Klublarımızın transfer siyasəti (LAYİHƏ)

Oxunma: 716 TARIX /

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı səkkizinci yazısı.

Ölkə çempionatımızda 2016/2017-ci il mövsümü başa çatdıqdan sonra komandalarımız  müəyyən müddətlik istirahəti başa vurub, hazırlıqlara start verdi. Avrokuboklarda iştirak edəcək komandalarımız məşq prossesinə daha tez başladı. Bu da anlaşılandı. Çünki sabahda etibarən komandalarımız mübarizəyə başlayacaqlar.

Budəfəki yazımızda Premyer Liqada çıxış edəcək komandaların heyətlərinə əlavə etdikləri futbolçular və ümumilikdə transfer siyasəti barəsində danışacağıq. Ənənəmizə sadiq qalaraq, ilk olaraq son ölkə çempionu və kubokun qalibi “Qarabağ”dan başlayaq. Daha sonra son mövsümün turnir cədvəlinin sıralamasına uyğun olaraq yazımıza davam edəcəyik.

“Qarabağ”

Mövsüm sonunadək optimal heyətini qoruya bilməyən “Qarabağ” çətinliklərə baxmayaraq, çempion ola bildi. Komanda qış fasiləsi zamanı aparıcı oyunçusu Reynaldonu “Adanaspor”a satdı, daha sonra digər əsas oyunçusu Dani Kintana zədələndi. Lakin Qurbanovun əzmkar heyəti soyuqqanlığını qoruyaraq mövsümü 2 titulla başa vurdu.

Başa çatan mövsümdən sonra hər kəs “Qarabağ”dan ciddi transferlər gözləyirdi. Lakin hələ ki, komandaya səs-küy doğuracaq transfer edilməyib. Komanda ilk olaraq “İnter”dən yarımmüdafiəçi Abbas Hüseynovu, daha sonra Ukrayna “Şaxtyor”undan qapıçı Anton Kanibolotskini heyətinə cəlb edib. Təbii ki, Çempionlar Liqasının qrupuna düşməyi planlaşdıran bir komanda bu iki transferlə yetinən deyil. Lakin Qurban Qurbanovun da necə təmkinli və səbrli olduğu hamıya bəllidir. Bu səbəbdən komandaya yeni və güclü legionerlərin cəlb olunacağı dəqiqdir. Əslində, yaxın günlərdə “Qarabağ”dan transfer xəbərləri eşidə biləcəyik. Yayılan məlumata görə, komandanın Avstriyadakı düşərgəsində baxış üçün bir neçə legioner çağrılıb.  Lakin hələ ki, heç bir rəsmi müqavilə yoxdur.

Komandadan ayrılanlara gəlincə, “köhlən atlar” İlyas Səfərzadə, Azər Salahlı, Vüqar Mustafayev, İlqar Qurbanov, Vüqar Nadirov, Boyan Şaranov və Muarem Muaremlə yollarını ayırıb. Maraqlıdır ki, mövsüm boyu özünü yaxşı tərəfdən göstərməyi bacaran İlqar Qurbanov və Muarem Muaremlə başa çatan müqavilə yenilənməyib.

“Qəbələ”

Ötən mövsüm də kiçik bir fasilə verən “Qəbələ” klubu az müddətə heyətini güclü legionerlərlə zənginləşdirdi. Məhz həmin transferlərin köməyi nəticəsində komanda uğurlu nəticələr göstərib Avropa Liqasının qrupuna vəsiqəni qazandı. Əyalət təmsilçisi, demək olar ki, ötən ilki ssenarini təkrarlayır. Təkcə qalıb Avropa Liqasının qrupuna düşmək.

“Qırmızı qaralar” mövsüm başa çatdıqdan sonra yanlız yerli oyunçuları heyətinə qatmışdılar. Komanda legionerlərədək İlqar Qurbanov və Aqil Məmmədovla müqavilə imzalamışdı. Lakin Qriqorçukun komandası Polşanın “Qurnik Lençna” klubundan Xavi Ernandes Qonzalesi, Fransa “Brest”indən Stiven Jozef-Monrozu və Hollandiyanın “Den Haaq” klubundan Dion Maloneni heyətinə qatdı. Komanda son olaraq Şotlandiyanın “Reyncers” klubunun üzvü Endi Hallideyi icarə əsasında heyətinə əlavə edib. Hər dörd futbolçu, demək olar ki, “Qəbələ”nin liderləri olacaq potensialdadır.

Komanda mövsüm başa çatdıqdan sonra 11 futbolçu ilə yollarını ayırıb. Bunlar Teo Uik, Rəşad Eyubov, Nika Kvekveskiri, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Daniel Subotiç, Rafael Santos, Murad Musayev, David Petrzkeviç və Rikardinyodur. Sözsüz ki, gedən futbolçulardan bir çoxunun yoxluğu “Qəbələ”nin oyununa təsir edə bilər. Amma bütün bunlara baxmayaraq, ötən il olduğu kimi, bu il də sözügedən komandadan uğur gözləməyə dəyər.

