reklam
Asif Məmmədov: "Bu, özümə də pis təsir etmişdi"

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda AZAL üzərində 1:0 hesablı qələbə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar”a qələbə gətirən qolun müəllifi Asif Məmmədov görüş haqda fikirlərini klubun saytına açıqlayıb:

“Oyun çox çətin alındı. Öncədən də ağır qarşılaşma olacağını bildiyimizdən, matça ciddi hazırlaşmışdıq. İlk oyunda qazandığımız üstünlük minimal olduğundan cavab görüşü həlledici xarakter daşıyırdı. Buna görə matça hazırlığımız yüksək səviyyədə idi. Baş məşqçimiz də vacib tapşırıqları vermişdi. 4-cü dəfə qarşılaşdığımız AZAL bütün oyunlardakı kimi bu dəfə də yaxşı nəticə üçün mübarizə apardı. Amma çətin də olsa, qələbə qazandıq. İlin son qarşılaşması idi. Belə oyunlar həmişə ağır alınır. Çünki hər bir komanda fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaq istəyir və bütün qüvvəsi ilə mübarizə aparır.  Sevinirəm ki, qalib gəlib, ili qələbəylə bitirdik. Düşünürəm ki, daha istəkli olmağımız sayəsində qələbə qazandıq”.

“Qəbələ”nin heyətində 9-cu qolu vuran Məmmədov bunun həm qələbə baxımından, həm şəxsi mənada mühümlüyünü qeyd edib: “Ötən oyunda çox əlverişli qol imkanını qaçırmışdım. Bu, özümə də pis təsir etmişdi. Ona görə də indi qol vurmağım çox yaxşı oldu. Həm özünəinamı artırmaq baxımından, həm də qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq üçün bu qol lazım idi. İndi çalışıb, bunun davamını gətirməliyəm. Ən əsası isə bu qol komandamıza qələbə qazandırdı. Təbii ki, komandanın uğuru ən önəmlisidir”.

A.Məmmədov görüşdə qaçırılan qol imkanlarından, bunun son matçları əhatə etməsinə də toxunub: “AZAL-la matçda mənim də, komanda yoldaşlarımın da qaçırdığı imkanlar da oldu. Son vaxtlar həqiqətən də xeyli sayda qol epizodlarını boşa veririk. Bütün bunlara baxmayaraq, kifayət qədər məhsuldar da çıxış edirik. Premyer Liqada da ən çox qol vuran komandayıq. Məncə qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur. Hesab edirəm ki, bu da yorğunluqla bağlıdır. İlin sonudur və nəzərə almaq lazımdır ki, mövsümün 5-6 ayı ərzində 31 oyun keçirmişik. Heç əksər aparıcı futbol ölkələrində rəqəm belə yüksək deyil.  Bu üzdən yorğunluq başadüşüləndir. Baş məşqçimiz də bu iradı bizə bildirir. Ümid edirəm ki, qış fasiləsində bunun üzərində çalışıb, çatışmazlığı aradan qaldırarıq”.

2016-cı ildə son matçını keçirən “qırmızı-qaralar”ın yarımmüdafiəçisi başa çatmaqda olan ili dəyərləndirib: “2016-cı il bizim üçün çox gözəl alındı. UEFA Avropa Liqasının qrupunda oynadıq. Daxili yarışlarda – çempionat və kubokda da çıxışımızı uğurla davam etdiririk. Bu üzdən başa çatmaqda olan ili həm özüm, həm komanda üçün uğurlu hesab edirəm. İlin ikinci yarısı bizim ağır və yaxşı alındı. Ağır olması oyun sayının çoxluğu ilə bağlıdır. İnanıram ki, qarşıdakı il də belə uğurlar baxımından daha zəngin olacaq”.