problemlər də həllini tapmayacaq".

Seymur Kərimli

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".