reklam
AFFA yanında Media Komitəsindən rəsmi məlumat

AFFA yanında Media Komitəsi futbol üzrə Azərbaycan yığma komandasını və nümayəndə heyətini Belfastdan Bakıya gətirən "Boeing 787 Dreamliner" təyyarəsinin yubanması ilə bağlı rəsmi məlumat yayıb. 

İdmanxeber.com-un məlumatına görə, bununla əlaqədar qurumun "Facebook" sosial şəbəkəsindəki səhifəsində geniş məlumat yerləşdirilib. 

Bildirilir ki, dünən Bakı vaxtı ilə saat 19:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edən təyyarə əslində, Bakıya bir neçə saat tez çatmalı idi. Lakin yaranan texniki nasazlıq üzündən təyyarə Belfastdan nəzərdə tutulan vaxtda uça bilməmişdi. AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski mətbuata verdiyi açıqlamada bunu təsdiq etmişdi. P.Kəsəmənski daha sonra problemin aradan qaldırıldığını və Bakı vaxtı ilə saat 13:00-da təyyarənin havaya qalxacağını bildirmişdi. Bununla belə, "Facebook" sosial şəbəkəsində istifadəçilərin birinin təyyarənin gecikməsi ilə bağlı statusuna cavab verən Paşa Kəsəmənski nasazlığı bir daha etiraf etməksə yanaşı, reysin 8 saat təxirə salınmasının günahını sərnişinlərin adına yazıb. O, təyyarənin mühərrikləri işə salınanda texniki nasazlıq üzə çıxdığını və prosedur qaydalara görə, sistemin yenidən işə salınmalı olduğunu bildirib. Bu isə müəyyən qədər vaxt itkisi deməkdir. İkinci cəhddə nasazlığın olmadığı məlum olub. P.Kəsəmənskinin sözlərinə görə, bundan sonra təyyarə uçmağa hazır olub. Lakin sərnişinlər hərəsi bir yerə dağılışdığına görə uçuş Bakı vaxtı ilə saat 13:00-a təyin olunub.

Əslində, Belfastda nə baş vermişdi, təyyarənin gecikməsinə səbəbkar həqiqətən sərnişinlər olublar? AFFA yanında Media Komitəsinin xətti ilə Şimali İrlandiyanın paytaxtına yollanan MK-nın İdarə Heyətinin üzvü İlqar Tağıyevin məlumatına görə, təyyarənin gecikməsində sərnişinlərin zərrə qədər də günahı olmayıb: "Hələ oyun başlamamışdan əvvəl bizə məlumat verilmişdi ki, uçuş saat 1-də olacaq. Aeroporta vaxtında gəlib, qeydiyyatdan keçdik. Təyyarənin havaya qalxmasına haradasa yarım saat qalmış hamı uçuş qapısının qarşısında idi. Lakin az sonra bizə xəbər verildi ki, təyyarədə texniki nasazlıq yaranıb və uçuş təxirə salınır. Hətta bizi gətirmək üçün Bakıdan başqa təyyarə göndəriləcəyi də deyildi. Aeroportda nə qədər qalacağımızı bilmirdik və AFFA rəhbərliyi hamını hava limanının yaxınlığındakı "Maldron" otelinə yerləşdirdi. Təxminən 6-7 saatdan sonra təyyarədəki nasazlığın aradan qalxdığı xəbəri gəldi. 7-8 saat müddətində hamı bir nəfər kimi oteldə olub. Otelə hava limanı arasında məsafə 2-3 dəqiqəlikdir. Kiminsə reysə gecikməsi xəbəri yalandır. Bundan başqa, təyyarəmiz nəzərdə tutulduğu kimi havaya saat 1-də qalxmadı. Sərnişinlərin yerlərini vaxtında tutmalarına rəğmən yenə də haradasa 20-30 dəqiqə gecikmə oldu". 

Yeri gəlmişkən, P.Kəsəmənski statusa cavabında hadisə ilə bağlı mətbuata açıqlama verdiyini və vəziyyətə aydınlıq gətirdiyini bildirib. Bundan başqa o, insanları daha çox AZAL-ın rəsmi "Facebook" səhifəsi vasitəsilə məlumatlandırdıqlarını da söyləyib. Həmin səhifədə isə təyyarənin gecikməsi ilə bağlı hansısa xəbər yer almayıb. Üstəlik, noyabrın 8-də "Boeing 787 Dreamliner" Belfasta sağ-salamat eniş etməsi ilə bağlı xəbər və şəkillər 3 gün sonra, yəni, noyabrın 11-i saat 9:48-də səhifəyə yerləşdirilib.