reklam
Futbol deyil, komediyadı (ÖZƏL FOTOLAR)

Futbol deyil, komediyadı (ÖZƏL FOTOLAR)

TARIX /

Azərbaycan Birinci divizionunda 2016/2017 mövsümünə start verilib.

İdmanxeber.com-un məlumatına görə,  "İnter Arena"nın 4-cü meydançasında "Bakılı" "Ağsu"nu qonaq edib. Oyunu izləyənlər arasında saytımızın əməkdaşı da olub.

Xəbərdarsınız ki, uzun müddətdir "Bakılı" ev oyunlarını "İnter Arena"nın 4-cü meydançasında keçirir. Ancaq bu meydançanın vəziyyəti isə olduqca bərbad durumdadı. Belə ki, stadionda hazırda təmir gedir. Lakin buna baxmayaraq özünə meydança tapa bilməyən "Bakılı" klubu birtəhər "İnter Arena"nın yardımçı meydançasında oynamaq məcburiyyətində qalıb.

Stadionun təmirli vəziyyətdə olması heç də futbolçuları oyunlarından yayındırmayıb. Hətta künc zərbəsinə yaxın qapı xəttinin əyri olması belə hakimlərin gözündən "qaçıb".

Bundan əlavə stadion ətrafındakı qum topasının meydançanın xəttinin üzərinə töküldüyünü, küləyin də qumu ətrafa səpələdiyini görməmək mümkün deyildi.

O ki qaldı oyunun gedişindəki epizodlara… Mümkün deyil ki, hansısa divizion matçında futbolçunun və ya hakimin söyülmədiyini görməyəsən. Bu dəfə də bu “ənənə” qaçılmaz oldu. “Bakılı” klubunun rəsmisi yuxarıdan “Ə, köpəyoğlu biraz yaxın oyna”, “Ə, ituşağı bir xəttə durun” - deyir, aşağıdan da baş məşqçi göstərişlərini verirdi.

Oyunun ən gülməli məqamı isə yan xətt hakimi Akif Əmrəlinin adı ilə bağlı idi. Təsəvvür edin ki, oyun cəmi 3 topla oynanılırdı. Yəni 1 top meydanda, 2 top da ehtiyatda. Yan xətt hakiminin yanında olan ehtiyat topu kənarda oyunu seyr edən azyaşlı uşaq ən azı 10-15 dəfə götürməyə çalışsa da bu cəhdləri uğursuz alınırdı. “Əmi, olar topu götürüm?” - kəlməsi ilə hər dəfəsində Akif Əmrəliyə müraciət edən uşağa hakim “Əl vurma, ay uşaq” deyib qışqıraraq təpki verirdi. Hakim bilmirdi oyuna nəzər yetirisin, ya uşağın topu götürüb qaçmamasına.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".