Fasilə davam edir: Fürsəti boşa verməyənlər...

Oxunma: 734 TARIX /

Dünya Çempionatının seçmə mərhələsində San Marino ilə qarşılaşacaq Azərbaycan millisinin bu oyunu öncəsi Premyer Liqamızda yaranan fasilə klublarımızın ehtiyat qüvvələrini və “paslanmış” futbolçularını yoxlamaq üçün əla fürsət yaradıb.

İdmanxeber.com-un məlumatına görə, məhz bu səbəbdən də klublarımız güclərini yoxlama matlarında sınamaq qərarına gəlib.Bəzi komandalarımız isə yaxın günlərdə yoxlama matçı keçirəcək.

“Qarabağ” – Son  3 mövsümün çempionu bu gün “Zaqatala” klubu ilə qarşılaşıb. Ağdam klubu oyunda qalib gələn tərəf olub - 5:3.

Reynaldo və Almeyda dublla yadda qalıb. Yeni transfer Dino Ndlovu isə ilk qolunu vurub.

“Qəbələ” – Ukraynaya yollanan Qriqorçukun yetirmələri burada bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırır.

İlk görüşünü  sentyabrın 4-də keçirəcək “Qəbələ”nin rəqibləri hələlik məlum deyil. “Qırmızı-qaralar” sentyabrın 10-da Premyer Liqadakı “Neftçi” ilə matça tam hazır şəkildə qayıtmağın hesablamaların aparır.

“İnter” – Svanadze tələbələrini doğma vətəni olan Gürcüstana aparıb.

Artıq ilk yoxlama matçından üzüağ çıxan “bankirlər”, “Qəbələ”nin Avroliqadakı sabiq rəqibi “Samtredia”nı 2 cavabsız qolla keçdi.

Bu gün isə yerli “Tsxinvali” komandasını paytaxt təmsilçimiz sınağa çəkəcək. Klub sentyabrın 2-si vətənə dönəcək.

“Neftçi” – Son zamanlar çətin günlər keçirən “flaqman” yaranmış fasilədən yararlanaraq özünü toplamağa çalışır. Dünən “Rəvan”la yoxlama oyunu keçirən “ağ-qaralar” gənc oyunçulara üstünlük verilən matçda 2:2 bərabərə qaldı.

“Sumqayıt” – İlk yoxlama matçında minimal hesabla (0:1) AZAL-a məğlub olan “kimyaçılar” ikinci oyununa sabah çıxacaq. Sumqayıtlıların rəqibi “Zirə” olacaq. Görüş 18:00-da başlayacaq.

AZAL –  Bakıda hazırlıqlarını davam etdirən Tərlan Əhmədovun yetirmələri hələlik bir yoxlama oyunu keçirib və komanda yuxarıda qeyd etdiyimiz kimi “Sumqayıt”ı məğlub edib. Yeganə qolu isə yeni transfer  Ruslan Əmircanov vurub.

“Zirə” – Birbirinin ardınca Meza Kolli və Cavid Tağıyev transferlərini gerçəkləşdirən “qartallar” 1-ci divizion klubu “Şərurspor” 4:0 hesabı ilə rahat keçmişdi. Sabah isə komanda Sumqayıtda eyniadlı komandanın qonağı olacaq. Adil Şükürovun futbolçuları bu mövsümdə keçən ilki uğurun təsadüf olmadığını sübut etməyə çalışacaq.

“Kəpəz” – Gəncəlilər isə qüvvəsini Azərbaycanın U-21 millisi ilə yoxladı. Millilərimiz “Kəpəz”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb. Nizami yurdunun təmsilçisinin növbəti rəqibi isə hələlik bilinmir.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".

Seymur Kərimli