“İnter”

Premyer Liqanın bürünc mükafatçısı “İnter” ötən il avokuboklardan uzaq qalsa da, bu il cəzası bitib və Avropa Liqasında iştirak edəcək. Lakin komandanın transfer qadağası olduğu üçün heyətinə yeni futbolçu əlavə edə bilməyəcək. Bu səbəbdən də Zaur Svanadzenin işi çətinə düşür.

Mövsüm boyu bir sıra çətinliklərlə üzləşən komanda Avropa Liqasına vəsiqə qazansa da, bir neçə futbolçu komandadan ayrılmaq istəyirdi, hətta  ayrılanlar da oldu. Həmin futbolçular Abbas Hüseynov və Səlahət Ağayevdir. Ağayev komandadan ayrılsa da, Avropa Liqası matçlarında “İnter”ə kömək edəcək. Bu, “Neftçi” və “İnter” rəhbərləri arasında baş tutan razılığa görə belədir. Komandadan ayrılan daha bir futbolçu isə Zurab Xizanaşvilidir. Təcrübəli futbolçu mövsüm başa çatdıqdan sonra vətənə - Gürcüstana getmişdi. O, daha sonra futbolçu karyerasını başa vurduğunu açıqladı.  Əslində, komandadan gedənlərin sayı daha çox ola bilərdi. Maliyyə problemləri yaşayan komanda futbolçularını itirmək üzrəydi. Lakin rəhbərliyin futbolçular ilə danışıqları müsbət nəticələndi və onlar komandada qalmağa razılıq verdilər.

“Zirə”

2015/2016-cı il mövsümündə Premyer Liqada debüt edən “Zirə” debüt ilindəcə gümüş medalı qazandı. Lakin komanda 2-ci olsa da, Avropa Liqasına gedə bilmədi. Buna səbəb isə klubun 2 ildi fəaliyyət göstərməsi idi. UEFA kuboklarında iştirak etmək üçün hər bir klub ən azı 3 il fəaliyyət göstərməlidir. Son mövsüm Premyer Liqanı dördüncü pillədə başa vuran Zirə təmsilçisi avrokuboklara vəsiqəni əldə etdi. Bu səbəbdən Ayxan Abbasov heyətdə ciddi dəyişikliklər etməyə başladı.

Ümumiyyətlə, “Zirə” mövsüm başa çatdıqdan sonra transfer bazarında ən aktiv klublarımızdan biridir. Komanda artıq, demək olar ki, Avroliqa üçün heyətini formalaşdırıb. Mövsüm başa çatdıqdan sonra “Kəpəz”dən Nicat Qurbanovla Orxan Əliyevi heyətinə qatan “qartallar” daha sonra “Qarabağ”dan Vuqar Mustafayevi, “Qəbələ”dən isə Rəşad Sadiqovu transfer etdi. Komanda təkcə yerli futbolçularla kifayətlənməyərək legionerləri də heyətinə qatdı. Belə ki, Ayxan Abbasov David Manqa ("Hapoel", Aşkelon, İsrail), Kervens Belfort ("Surinska", İsveç), Jozef Bum ("Qaziantep BB", Türkiyə), Qabriel Mateylə ("Qurnik", Polşa) müqavilə imzaladı.

Komandadan ayrılanlar isə 8 nəfərdir. Bunlar Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədov ("Qəbələ"), Cavid Tağıyev ("Sumqayıt"), Amadu Ben Sanqar, Akim Latifudur. Komandaya qoşulanlar və ayrılanlara nəzər yetirdikdə yeni gələnlərin daha yaxşı təsir bağışlayacağını düşünmək olar.

“Kəpəz”

Maliyyə imkanları əlverişli olmayan Gəncənin “Kəpəz” klubu hələlik yalnız yerli oyunçularla müqavilə imzalayıb. Ötən mövsüm uğursuz çıxışdan sonra “sarı-göylər”  heyətə köklü dəyişikliklərə başlayıb. Lakin komanda elə də ciddi transfer ilə gündəmə gəlməyib. Komanda əsasən diviziondan və PL klublarının əvəzedici heyətlərindən transferlər edib.

Mövsüm başa çatdıqdan sonra bütün legionerləri və bir neçə yerli oyunçunu komandadan göndərən klub rəhbərliyi İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov ("Zirə"), Azər Məmmədov ("Turan Tovuz"), Ruzi Qiyaslı ("Neftçi") ilə müqavilə imzalayıb. Lakin əldə etdiyimiz məlumata görə, hazırda Gəncə klubu 3 legionerlə danışıqlar aparır və işlər yekunlaşmaq üzrədir. Komandanın baş məşqçisi Şahin Diniyev saytımıza verdiyi açıqlamada Ərzurumda heyətlərinə yeni futbolçuların qoşulacağını bildirdi:

“Bəli, Ərzurumda heyətimizə yeni futbolçular qatacağıq. Ancaq bildiyiniz kimi legioner futbolçular bizim ən həssas olduğumuz mövzudu. Çünki biz heyətimizə əcnəbi futbolçu cəlb edəndə hər zaman ən doğru seçimi etməyə çalışmışıq. Bldiyiniz kimi bizim müdcəmiz super transfer etməyə imkan vermir. Bu səbəbdən az pulla yaxşı iş görmək məcburiyyətindəyik”.

