reklam
<strong><font color=#ff0000>"Rəvan"dalizm..</font></strong>

"Rəvan"dalizm..

Rəşad Museyibzadə

TARIX /

Neçə vaxtdı fikirləşirəm ki, “neujeli”, bu boyda Azərbaycanda bir peşəkar futbol klubu yoxdur? Uzun çək-çevir, mətbuatda araşdırmadan sonra axır ki tapdım. Çox əziyyət çəkdim, amma tapdım. Bu, “Rəvan”dı.

“Uçan Aslanların” peşəkar olmasının əsas səbəbi rəhbərliyinin peşəkar olmasıdı. Məni belə düşünməyə vadar edən səbəbləri sadalayım:

Bu klubda baş məşqçi qovulursa onun yerinə sadəcə iki namizəd arasından seçim edilir. Digər klublarımız da bunu bildiyi üçün heç bu məşqçilərə təklif də göndərmirlər. Yəqin xəyanət eləmək istəmirlər. İndi baş məşqçi Vladislav Qədirovdu. O, istefaya göndəriləcəyi halda yerinə gələcək; ya Bəhmən Həsənovdu, ya da Ramil Əliyev. Klubun konsepsiyasında bu 3 məşqçidən başqası işləyə bilməz deyə bir bənd var ya yoxdu, bilmirəm, ola bilsin yazılmamış qanunlarından biridir bu.

Bu klubun fanklubu da yoxdur. Rəhbərliyin bu addımını da alqışlayıram. Pulla azarkeş tutub, onlara sponsorluq edib, xərclərini ödəyib, sonra da lazım gələndə “peşka” kimi istifadə eləmək kimi qeyi-peşəkarlıq etmək nəyə lazım? Uğursuzluq zamanı pulumuz kəsilər deyə, “Rəhbərlik istefa!” səsləndirmək qorxusu da yoxdu . Əslində səsləndirən də yoxdu, səbəb - azarkeş yoxdu.

Pul verib muzdlu jurnalist də tutmurlar. Kimsə “Rəvan” əleyhinə yazı yazanda onlara cavab versin deyə. Klub - daxili məsələdə ilk onun xəbəri olan, futbolçulardan və məşqçidən yalnız onun müsahibə götürülməsinə icazə verilən bir jurnalisti yoxdur. Mənə baxmayın, mən də bundan sonra rəhbərlikdən təklif gözləyirəm.

Heç rəhbərlik özü də azarkeşlərə və ya mətbuata pafoslu açıqlama vermir. Hədlərini və nəyə qadir olduqlarını bilirlər. Ona görə beyində analiz edəndən sonra danışırlar. Hər uğursuzluq zamanı futbolçular baş məşqçiyə “torba tikir” deyib, 4-5 futbolçu göndərib onun yerinə gələn futbolçuların transferlərindən də pul “qatlamırlar”...

Saytlara və qəzetlərə elə çox reklam vermirlər. Yaxşı edirlər. Yoxsa nəyə lazım, reklam verdiyi yer onların əleyhinə bir yazı yazanda “reklamınızı kəsərəm haa” sözləri ilə təhdid etmək?

Mən “Rəvan”ın təxmini yaranma səbəbini eşitmişəm. Eşitdiyimə görə hazırki rəhbərlik “Qalatasaray” azarkeşidi və məhz ona görə də belə bir klub yaradıb. Rənglərinə və loqolarına diqqət edin.

Məhz buna görə mən “Rəvan” rəhbərliyinə təşəkkür edirəm. Sükanı belə saxlayın deyirəm. Ümidvaram ki, bu peşəkarlıqları sona qədər davam edəcək.