reklam
Roman Qriqorçuk: "Rəqibin baş məşqçisini sevindirmək üçün əlimizdən gələni edəcəyik"

“Qəbələ” sabah Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Polşanın “Yagelloniya” klubunu qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən oyunöncəsi mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırdı.

- Sabah ilk rəsmi oyununuzu keçirəcəksiz. Bu görüşə komanda nə qədər hazırdı?

- Bütün futbolçular ilk gündən məşqlərdə iştirak ediblər. İnanıram ki, onların hər biri sabahkı oyuna hazırdı. Amma yeni transferlər haqda bu sözləri deyə bilməyəcəm. Çünki yeni oyunçularımız istənilən səviyyədə hazır deyillər”.

- Rəqibin baş məşqçisi bildirib ki, “Qəbələ” yeni oyunçularına şans versə, sevinəcəklər. Buna münasibətiniz?

- Rəqibin baş məşqçisini sevindirmək üçün əlimizdən gələni edəcəyik (gülür).

- Hər il avrokuboklar öncəsi komandanızda bir çox dəyişikliklər olur...

-  Artıq 3 ildi ki, bizdə eyni hal yaşanır. Ümumilikdə, bu barədə çox danışmaq istəmirəm. Əlbəttə, mən istəməzdim ki, belə olsun. Amma bu vəziyyətlə barışmalıyıq. Komandamızdan gedən oyunçuların yerini doldurmuşuq.  Yeni oyunçularımız yaxşı hazırlaşırlar və demək olar ki, komandaya uyğunlaşmaq üzrədirlər.

- Yəqin ki, rəqibin oyununu yəqin ki, analiz etmisiniz. Nə qədər təhlükəlidilər?

- Rəqibin öz oyun sistemi var. Komanda bizdən fərli olaraq, heyətində çox dəyişikliklər etməyib. Hətta onlar Polşada çempion olmağa yaxın olublar. Bir sözlə, rəqibimiz zəif deyil.

- Yeni transferlər haqda nə deyə bilərsiniz? Onları komandanı tərk edən futbolçularla müqayisə etsəniz...

- Yeni oyunçuları özümüz seçmişik. Onları transfer etdiyimiz üçün çox sevinirik.Həır birinin bacarıqlarına bələdik. Amma futbolçular arasında müqayisə etmək istəmirəm. Onu deyə bilərəm ki, “Qəbələ”də bizdə hər şey çətin alınır. “Qəbələ”də yaşadığım çətinliyi heç yerdə görməmişəm. Ancaq bu qədər çətinlikdən sonra ciddi uğur qazanmaq insana yaxşı təsir edir.

- Komandada çoxlu legionerlər var. Transferlər edən zaman çempionatdakı limiti nəzərə almısınız?

- Əlbəttə, çempionat haqda düşünmüşük. Amma belə olanda futbolçular arasında rəqabət çox olur. Rəqabət nə qədər çox olsa, komanda o qədər də güclü olur.

- Qurban Qurbanov mətbuata açıqlamasında legioner gətirmək baxımından çətinlik çəkdiyini bildirmişdi. Maraqlıdır, paytaxtda məskunlaşan "Qarabağ"a gəlmirlərsə, əyalət klubu olan "Qəbələ" bu qədər legioneri necə heyətinə qatır?

- Qurban Qurbanovu çox yaxşı başa düşürəm. Bizdə də bu problemlər olurdu. İndi bütün futbolçular hansı ölkəyə, necə məişət şəraitinə getdiklərini yaxşı bilirlər. Elə futbolçu olur ki, Avropa klubundan, şərti rəqəm deyirəm, 10 manatlıq təklif alır. Biz məcburuq ki, ona 20 manat verək və Azərbaycana gətirə bilək. Yenilərə söz vermişik ki, paytaxtda daha çox məskunlaşacağıq.

- Futbol ictimaiyyəti, azarkeşlər “Qəbələ”dən böyük nəticə gözləyir. Maraqlıdır, bu heyət hədəfə çatmaq üçün sizə yetərli olacaq?

- Bütün düşüncəmiz sabahkı oyunla bağlıdı. Əvvəlcə "Yagelloniya"ya qarşı yaxşı oynamalıyıq. Mərhələ keçə bilsək, yeni oyunçu axtarışına çıxacağıq.