reklam
Cavid İmamverdiyev: "Qol buraxmağa, uduzmağa öyrəşmişik" - MÜSAHİBƏ

Ölkə kubokunun 1/8 final mərhələsində “Şərurspor”la qarşılaşan və qələbə qazanaraq mərhələ adlayan “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

- Belə asan qələbə qazanmağınız sizin üçün sürpriz olmadı?

- Deməzdim asan qələbə qazandıq. Arxayın çıxsaydıq, bizim üçün çətin olacaqdı. Əslində, hesab 5:0 olmalı idi, amma buna da şükür.

- I Divizion təmsilçisi ilə oyunda boşluqlar verdiniz. Bu, zəif rəqiblə oyun üçün çox deyil?

- Futboldu, hər şey ola bilər. Boşluqlar qol vurduqdan sonra yaranan “boşalma”nın nəticəsidi. Üstəlik, fikirləşirsən ki rəqib də I divizion komandasıdı, istər-istəməz arxayınlaşırsan, nəticədə qapımız qarşısında təhlükəli anlar yaşandı. Ümumi götürdükdə, yaxşı oynadığımızı düşünürəm.

- 1/4 finalda hansı komanda ilə qarşılaşmaq istərdiniz?

- Fərqi yoxdu.

- Necə fərqi yoxdu? “Zirə”ni uda bilmirsiz axı...

- Bu fikirlə razılaşmıram. Düzdü, “Zirə” güclənib. “Turan”la oynamaq daha münasib olardı, ancaq “Zirə” onları məğlub edəcək.

- Azarkeşlər komandanın kapitanı olan Araz Abdullayevi tez-tez təhqir edirdilər. Buna münasibətiniz necədi?

- Söyüş söydüklərini eşitmədim. Əlbəttə, ediblərsə, yaxşı hal deyil, futbolçuya pis təsir edir onların belə hərəkəti. Digər yandan azarkeşləri də qınamaq olmur. Onların dediyi söz təkcə Araza deyil, komandaya ünvanlanır. Araza, Rəhmana deyilən sözləri özümə də götürürəm. Azarkeş haqlıdırlar, bir söz demək olmaz.

- Mövsümün gedişində baş məşqçi dəyişdi, yeni futbolçular cəlb edildi. Amma “Neftçi”nin oyunu, nəticələri düzəlmir ki, düzəlmir. Niyəsini bilirsinizmi?

- Açığı, səbəbini özümüz də bilmirik. Bugünkü oyunda 3-4 epizodum oldu, vura bilmədim, əsəbləşdim. Oyun zamanı qol epizodu yaradırıq, istifadə edə bilmirik. Əvəzində müdafiədə çox boşluqlar veririk. Görünür, qol buraxmağa, uduzmağa öyrəşmişik. Bu da çox pis vərdişdi. Qışda hər şey düzələcək, yəqin yeni futbolçular gələcək.

- Hazırkı futbolçular komandanı “dartacaq” səviyyədə deyillər?

- Özümü də bura qatıram. Çox bərbad çıxış edirik, komandanın adına yaraşan futbol oynamırıq. Heç vaxt “Neftçi”ni son iki ildəki kimi görməmişdim. Komandamızın yaxşı oynaması, özünə gəlməsi üçün mən də formamı təhvil verib getməyə hazıram. Əsas olan “xalq komandası”nın uğur qazanması, azarkeşlərini sevindirməsidi. (Apasport.az)