Yeni mövsüm, yeni ümidlər (LAYİHƏ)

Oxunma: 376 TARIX /

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı üçüncü yazısı.

Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünün startına sayılı günlər qalıb. Ötən mövsüm olduğu kimi bu il də elitada 8 komanda qalib adı uğrunda yarışacaq. Klub sayı dəyişmədiyi kimi, kollektivlərin əksəriyyətinin hədəfləri də dəyişilməz olaraq qalır. Belə ki, çempionluq uğrunda mübarizə aparan komandalar, Avropa Liqasına düşməyin həyəcanını yaşamaq istəyənlər və normal komanda formalaşdırmaq arzusunda olanlar... Bu yazımızda yeni mövsümdə Premyer Liqada yarışan klubların çempionatdakı hədəfləri və qarşılarına qoyduqları məqsədlər barədə söhbət açacağıq.

Mövsümə uğurlu start vermək niyyətində olan 8 klubumuzdan yalnız "Qarabağ" 2 cəbhədə vuruşur. UEFA Çempionar Liqasında pley-offa yüksəlməklə ilkə imza atan "köhlən atlar" eyni zamanda yeni mövsümdə də çempionluq titulunu qorumaq niyyətindədi. Şübhəsiz, hazırda ölkənin ən güclüsü olan Qurban Qurabnovun yetirmələri heyətinə qatdığı oyunçularla həm yeni mövsüm haqda düşünür, həm də ilkə imza atdığı Çempionlar Liqasında uğurlarının davamını gətirmək niyyətindədi. Hər zaman soyuqqanlılığı ilə seçilən, eyni zamanda "ən yaxşı" olmağı qarşısına məqsəd qoyan baş məşqçi Qurban Qurbanovun çempionluq taxtını başqa kluba verəcəyi bir o qədər real görünmür.  Yeri gəlmişkən, 2017-2018-ci il mövsümünə "Qarabağ"ın səfərdə "Neftçi" ilə üz-üzə gələcəyi oyunla start veriləcək. Əyalət klubunun ötən mövsüm fiaskoya uğrayan "Neftçi" ilə açılış matçında xal itirəcəyinə inananlar bir o qədər çox deyil.

Bu yolda "Qarabağ"a tək rəqib ola biləcək "Qəbələ"nin də məqsədi dəyişliməz olaraq qalır. Ötən mövsüm tarixində ilk dəfə gümüş medal qazanan şimallılar Azərbaycan çempionu olmaq uğrunda mübarizəyə start verəcək. Avropa Liqasındakı macərası cəmi III mərhələdən ibarət olan "qırmızı qaralar"ın indi tək düşüncəsi Azərbaycan Premyer Liqasıdı. Sonuncu ölkə kubokunun finalına qədər irəliləməklə azarkeşlərini sevindirən "Qəbələ", həlledici mərhələdə növbəti dəfə "Qarabağ" səddinə ilişərək, yenə "gümüş"lə kifafyətlənməli olmuşdu. Bu isə o deməkdi ki, Azərbaycan çempionatı və kubokunda müxtəlif vaxtlarda gümüş və bürünc medallara yiyələnən "Qəbələ" nəhayət ki, baş mükafata sahib olmaq arzusundadı. İlk turda səfərdə "İnter"lə qarşılaşacaq Roman Qriqorçukun komandası görüşün favoriti hesab olunur.

"Qəbələ"nin mövsümün startında "İnter"lə görüşə favorit sayılması isə əbəs yerə deyil. UEFA tərəfindən qoyulan transfer qadağası ilə heyətinə yeni futbolçu qata bilməyən "İnter"də vəziyyət bir o qədər ürəkaçan deyil. Maliyyə problemlərinin qabarıq olduğu "bankirlər" yeni mövsüm öncəsi əvvəlcə məlum səbəblər ucbatından uzun illər ev oyunlarını keçirdiyi "İnter Arena"dan didərgin salındı, ardınca isə klubun adının dəyişəcəyi bildirildi. Zaur Svanadzenin baş məşqçisi olduğu paytaxt təmsilçisi hələlik rəqiblərini Mərdəkandakı "Dalğa Arena"da qəbul edəcək. Geriləməyə başlayan "İnter"də futbolçular maaş məsələsindən əziyyət çəkir. Avropa Liqasında gücü II mərhələyə çatan komandaya ilk turdakı qələbəyə görə vəd verilən mükafat da, öz həllini tapmamaqdadı. Bu səbəbdən "İnter"in çempionatda bir o qədər ürəkaçan nəticələr qazanması real görünmür.

