"Kəpəz"in Turalları

Oxunma: 303 TARIX /

“Əhməd haradadır?” filminə yəqin ki, çoxları baxıb. Bu filmdə maraqlı bir epizod var ki, Əhməd adlı oğlunun arxasınca kənddən şəhərə gələn ata və ananın axtarışları tikintidə çalışan bütün Əhmədlərin bir yerə yığılması ilə nəticələnir. Bu zaman adaşlar arasında “Əhməd dayı, sən də burdasan?”, “Əhməd, bilmirsən bizi niyə bura çağırıblar?” deyə gülməli dialoq yaşanır.

Bu səhnənin “Kəpəz” ilə nə əlaqəsi var deyə düşünürsüzsə, onda yazını sona kimi oxuyun. Məsələ burasındadır ki, Gəncə klubunun əsas komandasında eyni - Tural adlı 4 futbolçu çıxış edir. Onları məşqdə, oyunda və ya səfər zamanı avtobusda, oteldə səsləyəndə bir düşünün ki, hansı vəziyyət yaranır. “Tural, Tural” çağıran kimi eyni vaxtda hamısı səs gələn tərəfə çevrilir və nəticədə gülməli mənzərə yaranır.

İdmanxeber.com-un məlumatına görə, bu gün 1 aprel gülüş günü kimi qeyd olunduğundan Gəncə klubuun saytı komandadakı Turallara müraciət edərək adaşların sayının çox olmasına və bunun daha hansı çətinliklərə yol açmasına münasibət öyrənib.

Tural Axundov: “Turalların komandada sayının daha çox olmasını istəyərəm (gülür). Bu adla kimsə çağıranda çaş-baş qalırıq. Hamı eyni vaxtda səs gələn tərəfə baxır. Ona görə də soyadla müraciət olunur. Lap hərbi xidmətdə olduğu kimi. Qarışıqlıq yaranmasın deyə belə razılığa gəlmişik. Kapitan olduğumdan məni kapitan kimi digərlərini isə soyadları ilə çağırırlar. Başa düşürük ki, belə vəziyyət çox vaxt hamıya çətinlik yaradır. Amma neyləyəsən?”

Tural Nərimanov: “Turalların çox olmağı problem deyil (gülümsəyir), əksinə, xoşdur. Hamı bir-birini başa düşməlidir. Hərəyə bir cür müraciət olunur. Axundova kapitan deyirlər, digərlərini isə soyadla çağırırlar. Ləqəbim yoxdur, bu üzdən mənə Nərimanov kimi müraciət edirlər. Bir çox komandalarda oynamışam, heyətdə məndən başqa Tural da olub, amma “Kəpəz”dəkilərin sayı çoxdur. İlk dəfədir ki, belə bir şeylə qarşılaşıram. Məşqlərdə və ya avtobusla səfərə çıxanda kimsə “Tural, ay Tural” deyə səslənəndə istər-istəməz dördümüz də boylanırıq. Problemi soyadla çağırmaqla həll edirik”.

Tural Rzayev: “Adaşların sayının çox olması? (duruxur, bir az fikirləşmək üçün vaxt istəyir). Nə deyim? Kimlər üçün bəlkə də bir komandada dörd Tural olması çox ola bilər, amma mənə görə yox. Onu deyim ki, bu, komandaya rəng qatıb, məşqlərdə tez-tez gülməli epizodlar baş verir. Bir də görürsən məşqçi tapşırıq vermək üçün yanına hansısa Turalı çağırır, hamımız fikirləşirik ki, görən kimi deyir. Amma bunun artıq yolunu tapmışıq. Vəziyyətdən çıxış yolu soyadla müraciət etməkdir. Doğrusu, özüm də soyada daha çox öyrəşmişəm, “Rzayev” deyən kimi çevrilirəm. Yəqin fikir vermisiz ki, oyunlara çıxdığımız formaların arxasında yalnız bir Tural adı yazılıb, o da Nərimanova məxsus köynəkdir. Əvvəlcədən belə razılığa gəlmişik. Bu, aramızda qısqanclıq doğurmur, heç buna səbəb də yarada bilməz”.

Tural Qürbətov: “Məncə, bir komanda üçün bu qədər adaşın olması çoxdur. Bunun çətinlikləri var. Götürək məşq vaxtını, “Tural” çağıranda hamımız eyni vaxtda səs gələn tərəfə dönürük. İlk vaxtlar daha çətin idi. İndi isə vəziyyətə alışmışıq və soyadla bizi çağırırlar. Mənim ləqəbim yoxdur ki, bununla çağırsınlar. Axundova kapitanımız olduğu üçün “kapitan” deyə səslənirik. Rzayevə hərdən “Turalinyo” deyirik. Bilmirəm, xətrinə dəyir ya yox. Bu da onun komandamızın braziliyalı futbolçuları ilə daha çox bir yerdə olmasından irəli gəlir. İnanın ki, biz adaşlar özümüz də bir komandada bu qədər eyni adlı futbolçunun olmasına təbəssümlə yanaşırıq. “Zirə”də Tural Cəlilov adlı futbolçu var, bəzən deyirik ki, o da bizə gəlsə, heyətimiz lap genişlənər (gülür). Premyer Liqadakı Turalların hamısı bir yerdə olar”.

Məsələ ilə bağlı “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin də fikirlərini öyrəndik: “Bir komanda üçün bu qədər Tural çoxdur, bu da hər dəfə məşq prosesində problem yaradır. Birini çağırırsan, digəri yaxınlaşır. Hər dəfə də soyadla çağırmaq olmur. Bir də görürsən ki, Turallardan birinə irad tutursan, istər-istəməz hamısı boylanıb baxır. Bu da adamı yayındırır. Sizə mövzuya uyğun maraqlı bir şey danışım. Avroliqada “Daçiya” ilə ev oyununda Turallardan yalnız Axundov əsas heyətdə yer almışdı, digərləri isə ehtiyatda idi. Oyunun gedişində tez-tez “Turalı meydana burax” deyə səslənmələr olurdu. Sonda çönüb zarafatla dedim ki, soyadını denən bilim, hansını oyunda görmək istəyirsən. Sırf təsadüf nəticəsində belə bir şey olub ki, komandada eyni adlı dörd futbolçu çıxış etsin. Hələ sizə deyim ki, yay aylarında gənc bir futbolçu vardı məşqlərə gəlib gedirdi, onun da adı Tural idi (gülür). Onda vəziyyət tamam qarışıq düşürdü”.

Turalların komanda yoldaşı, Şəhriyar Rəhimov kimi adaşı olan Şəhriyar Əliyevin də məsələ ilə bağlı deyəcəkləri var: “Hərəsinin öz ləqəbi var (ucadan gülür), bir cür çağırırıq. Axundovu “keçəl”, Nərimanovu “Turu”, Rzayevi “şirinim” deyə səsləyirik. Bircə Qürbətova soyadı ilə müraciət edirik. Turalların çox olmasının ziyanı yoxdur, əsas odur ki, onların hamısının komandaya xeyri dəyir. O ki qaldı mənim adaşıma, bizdə belə problem olmur. Mənə “Şako” deyirlər, bir də ki, biz iki nəfərik, bizi yola vermək asandır”.