reklam
"Qarabağ"dan uğurlu start, "Qəbələ" şansı cavab matçına saxladı (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 11-ci yazısı.

Ötən yazımızı bu mövsüm avrokuboklarda ilk oyunlarını keçirən təmsilçilərimiz "Zirə" və "İnter"in çıxışına həsr etmişdik. Bu dəfəki yazımızda ikinci mərhələdən mübarizəyə qoşulan "Qarabağ" və "Qəbələ"dən də bəhs edəcəyik.

Avropa Liqasına uğurlu start verərək II mərhələyə adlayan "Zirə" və "İnter"in təqdiralayiq çıxışını "Qəbələ" təkrarlaya bilmədi. Püşkün nəticəsinə uyğun olaraq  Polşa "Yagelloniya"sına rəqib olan əyalət klubumuz bu mövsümkü avrokubok macərasına "Bakcell Arena"da start verdi. Qarşılaşmaya fəal başlayan Roman Qriqorçukun yetirmələrinin matçın əvvəlində yaratdığı qol vəziyyəti rəqibi sarsıtsa da, futbolçularımız fərqlənə bilmədilər. 10-cu dəqiqədə Xuan Hernandesin qapıya doğru yerlə vuruşu yerli azarkeşləri həyəcanlandırdı. Yarımmüdafiəçinin zərbəsindən sonra Elvin Məmmədovun tək toxunuşla "yumşaq mərmi"ni çərçivəyə göndərmək  arzusu da ürəyində qaldı. Əvəzində qonaqlar yaratdıqları ilk ciddi hücumda komandamızı oyuna mərkəzdən başlamağa məcbur etdilər. Standart vəziyyətlərdə olduqca üstün olan Polşa klubunun heyətində Romançuk başla topu Dmitri Bezotosnınin qorduğu çərçivəyə göndərdi. Qoldan sonra "Qəbələ"nin hesabı bərabərləşdirmək, "Yagelloniya"nın isə fərqi artırmaq üçün bir çox şansları oldu. Əsasən şansını uzaq məsafədən qapıya endirdikləri zərbələrlə yoxlayan futbolçuların istəyini qeyri-dəqiqlik ürəyində qoyurdu.  Xüsusi ilə fasiləyə 7 dəqiqə qalmış meydan sahiblərinin heyətində Filip Ozobiçin uzaqdan möhtəşəm vuruşu yadda qalan oldu.  Fasilədən sonra Qrioqorçukun etdiyi dəyişiklik isə elə ilk dəqiqələrdə öz bəhrəsini göstərdi.  Belə ki, Elvin Məmmədovu əvəzləyən yeni transfer Famussa Konenin İlqar Qurbanovun  ideal ötürməsindən sonra sağ cinah müdafiəçisi topu çərçivəyə ünvanladı. Dirəkdən dönən "mərmi"ni isə komandamızın digər yeni üzvü Jozef Monzor torla qovuşduraraq status-kvonu yaxaladı. Bu qol eyni zamanda "Qəbələ"nin cari mövsüm Avropa Liqasındakı ilk dəqiq zərbəsi demək idi. Matçın gedişində isə qarşılaşmanın almaniyalı baş hakimi Marko  Fritz diqqət mərkəzinə düşdü.  Polşalıların cərimə medyançası daxilində rəqib müdafiəçi Koneyə qarşı aşkar şəkildə qaydanı pozsa da, referinin ağ nöqtəni göstərməməsi yerli azarkeşlər tərəfindən xoş qarşılanmadı. İlk hissədə olduğu kimi ikinci yarıda da oyunun ssenarisi demək olar, dəyişilməmişdi. Daha çox uzaq məsafələrdən şansını yoxlayan futbolçular  bir neçə vəziyyətdə qola yaxın oldular. Ancaq qaşılaşmanın sonlarına yaxın "Qəbələ"nin qolkiperi Bezosotnının mükəmməl seyvləri daha yadda qalan oldu. Beləliklə, final fitinə qədər hesab dəyişilmədiyindən tərəflər meydanı hərəyə 1 qolla tərk etdi. Təbii ki, rəqib meydanında qollu heç-heçə qonaqlara sərf etsə də, ötən mövsüm təsnifat mərhələlərində uğurlu çıxışla diqqət çəkən komandamızın bu işin öhtəsindən gələcəyi mümkünsüz görünmür.

