reklam
“Futbolçu meydana girən pişiyə də toxuna bilməz” - Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev apasport.az saytına müsahibə verib. 

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

- Premyer Liqanın IX turunda keçirilən “Neftçi” – “Qarabağ” (0:2) matçının son dəqiqələrində baş verən xoşagəlməz hadisənin görüntülərini yəqin ki, izləmisiniz.“Neftçi”nin futbolçusu Katalin Tiranın meydana daxil olan azarkeşi vurmasına nə ad vermək olar?

 

- Hər iki şəxsin hərəkəti düzgün deyil. Nə “Neftçi” azarkeşinin, nə də futbolçusunun. Dünyanın hər yerində azarkeş stadiona daxil ola bilər və hər yerdə bu hal baş verir. Azarkeş olmasın, hər hansı bir canlı meydançaya daxil olursa, heç bir futbolçunun ona toxunmağa ixtiyarı yoxdu. Həmin oyunçu əgər Avropadan gəlibsə, peşəkar futbolçudusa, o hərəkəti etməməlidi. Edibsə, cəzasını alacaq.
 
- Tira şəxsi hesabında yazıb ki, elə bildim, “Qarabağ”ın azarkeşidi. Həmin şəxs “Qarabağ”ın fanatı olsaydı belə, futbolçunun bu hərəkətə əl atması qəbuledilməz deyilmi?

 

 

- Əlbəttə, qəbuledilməzdi. Hansı klubun azarkeşi olur-olsun, fərqi yoxdu. Üzr istəyirəm, hətta orda pişik də olsaydı, futbolçunun ona toxunmağa ixtiyarı yoxdu. Həmin oyunçu dərhal qırmızı vərəqə ilə cəzalandırılmalıdı, hakim də düzgün qərar qəbul etdi. O futbolçunun peşəkar olmasına mən artıq şübhə ilə yanaşıram. Peşəkar futbolçu bu hərəkətə yol verməməli idi.
 
- Başqa ölkədən gəlib yerli azarkeşi vuran bir futbolçunu burda saxlamaq nə dərəcədə doğru olar?

 

 

- Gəlin, bunu siyasiləşdirməyək. Lap olsun yerli futbolçu. Onun peşəkarlığı, dünya görüşü olsaydı, azarkeşlə bu cür davranmazdı. Azarkeş oyuna baxmaq üçün stadiona gəlir. Mən ona bəraət qazandırmıram. Ancaq o, artıq öz səhv addımını atdı. Həmin səhvin qarşısında futbolçunun da səhv addım atması qarşı tərəfin qeyri-peşəkarlığından xəbər verir. Düzgün hərəkət deyil.
 
- Hadisə polis əməkdaşının gözü qarşısında baş verdi. Polislər həmin hərəkətə görə, Tira ilə bağlı yerindəcə hansısa tədbir görə bilərdimi?

 

 

- Dünya praktikasında belədi ki, əgər ciddi xətər olmursa, hüquq-mühafizə orqanları futbolçunu heç vaxt dəvət etmirlər, sorğu-sual aparmırlar. Hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyinin əməkdaşları orda idilər. Əgər ciddi xətər yetirilsəydi, onlar futbolçunu yüz faiz çağırardılar.
 
- Premyer Liqanın III turunda “Qəbələ” – “Sumqayıt” matçında azarkeş meydana daxil olmuşdu və bu hal dünən də təkrarlandı. Bütün bunlar stadionlarda təhlükəsizliyin lazımınca təmin olunmamasından xəbər vermirmi?

 

- Təsəvvür edin ki, futbolda son dəqiqələrdi, hamı diqqətlə oyunu izləyir. Fikir verdinizsə, “Qəbələ”nin oyununda azarkeşin əynində futbolçunun üst geyiminin başqa rəngi, qırmızı idi. Bəlkə də, hüquq-mühafizə orqanlarının əməkdaşları elə bilib ki, o, “Qəbələ”nin işçilərindəndi. “Neftçi”nin dünənki qarşılaşmasında da istisna olmadı. Bu üzdən elə bir diqqət cəlb etmirdi. Ola bilsin ki, azarkeşi səhv salıblar. Sadəcə, ani epizoddu. Dünyanın hər yerində olur. Bunu hüquq-mühafizə orqanlarının ayağına yazmayaq.