reklam
"Bursaspor"un hərəkəti etik deyil" - Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" komandasının sükanı arxasına keçəcəyinə dair xəbərlərə münasibət bildirib.

İdmanxeber.com-un “Report” agentliyinə istinadən yaydığı xəbərə görə, E.Məmmədov indiyədək xorvatiyalı mütəxəssislə bağlı heç bir təklif almadıqlarını bildirib: "Prosineçkinin AFFA ilə ilin sonunadək müqaviləsi var. Onun özü də dünənki mətbuat konfransında bunu bir daha vurğuladı. İndiyədək "Bursaspor" rəhbərliyi və baş məşqçinin meneceri səviyyəsində bizə Prosineçki ilə bağlı heç bir müraciət olmayıb. Robertin özü ilə hər gün AFFA-da görüşürük, ofislərimiz ayrı deyil. Onun özü də bizə bu haqda bir söz deməyib".

Baş katib Prosineçki ilə danışıqlar apardıqlarını və böyük ölçüdə anlaşma əldə etdiklərini deyən "Bursaspor" rəhbərliyinin davranışına da reaksiya verib: "Biz də bu fikirləri mətbuatdan oxuyuruq. Əgər həqiqətən də AFFA-ya müraciət etmədən Prosineçki ilə danışıqlar aparıblarsa, "Bursaspor" rəsmilərinin bu addımı etikaya uyğun deyil. Belə hərəkəti düzgün saymıram".

"Bəs "Bursaspor" Prosineçkidən ötrü AFFA-ya müraciət edərsə, baş məşqçini buraxmağa razı olarsınızmı" sualını isə E.Məmmədov belə cavablandırıb: "Bunun üçün AFFA İcraiyyə Komitəsi və prezidenti var. Belə məsələlər onlar səviyyəsində müzakirə olunur".

Qeyd edək ki, Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində C qrupunun ilk 6 turundan sonra 7 xalla 4-cü pillədə qərarlaşıb. Qalan 4 oyunda yığmanı sentyabrın 1-də Norveçlə, oktyabrın 8-də Almaniya ilə səfər, sentyabrın 4-də San Marino, oktyabrın 5-də Çexiya ilə ev oyunları gözləyir.