Bu gün Azərbayca Premye Liqasının 17-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Zirə” matçında ev sahibi komanda 2:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın  baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Çox vacib qələbə qazandıq. Çatışmazlıqlarımız var idi. Bunları normal qəbul edirdim. Optimal formamızdan uzaqığ. Amma futbolçular topla yaxşı davranırdı. “Zirə” düzgün müdafiə olunurdu. Amma düşündüyümüz kimi alındı. 2  vacib qolla qalib gəldik.

- Reynaldo komandadan ayrıldı.  Dani Kintana da zədələndi. Çempionluq yolunda bunun sizə necə təsiri olacaq?

- Belə oyunçunu itirmək o qədər də yaxşı hal deyil. Amma bu futboldur. Hər bir oyunçunun başına gələ bilər. Digər futbolçularıma güvənirəm. Düşünürəm ki, oyunu hiss etməkdə çətinlik çəkməyəcəyik.

- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsız. Gəncə stadionunun ot örtüyü bərbaddır. Bununla bağlı hər hansı bir təklifiniz olarmı?

- Bununla barışacağıq. Belə bir təklif etməyimiz düzgün çıxmazdı. Çalışacağıq ki, oyunumuzu oynayaq və qalib gələk.

- AZAL-la və “Neftçi” ilə oyunda hakim səhvləri ictimaiyyət tərəfindən birmənalı qarşılaşnmadı. Sizcə, bunları “Qarabağ”ı gözdən salmaq üçünmü edirlər?

- Düşünmürəm ki, Azərbaycanda kimsə “Qarabağ”ı gözdən salsın. Mən həmişə çalışıram ki, komandada düzgün çalışım. Hər kəs öz fikrini deyə bilər ki, hakim səhvi oldu və s. Belə açıqlamalara fikir vermirəm.

- Rəşad Sadıqovun durumu nə yerdədir?

- Rəşadın 15 illik futbol təcrübəsi var. Düşünürəm ki, o, 3-4 ay onamasa belə, praktika tərəfdən problemi oynamayacaq və istənilən vaxt çıxıb, oynaya bilər.

- “Qəbələ” ilə oyun “Qarabağ” üçün həlledici sayıla bilərmi?

- Belə olacağını düşünmürəm. Xallar da itirə bilərik. “Qəbələ”yə məğlubiyyət və ya heç-heçə bizim üçün heç bir çətinlik yarada bilməz. Qarşıdan hələ çoxlu oyunlar var. Düşünürəm ki, bu marafon son turadək davam edəcək.