reklam
Rəşad Sadıqov: "Əsl yükü çiynimizə indi aldıq"

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov PAOK-la oyunda sonra jurnalistlərin suallarını cavablandırıb. 

İdmanxeber.com sizi müsahibə ilə tanış edir:

- Bu qələbə ilə yükün böyük hissəsini çiyninizdən atdınız?

- Əksinə, əsl yükü çiynimizə indi aldıq. Artıq şanslar bərabərləşdi. Növbəti oyunda PAOK-la səfərdə qarşılaşacağıq. Soyuqqanlı qalıb, növbəti oyunlara hazırlaşmalıyıq.

- İlk 15 dəqiqədə bir qədər inamsız görünürdünüz. Bu nədən irəli gəlirdi?

- Aydın məsələdir ki, oyuna hazır deyildim. Komanda ilə birgə cəmi 1 gün məşq etmişdim. Heyətdə itkilərimiz var idi. Buna görə də Qurban müəllim oynamağımı istədi. Mən də əlimdən gələni etdim. 7-8 gün məşq etmirdim. Bilirdim hazır deyildim. Çox şükür ki, hər şey yaxşı qurtardı. 

- Fasilədən sonra PAOK-un bir qədər zəif təsir bağışlamasının səbəbini nədə görürsüz?

- Rəqib ilk hissədə dəhşət pressinq tətbiq edirdi. Müdafiədən çıxmağımız alınmırdı. İkinci hissədə oyunumuz daha yaxşı alındı. Səbəbini bilmirəm. Bəlkə də PAOK yorulmuşdu və əvvəlki kimi pressinq edə bilmirdi. Əsas odur ki, qol buraxmadan qələbə qazandıq. Sonda şəxsi oyunlarda bu nəticə bizə kömək ola bilər. 

- Səfər matçından nə gözləmək olar?

- PAOK evdə fərqli oynayacaq. Onlar azarkeşləri önündə çıxış edəcəklər. Güclü dəstəyə arxalanacaqlar. Çox vacib oyuna çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, səfərdə sərfəli nəticə qazanaq. 

- Həftəsonu PAOK çempionatda “Olimpiacos”la görüşəcək. Həmin oyunu izləmək fikriniz var?

- İmkan olsa izləyəcəyəm. Amma bizim də derbi oyunumuz var. Artıq diqqətimizi “Neftçi” ilə oyuna yönəltməliyik. Əsas öz oyunumuzdur. 

- “Olimpiakos”un qələbəsi üçün dua edəcəksiniz?

- Xeyirlisi nədirsə, o da olsun. 

- “Qarabağ”ın top itkiləri nədən irəli gəlirdi?

- Rəqib bizi yaxşı analiz edə bilmişdi. Topla oynamağımıza imkan vermirdilər. Buna görə risk etmirdik ki, rəqib bizi əks hücumlarda yaxalamasın. Uzun ötürmələrdən istifadə edirdik. Top itkisi hamımızda olurdu. Bu da normal haldı. 

- Oyuna bu qədər azarkeşin gələcəyini gözləyirdiniz?

- Gözləyirdim. Fürsətdən istifadə edib fanatlara minnətdarlığımı bildirirəm. Dünən deyirdilər ki, cəmi 7-8 min bilet satılıb. Lakin mən azarkeşlərin bizi yalnız qoymayacaqlarına inanırdım. Onlar hər zaman yanımızda olublar. 

- Qazonun vəziyyəti necə idi?

- “Göteborq”la oyunla müqayisədə yaxşı idi.