reklam
Qurbanov: "... ürəyimdə “Neftçi”yə qarşı kin qalıb"

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Kəpəz” doğma meydanda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.


Matçdan sonra Gəncə klubunun futbolçusu Nicat Qurbanov idmanxeber.com saytının əməkdaşının  suallarını cavablandırıb.


-    Oyun haqqında fikirlərini bilmək maraqlı olardı...
-    Gördüyünüz kimi oyun çox ağır keçdi. Bizim əsas məqsədimiz qələbə qazanmaq idi. Şükürlər olsun ki, bu gün qalib gəldik. Uzun müddət idi ki, öz meydanımızda qalib gələ bilmirdik. Amma bu gün bu uğursuz seriyanı qıra bildik. Növbəti oyunlarda da qələbə qazanmağa çalışacağıq. 


-    Nicat, keçmiş komandana qarşı oynadın. Nə hisslər keçirirdin?
-    Sabiq komandam olmasına baxmayaraq, “Neftçi” elə “Neftçi”di. “Neftçi”nin bugünkü halı istənilən futbol azarkeşini və futbolçunu üzür. Bu gün həm sabiq komanda, həm də “Neftçi” olması bizi oyuna motivasiya edir. 


-    “Neftçi”də əsas heyətdə yer ala bilmirdin. Bu gün meydanda sanki özünü “Neftçi”yə sübut etməyə çalışırdın...
-    Hər oyunda özümüzü doğrultmağa çalışırıq. Bizim üçün əsas olan nəticədir. Bu gün də biz lazımi nəticəni qazandıq. Deməzdim ki, ürəyimdə “Neftçi”yə qarşı kin qalıb. Bu, futboldur. Bu gün buradayamsa, sabah başqa klubda ola bilərəm. 


-    Belə rahat qələbə qazanacağınızı düşünürdünmü?
-    Deməzdim ki, rahat qələbə oldu. Biz bu oyunda qələbə qazanmağa daha istəkli idik. Rahatlıqdan söhbət belə gedə bilməz. Azərbaycan çempionatında rahat oyun yoxdu. Hər oyunun öz önəmi var. 


-    Stadionun ot örtüyü oynamağınıza mane olurdumu?
-    Əlbəttə! Ot örtüyü rahat top qəbul etməyimizə, zərbələr endirməyimizə və rahat qaçmağımıza mane olurdu. 


-    “Kəpəz” bu gün tam gücünü göstərə bildi? 
-    Fikrimcə, bu sualın cavabını baş məşqçi daha yaxşı bilər. Çünki futbolçular meydanda baş məşqçinin tapşırıqlarını yerinə yetirir. Hansı səviyyədə oynadığımızı məşqçi bilir.


-    Komandada motivasiyanın aşağı olmasının səbəbi nədi?
-    Yəqin ki, Avroliqadakı uğursuzluğumuz motivasiyamıza az da olsa təsir edib. Şükür ki, toparlana bilmişik. “Qarabağ”la oyunda da yaxşı oynadıq. Həmin oyunun davamını indi gətirdik. Düşünürəm ki, bundan sonra da növbəti qələbələrimizi qazanacağıq. 


-    Dario Federiko zədəli olmasa da bu gün meydana çıxmadı...
-    Yox, bildiyimə görə, Dario həkim müayinəsindən keçib. Ayağında zədə olduğu üçün bu gün meydana çıxmadı.