reklam
Heçnəsiz tur (LAYİHƏ)

Heçnəsiz tur (LAYİHƏ)

TARIX /

Azərbaycan Premyer Liqasında 8-ci tur da geridə qaldı. Baş tutan 4 matçda qapılara 8 qol vuruldu ki, bu da hər oyuna 2 qol deməkdi.

Turun ən çox qol vurulan oyunu...

Son çempion "Qarabağ" istər Avropa Liqasında, istərsə də daxili çempionatdakı oyunlarında sanki istədiyi futbolu ortaya qoya bilmirdi. Təbii ki, "Sumqayıt"la oyunda 3 xalı gətirən 3 qol da hər şeyin ən yaxşı şəkildə olması anlamına gəlmir. Hər halda "kimyaçılar"ın ilk hissənin son dəqiqələrdinə kimi yaxşı mübarizə aparıb, nəticəni qorumaq arzusu ani boşluqdan gələn qolla puç oldu. "Köhlən atlar" bundan sonra rəqibin çaş-baş müdafiəsindən müksimum istifadə edərək novbəti qolu vurdu. Ndlovunun oyuna əlavə olunmuş dəqiqələrində vurduğu qol isə matça bir başqa gözəllik qatdı. 

Hərəyə 1 qol, 1 xal

Turun mərkəzi görüşü həm də 8-ci turun açılış oyunu idi. Çempionluqa iddialı "İnter" öz meydanında lider "Qəbələ"ni qəbul etdi. "Bankirlər"in üstünlüyü şəraitində keçən oyunda Qriqorçukun yetirmələri 1 xalı güclə də olsa əldə edə bildi. 

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ"nin ortaya qoyduğu futbol isə heç də liderə yaraşan oyun deyildi. Düzdü, burada meydan amilini də ön plana çəkmək olar. Hər halda təbii meydançada top qovan futbolçuların süni meydanda istədiyi futbolu ortaya qoymamalarını normal qarşılamaq olar. Hər halda ölkə futbolunun baş bəlası olan süni meydança amili avrokuboklarda çıxış edən "Qəbələ"nin iki aparıcı üzvünün sıradan çıxması ilə nəticələndi.

"Neftçi"nin ürəyi Zirənin küləyinə dözmədi

Ölkənin ən populyar klublarından olan "Neftçi" aşağı sıralarda möhkəmlənməkdə davam edir. Hər ötən turdan sonra paytaxt klubunun azarkeşlərinin əsəbləri tarma çəkilir desək yanılmarıq. "Ağ-qaralar" bu tur Zirədə eyni adlı klub qarşısında ortaya qoyduğu futbolun bir adı var idi -  BİABIRÇILIQ! Mövsümə heç də istədiyi kimi start götürməyən Adil Şükürovun yetirmələri "Neftçi"nin sınıx-salxaq durumundan maksimum yararlanaraq, qonaqları məğlub etdi. 

Gəncəyə 3 xalla...

"Kəpəz" Şüvəlanda autsayder AZAL-ı Ebahın son dəqiqələrdə vurduğu qolla məyus edib, 3 xalı Gəncəyə apardı. Hərçənd Şahin Diniyevin komandasının bu oyunda belə çətinliklə qarşılaşacağı gözlənilmirdi. 8 turda nəinki qələbə qazanmayan, hətta qol vurmağı unudan "təyyarəçilər"in Tərlan Əhmədovun postunda bərkiməsi üçün xal qazanmaq istəyi sadəcə 83-cü dəqiqəyə kimi davam etdi. Şüvəlanda səhnəyə çıxan Ebah bu planın da baş tutmasına imkan vermədi.

Tur ümumilikdə qeyri-adi heç nə ilə diqqət mərkəzinə düşmədi. Baş tutan oyunlarda favorit göstərilən komandalar qələbə qazanmaqla xal ehtiyatını artırdı. Hətta bu tur turnir cədvəlində də heç bir dəyişikliyə səbəb olmadı.

Fariz Əkbərov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"