reklam
Şəhriyar Rəhimov: "Üzərimizdə çoxlu təzyiqlər var idi"

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində “Kəpəz” doğma meydanda “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

 

Matçdan sonra Gəncə klubunun futbolçusu Şəhriyar Rəhimov idmanxeber.com saytının əməkdaşının  suallarını cavablandırıb.

 

-    Uzun müddət idi ki, komandamız qələbə qazana bilmirdi. Bu səbəbdən üzərimizdə çoxlu təzyiqlər var idi. Qələb bizə çox vacib idi. Doğma azarkeşlər qarşısında oynadığımız üçün qələbə qazanmaq istəyirdik. Həm turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq, həm də özümüzə inamı qaytarmaq üçün bu qələbə bizə çox lazım idi. Şükür ki, yaxşı oynayıb qalib gələ bildik.

 

-    Stadionun ot örtüyü çox bərbad vəziyyətdə idi. Bu, sizin oynamağınıza nə dərəcədə mane olurdu?

-    Düzdü, ot örtüyü bərbad vəziyyətdədi. Amma bu, bizim stadionumuzdu və biz bunu qəbul etməliyik, gileylənməyin mənası yoxdu. Belə ot örtüyündə həm də “Neftçi” üçün çətin idi. Amma bu gün bu problemlərə baxmayaraq, hansı komanda daha istəkli olardısa, o da qələbə qazanacağdı.

 

-    Məşqləri Gəncədə deyil, Bakıda keçirsiz. Bu, sizin oyununuza təsir edirmi?

-    Biz daim Gəncədə qalıb, bu stadionda məşqlər keçə bilmərik. Söz yox, burada qalmağımız daha yaxşı olardı, amma bütün məşqlərimizi bu stadionda keçsək ot örtüyü daha da pisləşər. Burada əlavə meydança olmadığına görə məşqlərimizi Bakıda keçiririk.

 

-    Belə asan qələbə qazanacağınızı düşünürdün?

-    Deməzdim ki, rahat qələbə qazandıq. Erkən qol bizə çox lazım idi. Bu, bizim daha rahat oynamağımıza şərait yaradacaqdı və belə də oldu.

 

-    13 turdan sonra komandanız 15 xal toplaya bilib. Komandadakı qeyri stabilliyi nə ilə əlaqələndirmək olar?

-    Düşünürəm ki, biz heç bir oynu pis oynamamışıq. Bir çox oyunlarda güclü çıxış etmişik, epizodlar yaratmışıq, amma son nöqtəni qoymaqda problem yaşamışıq. Bu oyunda qalib gəlmək bizə çox vacib idi. Buna görə var gücümüzlə mübarizə apardıq. Qarşıda “Qəbələ” ilə ev oyunumuz var. Çalışacağıq ki, həmin oyundan da maksimum nəticə ilə ayrılaq.

 

-    Bildiyin kimi,  adaşın Şəhriyar Xəlilov dünyasını dəyişib. Bu xəbər sənə necə təsir etdi?

-    Oyundan öncə Tural Rzayev bizə bu barədə xəbər vermişdi. Çox pis oldum. Çünki onunla kiçik yaşlarımızda da futbol oynamışdıq və o vaxtdan dost idik. Bu, mənə çox pis təsir etdi. Təsəvvür edin, uşaqlıqdan tanıdığınız bir insan bu gün dünyada yoxdu. Ailəsinə baş sağlığı və səbr diləyirəm.