Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində reallaşan “Sumqayıt” - “Kəpəz” oyunundan sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev matç bağlı belə danışıb: “Komanda oyuna köklənmişdi. Sadəcə, hər üç qolda buraxılan uşaq səhvləri, diqqətsizlik öz işini gördü. İkinci hissədə matçı xilas etməyə çalışdıq. Qol epizodlarından istifadə edə bilmədik. Üçüncü topu buraxmadıq, özümüz qapıya saldıq. Komanda uğursuzluq zolağına düşüb, vəziyyəti düzəltməyə çalışırıq və hələ ki, bu bizə müəssər olmur. Gələcək oyunlara hazırlaşmalıyıq. Əlbəttə ki, bunlar şablon sözlərdir. Psixoloji cəhətdən komanda sınıb. “İnter” ilə oyunun ikinci hissəsindən bu yana uşaqlar özlərinə gələ bilmir. Futbolçulara dəstək oluruq, rəhbərlik də yanımızdadır. Oyunçularla fərdi söhbətlərimiz də olur. Təzyiq altından çıxa bilmirik. Qol vəziyyətlərindən istifadə edə bilməməyimiz hesabı bu həddə gətirib çıxardı. “Sumqayıt”ı təbrik edirəm. Rəqib qələbəyə daha həvəsli idi”