Elxan Abdullayev: "Aramızda “kişi sözü” olub"

Oxunma: 606 TARIX /

Bu gün Azərbaycan Premyer Liqasının 15-ci turunda “Qarabağ” doğma meydanda “Neftçi”ni qəbul edib (1:1).

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb

- Fasilədən sonra oyunlar hər zaman çətin keçir. Oyun gərgin keçsə də, hər iki komanda yaxşı oynadı. Azarkeşlərə təşəkkür edirəm, çünki belə bir havada gəlib komandaya dəstək oldular.

- Namiq Ələsgərovun heyətdə olmaması nə ilə əlaqəlidir?

- Bu, hər iki komanda arasında əldə olunan razılıq idi. Müqavilədə belə bir bənd olmasa da, aramızda “kişi sözü” olub.

- Oyunda bir neçə şübhəli epizod oldu...

- Hakimlər haqqında heç nə deyə bilmərəm. Epizodlara baxdıqdan sonra fikir bildirmək olar.

- Elxan Abdullayev arzuladığı "Neftçi"ni qura bilibmi?

- Hələ bu, ilk oyunumuzdu. Qarşıdakı oyunlarda komandanın əsl gücünü görmək olar.

- Kamal Qurbanov nə zaman heyətə düşəcək?

- O, perspektivli futbolçudur. Mən istəyirəm ki, o daha da təcrübəli futbolçu olsun. Bu səbəbdən onu Antayaya da aparmadım. İstəyirdik ki, o özünə yaxşı komanda tapsın. Amma Kamal hələ bizim futbolçudur və bizimlə məşq edir.

- Heyətə cəlb olunan futbolçular sırf sizin istəyinizə görə komandaya cəlb olunub?

- Əlbəttə!

- “Neftçi”nin dəyişdiyini düşünmək olar?

- Obyektiv danışsaq, hər iki komanda qələbəyə layiq idi. Amma 1:1 hesablı bərabərlik hər iki komanda üçün yaxşıdır.

- Qarşıdan daha iki çətin oyun gözləyir...

- Komandaların fərqi yoxdur. Bu təqvim hər komandalar üçün eynidir. Çalışacağıq ki, daha yaxşı oynayaq.  

- Komandaya cəlb olunan yeni hücumçunun durumu sizi qane edirmi?

- O, istedadlı futbolçudur. 30 yaş elə də çox deyil. Əksinə, bu, daha da təcrübə deməkdir.