reklam
“Kral klubu”nun kralı - Zinədin Zidan

“Kral klubu”nun kralı - Zinədin Zidan

Vüsal Bağırlı

TARIX /

Əvvəl braziliyalı qarabala -  Pele var idi. Edson Arantes Do Nasimentu yəni. Futbol kralı. Sonra Maradona gəldi. Argentinalı dəliqanlı oğlan Dieqo Armando. Onun oyun tərzi, texnikası əsrarəngiz bir tamaşa idi. 1986-cı ili Meksikada keçirilən dünya çempionatının 1/4 finalında Şiltonlu, Linekerli güclü İngiltərə yığmasının qapısına əli ilə qol vurdu və dedi ki, “bu, mənim əlim deyildi, Tanrının əli idi”.

Keçən əsrin 90-cı illərinin əvvəllərində Maradona narkotik və dopinq qalmaqalları ilə futbol aləmini tərk etdi. Bundan sonra futbol ictimaiyyətini, tamaşaçı və jurnalistləri narahat edən bir məsələ var idi: futbol aləmini çalxalayan həmən oyunçuların yerini kimi tutacaq?! Düzdür,  Romario, yekədiş Ronaldo, Rikelme, Şuker, İnzaqqi, Totti, Anri, Şirer və s. kimi ulduz oyunçular var idi. Amma onlar belə futbol kralı adlandırılacaq səviyyədə deyildilər.

Bu ərəfədə, yəni 1998-ci ilin yayında Fransada dünya çempionatı başladı. Favorit kimi görünməsələr də meydan sahibləri qarşılarına çıxan bütün rəqiblərini məğlubiyyətə uğradaraq fantastik dərəcədə güclü Braziliya yığmasına rəqib oldular. Braziliyalıların tərkibində kimlər yox idi ki? Taffarel, Bebeto, Ronaldo, Dunqa, Rivaldo, Roberto Karlos və s. Hamı fikirləşirdi ki, görəsən  “sambaçılar” “xoruzlar”ın qapısına neçə qol vuracaq!?

Və budur,  1998-ci ilin 12 iyunu, Frasanın möhtəşəm “Stad de Frans” stadionu. Oyunun 27-ci və 45-ci dəqiqələrində, künc asmasını sərrast baş zərbələri ilə qola çevirən  əlcəzair əsilli futbolçu dünya futol ictimaiyyətini şoka saldı.

Bax, məhz bu finaldan sonra hamı başa düşdü ki, Pele və Maradonanın yeri boş qalmayıb. Bu çempionatdan sonra “professorun” klub karyerası da yüksələn xətt üzrə inkişaf etməyə başladı. Əvvəl “Yuventus”da, sonra isə “Real”da Zinəddin xarüqələr yaratmağa başladı. Həmçinin, yığmada da o, əlüstü Avropa çempionatının kubokunu da başı üzərinə qaldırdı.

Onun 2002-ci ildə Çempionlar Liqasının finalında Roberto Karlosun asmasından sonra  Leverkuzenin “Bayer” klubuna vurduğu möhtəşəm qol isə əbədi olaraq yaddaşlara hopdu.

Zidan üç dəfə dünyanın ən yaxşı oyunçusu seçildi. 1998-ci ildə isə Avropanın ən yaxşısı kimi “Qızıl top”u qazandı. 2004-cü ildə UEFA onu son 50 ilin ən yaxşı futbolçusu siyahısına daxil etdi.

Zinəddin Zidan yetkin yaşlarında da kifayət qədər baxımlı oyun sərgiləyir, ağıl dolu ötürmələr edir, yenə də həlledici qollar vururdu. 2006-ci ildə Almaniyada keçirilən mundialda artıq qoca hesab edilən Zidan və Fransa komandasından heç kəs qorxub çəkinmirdi. Ümumiyyətlə, hamı və hər kəs fransızların 1/8-dən o tərəfə getməyəcəyi söyləyirdi. Amma yenə əlcəzair əsilli sənətkar bütün proqnozları alt-üst etməyi bacardı. Komandasını demək olar ki, təkbaşına finala qədər daşıdı. Əgər finaldakı o kəllə epizodu ilə bağlı olay və ardından gələn qırmızı vərəqə olmasaydı, yəqin ki, Zidan daha bir çempionluq medalını boynuna asacaqdı.

Bəli, talenin gərdişindən finallarda kəllə ilə vurduğu qolla məşhurluq qazanıb, futbol aləminə daxil olan Zidan futbol aləmini də kəllə ilə tərk edib getdi.

Artıq Zidan, bu təvazökar insan, idman həyatının yeni mərhələsinə qədəm qoyub. Özü də necə!? “Real”da çalışdığı müddətdə bir çox məşhur məşqçilərin bütün həyatları boyu qazana bilmədikləri nailiyyətləri əldə edib: 2 dəfə dalbada Çempionlar Liqası kuboku, 1 dəfə İspaniya çempionu, 1 dəfə Avropa superkuboku və 1 dəfə də Qitələrarası futbol kuboku. Özü də, bütün bunları o sizcə hansı müddətdə əldə edib? İnanılmaz da olsa həqiqətdir, cəmisi 18 (!) aya.

Əminəm ki, yuxarıda sadaladığımız  bütün bu ölçüyəgəlməz uğurlara imza atan qocaman futbolçu və gənc məşqçinin fəth edəcəyi zirvələr hələ qabaqdadır.