reklam
"Qarabağ"ın yeni transferi: "Bütün rəqiblərimizə hörmətlə yanaşsaq..."

"Qarabağ"ın yeni transferi Elşən Abdullayev klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, gənc yarımmüdafiəçi "Qarabağ"a gəlişindən danışıb:

"Qarabağ"a gəlişim qısa zamanda baş verdi. "Neftçi" ilə müqaviləm bitmişdi. Həmin vaxt "Qarabağ"dan təklif gəldi və mən də dəyərləndirdim. Burada daha əvvəlcədən tanıdığım, bir yerdə oynadığım komanda yoldaşlarım var və komandada hər kəs bir ailə kimidi. Ona görə düşünürəm ki, komandama uyğunlaşmağımda bir problemim olmayacaq".

Abdullayev komandadakı rəqabətdən çəkinmədiyini də bildirib:

"Əlbəttə çətin olacağını bura gəlməmişdən əvvəl dərk edirdim. Rəqabət olmayan yerdə inkişafdan da danışmaq olmaz. Ona görə bu rəqabət mənim xeyrimə olacaq. Əsas heyətə düşmək özümdən asılıdır. İnaniram ki, hər şey istədiyim kimi alınacaq".

Yeni transfer komandanın hədəflərindən də danışıb:

"Çempionluq uğrunda gərgin mübarizə gedir. Komandaların hamısı çətin rəqiblərdir. Ancaq bütün rəqiblərimizə hörmətlə yanaşsaq, inaniram ki, növbəti çempionluq gələcək".

Elşən Abdullayev azarkeşlər haqda da öz fikirlərini bildirib:

"Azarkeşlər hər zaman komandasının daha güclü olmasını istəyirlər. Daha baxımlı futbol görmək istəyirlər . Ümid edirəm, onlar toplanışdan sonra daha güclü "Qarabağ" izləyəcəklər".