reklam
Qara Qarayev: "Bu matç mənim üçün ən vacib qarşılaşmalardan biridi" - MÜSAHİBƏ

Azərbaycan kubokun 1/8 final mərhələsində "Qarabağ” "Səbail”i 5:0 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra Ağdam klubunun futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb:  

- Bu oyun bizim üçün məşq deyildi. Bizim üçün çox düşündürücü matçlardan biri oldu. "Səbail” ilk hissənin əvvəlində bizə çox çətinlik yaratdı. Kuboka səhvsiz başlamaq istəyirdik. Həqiqətən 1 matçdan ibarət olan kubok oyunlara hazırlaşmaq çətindi. Belə oyunlarda ediləcək bir səhvlə kubokdan ola bilərsən. Bildiyimə görə, "Qəbələ” "Zaqatala”nı çətinliklə məğlub edə bilib. Həqiqətən də, birinci divizion komandaları Premyer Liqa komandalarına "diş” göstərmək istəyir. Bugünkü tapşırıqdan üzüağ çıxdıq. Növbəti oyunlara ciddi hazırlaşmalıyıq.  

- Kubokun 1/8 final mərhələsi göstərsdi ki, Premyer Liqa və divizion klubları arasındakı səviyyə fərqi çox böyükdü. Yəqin ki, bunu meydanda hiss etdiniz...

- Sözsüz. Reallıq budur. Düşünürəm ki, hər şey maddi vəziyyətlə, strukturla bağlıdı. Ümid edirəm ki, "Səbail” Premyer Liqaya vəsiqə qazanacaq və yaxşı nəticələr etməyə nail olacaq.

- "Qəbələ” ilə oyundan sonrakı gərginliyi üzərinizdən ata bilmisiniz?

- Bizim işimiz stress, gərginlik fikirləşmək deyil.  Belə xoşagəlməz hal yaşandı və bununla lazımi şəxslər maraqlanır. Bizim işimiz meydana çıxmaq, öz oyunumuzu oynamaqdı. Kaş, belə hadisə olmayaydı. Olubsa da, biz yalnız qarşıdakı oyunları düşünürük.

- "Qarabağ” və "Qəbələ” komandaları arasında yaxşı münasibət var. Ötən həftə baş verən hadisələrdən sonra klublar arasında soyuqluq yaranacağını düşünmürsən?

- Bizim "Qəbələ” futbolçuları ilə hər-hansı mübahisəmiz yaşanmayıb. "Qəbələ” və "Qarabağ” arasındakı münasibətlər hakim səhvlərinə görə dəyişə bilməz. Əvvəlki oyunlarda bizə qarşı da qərəzlər olub. İnanmıram ki, bundan sonra qərəz olsun. "Qəbələ” və "Qarabağ” arasında yalnız rəqabət ola bilər.

- "Fiorentina” ilə oyun haqda nə düşünürsən?

- Bilirsiniz ki, şansımız son tura qalıb. Azarkeşlərimiz bizdən çox şey tələb edirlər. Məsuliyyət də var. Bütün bunlar bizə təsirsiz ötüşmür. Oyuna çox rahat çıxmalıyıq. Şansımız var. Bu matç mənim üçün ən vacib qarşılaşmalardan biridi. Ancaq qəbul etmək lazımdı ki, "Fiorentina” "hədiyyə” komanda deyil. Mübarizə aparmalıyıq. Azarkeşlərimizdən böyük dəstək gözləyirəm.

- Maksimlə Miçelin "Fiorentina” ilə matçda oynamayacağı dəqiqləşib. Çətin olmayacaq?

- Sözsüz ki, problemsiz ötüşməyəcək. Ancaq "Qarabağ” böyük komandadı. Onları əvəzləyəcək futbolçularımız var. Hamılıqda "Fiorentina” ilə oyunda qələbə qazanmağa çalışacağıq. (futbol11.az)