"İnter"dən fərqli olaraq yeni mövsümə yaxşı hazırlaşan "Zirə" isə heyətinə qatdığı çoxsaylı futbolçularla yetinmək niyyətində deyil. Hazırda yeni legioner hücumçu axtarışında olan qəsəbə klubu elitadakı iddiasını davam etdirəcək. "Qartallar" bu mövsüm də medallar uğrunda mübarizə aparacaq hədəf yenə də, Avropa Liqasına vəsiqə qazanmaqdı. Bu sözlər isə komandanın baş məşqçisi Ayxan Abbasova məxsusdu. Çalışdırıcı yeni futbol ilində qarşılarına qoyduqları məqsədlərdən bu cür danışdı: "Mövsümün startında ilk rəqibimiz "Səbail"di. Debütant olmaqlarına baxmayaraq, düşünürəm ki, yaxşı kollektivdilər. Onların yoxlama görüşlərini də izləmişəm. Heç də pis təsir bağışlamırlar. "Zirə" olaraq çempionata tam şəkildə hazırıq. Məqsədimiz odu ki, ən azı komandamızın ötən ilki əzmkarlığını qoruyaq. Reallıqla danışmaq lazım gələrsə, onu deyim ki, bu gün "Qarabağ" və "Qəbələ" kimi klublarla çempionluq yarışına girmək çox çətindi. Hər oyuna məğlub olmamaq üçün çıxacağıq".

Az büdcə ilə çox iş görməyin yollarını axtaran "Kəpəz" də çempionata hazırdı desək, yanılmarıq.  Bununla belə Gəncə klubunun mükafatçılar sırasına düşəcəyi yaxud düşmək uğrunda mübarizə aparacağı bir o qədər asan məsələ deyil. Avropa Liqasına vəsiqə qazanmaq "sarı-göylər" üçün böyük uğur olacaq. Komandanın baş məşqçisi Şahin Diniyev yeni mövsüm haqda düşüncələrini belə bölüşdü: "Hər hansı bir komanda çempionata qatılırsa, onun mütləq bir hədəfi olmalıdı. "Kəpəz" çempionatda qalmaq uğrunda mübarizə aparmaq yaraşmaz. Baxmayaraq ki, özünüz də bilirsiz, bizim büdcəmiz azdı. Üstəlik maddi-texniki bazamız da digər klublardan fərqlənir. Məhz bu səbəbdən, bizim iddialı olmağımız çətin məsələdi. Yenə də, hər şeyi zaman göstərəcək. Gəlin, hadisələri qabaqlamayaq".

2010-cu ildən bu yana "Sumqayıt Şəhər" adı ilə elitada çıxış edən, həmin vaxtdan bu yana orta-aşağı sıralarda qərar tutan və heç bir nəticəsi olmayan hazırkı "Sumqayıt" isə bu mövsüm azı Avropa Liqasına düşməyi qarşısına hədəf qoyub. Ötən mövsüm baş məşqçi Samir Abasovun rəhbərliyi altında yaxşı nəticələr qazanan, hətta Avroliqaya düşmək şansını son turlara qədər daşıyan "gənclik şəhəri"nin təmsilçisi bu dəfə çətin misyanın öhtəsindən gələcəyini düşünür. Əsasən yerli futbolçulardan formalaşan komanda hər mövsüm ən azı bir tanınmamış futbolçunun ulduzunu parladır. I turda evdə "Kəpəz"lə üz-üzə gələcək "Sumqayıt" doğma azarkeşləri önündə qələbə qazanmaq istəyir. "Kəpəz"dən heyətinə qatdığı Tural Axundov və Vüqar Bəybalayevin sabiq komandalarına qarşı necə çıxış edəcəyi isə maraq doğurur.

Maraq doğuran məqamlardan digəri isə "Neftçi"di. Ötən mövsümü aşağı dəstəyə düşmə zolağının bir pillə yuxarısında başa vuran "ağ-qaralar" tarixlərinin ən pis dönənlərindən birini yaşadılar. Xüsusi ilə transfer siyasətində olduqca yanılan "Neftçi" rəhbərliyi və məşqçiləri eyni uğursuzluğu yaşamamaq üçün əlindən gələni edir. Geridə qalan mövsüm komandanın məğlubiyyətlərində əsas pay sahibi olan legionerlərlə yollarını ayıran flaqman sıralarına cəlb etdiyi yeni oyunçularla zədələnmiş imicini bərpa etməyə çalışacaq. Əvvəlki əzəmətindən qat-qat uzaq olan Elxan Abdullayevin yetirmələri medallar uğrunda mübarizə aparmağı planlaşdırır. İlk turda son çempion "Qarabağ"a rəqib olan "Neftçi"nin çempionata xalla başlaması asan olmayacaq. Bununla belə Ağdam klubunun bütün gücünü Çempionlar Liqasındakı rəqibi "Kopenhagen"ə saxlaması, paytaxt təmsilçisini ümidləndirir

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.