reklam
Zaur Ramazanov: "Yaxşı olardı ki, orxankimilər ağzının qatığını dağıtmayaydı"

Ağabala Ramazanovun qardaşı və agenti Zaur Ramazanov maraqlı açıqlaması ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, veteran futbolçu “Futbol”+ qəzetinə açıqlamasında “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadənin Ağabala haqda səsləndirdiyi ittihamlara cavab verib.

“Neftçi” və “Qarabağ”dan mənimlə əlaqə saxladılar. Qardaşımla söhbət etdim. Ağabala “Qarabağ”da oynamaq istədiyini dedi. Qardaşım nə edib ki, “Neftçi”nin icraçı-direktoru Orxan Hüseynzadə belə açıqlama verib? Yaxşı olardı ki, orxankimilər ağzının qatığını dağıtmayaydı. Ağabala “Neftçi”də olanda Orxan kim idi? Mən o adda adam tanımıram. Sözü varsa, mənə zəng vurub deyərdi. Bu gün balaca uşaqdan da soruşsan, “Qarabağ”da oynamaq istədiyini deyər. “Neftçi”nin uduzmadığı komanda yoxdu. Onların düşərgəsində nələr yaşandığını hamı yaxşı bilir. Bəlkə də Orxan və yanındakılar kimlərəsə özlərini mələk kimi göstərə bilərlər. Ancaq unutmasınlar ki, dəvəquşu kimi başlarını torpağın altına soxsalar da, dalları çöldədi. Ayıblarına kor olsunlar, komandanı bu günə qoyanlar kiminsə xarakterindən danışmasınlar”.

Qeyd edək ki, "Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə Ağabalanın son anda “Qarabağ”a keçidini şərh edərkən, “Ağabala bizim təklifimizi qəbul etmişdi. Son anda bizə heç də demədən “Qarabağ”a getdi. Digər tərəfdən biz buna şadıq ki, Ramazanov “Qarabağ”ı seçib. Belə xarakterə sahib futbolçu “Neftçi”yə lazım deyil” – demişdi.