"İnter" və "Zirə"dən uğurlu start (LAYİHƏ)

Oxunma: 3515 TARIX /

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı doqquzuncu yazısı.

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-2017-ci il mövsümünün başa çatmasının ardınca avrokuboklara vəsiqə qazanan komandalarımız qitə miqyaslı yarışların hazırlıqlarına başladılar. Artıq ötən gün UEFA Avropa Liqasının I təsnifat mərəhləsi çərçivəsində 2 təmsilçimiz - "Zirə" və "İnter" ilk sınaqlarına çıxdılar. Cari mövsüm Premyer Liqada  gümüş medal qazanan və son ölkə kubokunun finalçısı olan "Qəbələ" isə yarışa II təsnifat mərəhləsindən qoşulacaq. Əyalət klubu kimi Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Qarabağ" da  ilk mərhələdən azaddı.  Bu dəfəki yazımız qitənin ikinci dərəcəli klub turnirinin startında üzümüzü ağardan təmsilçilərimizə həsr olunur.

"Zirə"

Başlayaq, Avropaya yad olan "Zirə"dən. Son mövsümü 4-cü pillədə başa vuraraq UEFA Avropa Liqasına yollanmaq hüququ qazanan qəsəbə təmsilçisi baxmayaraq ki, hələ ötən mövsüm bu işin öhtəsindən gəlib. Lakin FİFA qaydalarına uyğun olaraq daxili yarışlarda ən azı 3 il təcrübəsi olmadığından, bakılılar turnirə qatıla bilmədilər. Bu mövsüm isə Avroliqada püşkün nəticəsinə əsasən Lüksemburq "Differdanj"ına rəqib olan komandamız demək olar, gözləniləndən də artığını nümayiş etdirərək rəqibini "Dalğa Arena"da 2 cavabsız qolla üstələməyi bacardı. Matçın start fitinin ardınca dərhal irəli atılan debütantın daha çox istəkli olması aşkar görünürdü. Türkiyənin Bolu şəhərində 10 gün təlim-məşq toplanışı keçən Ayxan Abbasovun yetirmələrinin papağı günə yandırmaması elə ilk matçdan sonra nəzərə çarpdı.  Taktiki-texniki cəhətdən hazır görünən futbolçularımız rəqiblərini bir çox komponentlərdə üstələməyi bacarırdı.  Komandaya yeni cəlb olunan transflerlərin gözoxşayan oyun sərgilməsi isə Ayxan Abbasovun transfer siyasətində də yanılmadığını göstərdi. "Zirə"nin 22-ci dəqiqədə hesabı açdığı epizodda cərimə meydançasına möhtəşəm asmasından sonra başla topu Riçard Qadzenin önünə göndərən Kervens Belfort yeni komandasının heyətində elə dübut matçındaca qol ötürməsi etdi. "Yay transfer pəncərəsi"ndə "qartallar"la  başa çatan müqaviləsini uzadan Qadzenin dəqiq zərbəsi isə "Zirə"nin avrokuboklar tarixində vurduğu ilk qol kimi tarixin yaddaşlarına həkk olundu.

Oyun boyu rəqibindən güclü olduğunu sübuta yetirən “Zirə” inamlı təsir bağışlayırdı. Baxmayaraq ki, oyundan öncə bir çoxları “Differdanj”I həvəskar, zəyif komanda adlandırırdı, amma Ayxan Abbasov yetirmələrini bu matça çox ciddi hazırlamışdı. Qoldan sonra hücumlarını davam etdirən və hesabı artırmağa çalışan “qartallar”ın növbəti sevinci 80-ci dəqiqədə baş Verdi. Bu dəfə ilk qolun müəllifi Riçard Qadzenin dəqiq ötürməsinini baş zərbəsi ilə qola çevirən Kervens Belfort oldu – 2:0. Bu, oyunda vurulan sonuncu qol oldu. Nəticədə, “Zirə” debüt oyununda qələbə qazanaraq, növbəti mərhələyə yüksəlmək şanslarını daha da artırdı. Lakin istənilən halda arxayın olmaq olmaz. Ümid edək ki, Ayxan Abbasov cavab matçına da komandasındakı tempi qoruyacaq və azarkeşləri sevindirməyi bacaracaq.

