reklam

Qışda daha bir futbolçumuz ölkəni tərk edəcək. “Neftçi”nin kapitanı Araz Abdullayev karyerasını Portuqaliya elitasında davam etdirəcək.

İdmanxeber.com xəbər verir ki, bununla bağlı ilkin razılıq alınıb. Millimizin yarımmüdafiəçisi çempionatlarda ilk yarı bitən kimi yeni klubuna qoşulacaq. Yayda Rumıniyaya gedişi son anda alınmayan Arazın ölkəni tərk etməsi üçün heç bir əngəl yoxdu. 

Bu keçid də AFFA-nın sayəsində baş tutacaq. Kamran Ağayevlə Emin Mahmudovun “Boavişta”da yerləşdirilməsində rol oynayan qurum daha bir milli üzvünü legionerə çevirəcək. Yığma üzvlərinin ölkə kənarında oynamasını prioritet seçən AFFA adı gizli saxlanılan klubla razılıq əldə edib. Milli komandaların meneceri Riad Rəfiyev Arazın məsələsində əsas vasitəçidi. Abdullayevin hansı şərtlərlə “Neftçi”dən ayrılacağı dəqiqləşməyib, lakin heyəti bütünlüklə yeniləmək istəyən Bakı klubu, güman ki, bu transferə əngəl olmayacaq. 

AFFA əlaqələrindən istifadə edərək, daha bir oyunçunu da ölkə xaricinə göndərmək istəyir. Cavid İmamverdiyevin də qışda “Neftçi”dən ayrılacağı dəqiqdi. Lakin onun hara göndəriləcəyi hələ bilinmir. (futbolinfo)

Xatırladaq ki, həm Araz, həm də Cavid vaxtilə ölkə xaricində oynayıb. İngiltərə “Everton”u ilə müqavilə bağlayan Abdullayev Yunanıstanda, İmamverdiyev isə Türkiyədə çıxış edib. (Futbolinfo)