Emil Balayev: "Səbail"i xilas etdiyim üçün sevincliyəm"

Oxunma: 741 TARIX /

"Şəmkir" ilə oyunda "Səbail"in ən yaxşısı Emil Balayev idi. İkinci hissədə təyin olunan penaltini qaytararaq yoldaşlarını ruhlandıran Balayev matçın son dəqiqəsində etdiyi vacib seyvlə komandaya 3 xalı gətirdi. Bu, eyni zamanda "aslanlar"ı gümüş medala lap yaxınlaşdırdı.

İdmanxeber.com-un məlumatına görə, 23 yaşlı qolkiper klubun rəsmi "feysbuk" səhifəsinə danışıb:


"Zaqatala" ilə oyunda xal itkisinə yol verdik və ikinci pillə uğrunda mübarizə gərginləşdi. Bu səbəbdən bu oyunda qazanılacaq qələbənin mahiyyətini komanda olaraq dərk edirdik. Rəqiblərimizi özümüzdən irəli buraxmamaq üçün komanda olaraq oyuna 100 yox, 200 faiz ciddiyyətlə hazırlaşırdıq. Oyun ağır keçdi, ancaq sonda sevinən tərəf olmağı bacardıq.


Həm ikinci hissənin əvvəlində qapımıza təyin olunan penalti epizodunda, həm də son dəqiqədə qapımız qarşısında yaranan təhlükədə komandanı qoldan xilas etdiyim üçün olduqca sevincliyəm. Əgər baş məşqçi mənə start heyətində şans verərək etimad göstəribsə, əlimdən gələni etməyə borcluyam. Bu epizodlarda sadəcə işimi gördüm. Əsas olan meydandan 3 xal ilə ayrılmaq idi. "Bakılı" turni cədvəlinin aşağı pillərində yer almasına baxmayaraq, son oyuna da ciddi hazırlaşırıq. Məqsədimiz çempionatı ikinci pillədə bitirmək və gümüş medallara yiyələnməkdi".


Qeyd edək ki, Emil Balayev "Səbail"də icarə əsasında çıxış edir. Balayev müqavilə ilə "Qarabağ"a məxsusdur.