“İnter”

Ötən mövsüm cəza səbəbindən Avroliqada iştirak edə bilməyən “İnter” bu il sözügedən turnirə vəsiqə əldə edə bildi. Lakin problemlər “İnter”dən əl çəkmək niyyətində deyildi. Komandanın həm transfer qadağası, həm də maliyyə sıxıntıları var. Aydın məsələdir ki, belə problemlərlə komandanı, futbolçuları saxlamaq çox çətindi. Lakin rəhbərlik dəyişikliyi və AFFA-nın himayəsi altına keçməsi hələ ki, komandanı ayaq üstə saxlayır. Ümid edək ki, komandaya yeni sponsor tapılanadək yaşayacaq və uğurlarını davam etdirəcək.
Yuxarıda qeyd etdiyim kimi komandanın iki böyük problemi var. Belə olan halda komandanın Avropada uğur qazanacağına inam azalır. Avropa Liqasının püşkatmasında “İnter”ə Serbiyanın “Mladost” komandası rəqib oldu. Əlbəttə, Serbiya futbolu dedikdə ağla Branislav İvanoviç, Aleksander Kolarov, Zoran Tosiç, Duşan Tadiç və Nemanya Matiç kimi futbolçular gəlir. Lakin “İnter”in rəqib sarıdan bəxti az da olsa gətirmişdi.

Əslində, “İnter”in transfer qadağasının olması komandaya xeyir edib. Artıq uzun müddətdir ki, eyni heyətlə çıxış edən komanda demək olar ki, tamamilə oturuşub və oyunçular bir-birini çox yaxşı başa düşür. Bu səbəbdən futbolçular ötürmələr zamanı daha az səhv edir, müdafiədə daha diqqətli olurlar. Lakin baş məşqçi Zaur Svanadze bu matçda ehtiyyat edərək, ənənəvi düzülüşlə meydana çıxmamışdı. O, komandanı bu matça 5-4-1 sxemi ilə çıxarmışdı. Bu səbəbdən komandanın müdafiə xətti daha dəqiq və inamlı oynayırdı.

Görüşdə ilk qol 23-cü dəqiqədə gəldi. Rəqibin müdafiəçisi Miloş Şatara “İnter”in futbolçusu Pərdis Fərcad-Azada bilərəkdən zərbə endirdikdən sonra baş hakim oyunu dayandırdı. Əslində, həmin epizodda rusiyalı hakim Aleksey Matyunin rəqib futbolçuya birbaşa qırmızı vərəqə verməli olsa da, “sarı” ilə kifayətləndi. Bu, Aleksey Matyuninin oyunda tək səhvi olmadı. Belə ki, o, oyunda bir neçə epizodda “İnter”in əleyhinə yanlış qərarlar Verdi. Topun arxasına keçən “İnter”in müdafiəçisi Adrian Skarlatake oyunda hesabı açdı – 1:0. Matçda 2-ci qolun da müəllifi Skarlatake oldu. 41-ci dəqiqədə növbəti dəfə cərimə zərbəsini yerinə yetirmək üçün topun arxasına keçən futbolçu bunu da qola çevirdi – 2:0. Oyunda son nöqtəni isə Rauf Əliyev qoydu. 74-cü dəqiqədə rəqibi əks-hücumda yaxalayan “İnter” futbolçuları hesabı 3:0-a çatdırdı. Pərdis Fərcad-Azadın ötürməsindən sonra Rauf Əliyev möhtəşəm qolla 3-cü topu rəqib qapısından keçirdi.
I təsnifat mərhələsində çıxış edən hər iki komandamızın uğurlu nəticəsi UEFA reytinqində də ölkəmizin hesabına xallar əlavə edib. 55 ölkənin yer aldığı siyahıda Azərbaycan mövqeyini dəyişməyib. Ölkəmiz hazırda siyahının 23-cü pilləsində qərarlaşıb.

“Zirə” və “İnter”in qələbələrinə görə Azərbaycan hərəsindən 0,250 xal qazanıb və əmsalı 15,250-yə çatdırıb. Hazırda ölkəmiz 22-ci olan Bolqarıstandan cəmi 0,375 xal geri qalır.

Yazı AFFA yanında Media Komitəsi layihə müsabiqəsi çərçivəsində hazırlanıb.