Xatırladaq ki, mövsüm başa çatdıqdan sonra Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov, Orxan Əliyev (hər ikisi "Zirə"), Renan Silva ("Voyvodina", Serbiya), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Tadas Simaitis, Julien Ebah, Serjio Kosta komandadan ayrılmışdı.

“Sumqayıt”

Ötən il Avroliqa şanslarını son turlarda əldəm verən kimyaçılar yeni mövsümə iddialı başlamaq niyyətindədir. Hər il əsasən gənc futbolçulardan heyət quran baş məşqçi Samir Abasov bu il fərqli hazırlaşır. Komandaya əsasən yerli və daha təcrübəli futbolçuları cəlb edən “kimyaçılar” yeni mövsümdə daha iddialı olacaqlar.

Yay transfer pəncərəsi açıldıqdan bəri baş məşqçi Samir Abasov heyətə 7 yeni futbolçu cəlb edib. Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ"), Cavid Tağıyev ("Zirə") kimi futbolçuları komandaya cəlb edən Samir Abasov hələlik legionerə ehtiyac duymur. Ötən il gənc heyətlə əzmkar oyun nümayiş etdirən “Sumqayıt”dan bu il ciddi uğur gözləməyə dəyər.

Komandadan gedənlər də az deyil. İndiyədək komandadan gedən futbolçular bunlardı: Mirabdulla Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov.

“Neftçi”

Ötən mövsüm biabırçı nəticələri ilə yadda qalan “Neftçi” yeni mövsümdə bütün bunları unutdurmaq niyyətindədir. Komandanı qarşıdan uzun hazırlıq planı gözləyir. “Ağ-qaralar” məhz bu müddət ərzində heyətə yeni futbolçular cəlb etməyi planlaşdırır.

Mövsüm başa çatdıqdan sonra “ağ-qaralar” Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Səbail"), Ruzi Qiyaslı ("Kəpəz"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Səbail": icarəyə), Zdenek Folprext ("Slovan", Çexiya: icarə müddəti başa çatıb), Jairo Rodriges, Maksim Vaylo, Boban Baykoviçlə yollarını ayırıb. “Neftçi” komandadan ayrılan futbolçulardan yalnız 1-ni – Zdenek Folprexti komandada saxlamağa çalışıb. Lakin Çexiya klubu futbolçunu “Neftçi”yə satmayıb.

Komandaya cəlb olunanlar isə elə də çox deyil. Belə ki, “ağ-qaralar” hələlik Səlahət Ağayev (“İnter”), Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb), Məhəmməd Mirzəbəyov ("Qəbələ"), Rəşad Əzizli ("Səbail"), Elnur Cəfərovu ("Duqopolye", Xorvatiya) transfer etməklə kifayətlənib ki, bununla da nəticə qazanmaq çətin olacaq. Bu səbəbdən aydın olur ki, “ağ-qaralar” qarşıda ciddi transferlərlə gündəmə gələcək.

“Səbail”

Yeni mövsümdə Premyer Liqada debüt edəcək “Səbail” klubunu da transfer bazarının aktiv üzvü hesab etmək olar. Komanda hələ ki, yerli oyunçular transfer etməklə məşğuldur. Əsasən Premyer Liqa təcrübəsi olan futbolçuları heyətinə qatan “aslanlar” I divizionda çıxış edən futbolçuları da transfer etməkdən çəkinmirlər.

Komanda indiyədək 14 futbolçu transfer edib.  Bu futbolçularda 3-ü birinci divizion klublarından heyətə cəlb olunub. Ən çox futbolçu isə “Neftçi”dən alınıb (6). Heyətdən isə yalnız bir futbolçu kənarlaşdırılıb. Bu, Rəşad Əzizlidir.

Komanda yay transfer pəncərəsi dövründə bu futbolçuları heyətinə qatıb: Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev (hamısı "Neftçi"), Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hamısı "Neftçi": icarəyə), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev, Raul Yaqubzadə (hər ikisi "Zaqatala"), Aqşin Muxtaroğlu ("Turan Tovuz"), Emin Cəfərquliyev (AZAL), Vüqar Nadirov ("Qarabağ"), Nurlan Novruzov ("Bakı"), Elman Taqayev ("Altın Asır", Türkmənistan).

Yazı AFFA yanında Media Komitəsi layihə müsabiqəsi çərçivəsində hazırlanıb.