Avropa Liqasında ilk dəfə çıxış edən digər klubumuz "Zirə" də I mərhələdəki uğurlu seriyasını davam etdirə bilmədi. İlk turda "Differdanj" kollektivini relsdən çıxaran qəsəbə təmsilçisi növbəti mərhələnin ilk oyunu çərçivəsində səfərdə Rumınıya "Astra"sının qonağı oldu. Görüşün "Zirə" üçün asan keçməyəcəyi əvvəldən bəlli idi. Baxmayaraq ki, meydan sahibləri avrokubok oyunları çərçivəsində son 6 oyunda doğma meydanda sevinə bilmirdi. Beləliklə matça daha aktiv başlayan "Astra" futbolçuları 31-ci dəqiqədə İoniçayla tablonu hərəkətə gətirdi. Az keçmiş Rəşad Sadiqovla bərabərlik qoluna sevinməyimiz müsbət fikirlərə qapılmağımıza yardımçı olsa da, rumınlar sürprizə imkan vermədilər. Oyun ərzində bir çox komponentlərdə rəqibinə uduzan zirəlilər müvafiq olaraq 55 və 74-cü dəqiqələrdə standart vəziyyətlərdən buraxdığı qollarla meydanı 1:3 hesabı ilə məğlub tərk etdi. Bununla da Ayxan Abbasovun yetirmələrini Bakıdakı cavab oyunu öncəsi özünü çətinə salıb. Çünki bakılılar III təsnifat mərhələsinə adlamaq üçün rəqibi 2 qolla cəzalandırmalı və qapısının toxunulmazlığını qorumalıdı.

İlk mərhələdə iki oyunun nəticəsinə əsasən Serbiya"Mladost"unu 5 cavabsız qolla üstələyərək adını növbəti mərhələyə yazdıran "İnter"imiz isə "Fola" kollektivinə rəqibdi. "Qəbələ" və "Zirə"dən fərqli "bankirlər" "Dalğa Arena"dakı ilk oyununda azarkeşlərini qələbə ilə sevindirdi. Rəqibin Lüskemburq təmsilçisi olması ağıllarda komandamızın asan qələbə qazanacağı fikirlərini formalaşdırsa da, nəticə onu göstərmədi. Baxmayaraq ki, görüşün əvvəlindən sonunadək "Fola"dan üstün oyun nümayiş etdirən Zaur Svanadzenin klubu yalnız final fitinə az qalmış qələbə qoluna sevinə bildi. Bütün komponentlərdə rəqibindən üstün olan paytaxt təmsilçisi Mirhüseyn Seydiovun dəqiq vuruşu sayəsində qələbə qazandı. Qeyd edək ki, komandamız bu nəticə sayəsində yeni rekorda imza atmış oldu. "Bankirlər"  ardıcıl 4 avrokubok matçında qapısının toxunulmazlığını qorudu.  Zaur Svanadzenin yetirmələrinin quru seriyası 2015/16 mövsümündə Bakıda “Atletik”lə qolsuz heç-heçə etməklə başlayıb.  Bununla, klubun seriyası 4-ə çatıb. Bu da komandanın avrokubok tarixində yeni rekorddu.

Ölkəmizin Çempionlar Liqasındakı yeganə təmsilçisi "Qarabağ"ın bu mövsümkü debüt matçı isə möhtəşəm alındı. II təsnifat mərhələsində Gürcüstan çempionu "Samtredia"ya rəqib olan "köhlən atlar" ilk oyun çərçivəsində doğma divarlar arasında qonaqlara "divan tutdu". Gürcülərin qapısından 5 cavabsız qol keçirən ağdamlılar Azərbaycan klubları adına ilkə imza atdılar. Belə ki, "Qarabağ" qitənin birinci dərəcəli klub turnirində ən böyükhesablı qələbəni qazanan ilk klub oldu. Maraq üçün onu da xatırladaq ki, ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsinin görüşləri çərçivəsində "Qəbələ"ylə üz-üzə gələn "Samtredia" "Bakcell Arena"da keçirilən ilk matçda da nə az nə çox, düz 5 dəfə mərkəzə dəvət olunmuşdu.

Əslində, matçdan öncə bir çoxları "Qarabağ"ın "Samtredia"ya belə aqibəti yaşadacağını gözləmirdi. Komandanın az və gec transfer etməsi azarkeşləri hiddətləndirmişdi. Lakin hər zaman təmkinli və soyuqqanlılığı ilə seçilən baş məşqçi Qurban Qurbanov bu dəfə də "gec olsun, güc olsun" aforizmini isbatladı. Komandaya yeni cəlb olunan müdafiəçi Yakup Jejniçak və yarımmüdafiəçi Donald Gerye özünü yaxşı tərəfdən göstərməyi bacardı. Matçın ilk hissəsində kapitan Rəşad Sadiqovu əvəzləyən polşalı müdafiəçi nəinki Rəşadın yoxluğunu hiss etdirmədi, hətta meydanda daha artığını etdi. Bu da onu göstərirdi ki, futbolçu əbəs yerə "Legiya" kimi klubda 13 il forma geyinməyib.

Komandanın ikinci transferi Donald Gerye də debüt matçında ümidləri doğrultdu. Meydanda az müddətdə olmasına baxmayaraq, yarımmüdafiəçi qol vurmağı da bacardı.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.