AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı altıncı yazısı.


Nəhayət ki, Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümü start götürdü. İlk turdan etibarən azarkeşlər maraqlı və gərgin görüşlərə şahidlik etmiş oldular. Baş tutan  4 qarşılaşmada qapılara nə az, nə çox düz 13 qol vuruldu. Keçirilən oyunlarda sülh qeydə alınmadı. Əvəzində qonaq komandalarla meydan sahibləri arasında qazanılan qələbə sayı bərabər oldu. Belə ki, baş tutan matçların ikisində qonaqlar qələbəyə sevindisə, iki görüşdə də meydan sahibləri rəqibindən güclü olan tərəf oldu.

Ümumilikdə keçirilən 4 oyunu tribunalardan 7256 tamaşaçı izlədi. İlk turun rekord göstəricisi isə "Neftçi" - "Qarabağ" matçında qeydə alındı. "Bakcell Arena"da keçirilən və 4 qolun qeydə alındığı qarşılaşmada 4800 azarkeş oyunu canlı izlədi.

Mövsümün ilk turunun antirekordu isə "İnter Arena"da qeydə alındı. Belə ki, "Qəbələ"nin qalib gəldiyi oyunu cəmi 500 azarkeş tamaşa etdi.


Çempion formada, "Neftçi" isə...

Mövsümə "Bakcell Arena"da start verildi. Son çempion "Qarabağ" ötən mövsümü olduqca zəif keçirən "Neftçi"nin qonağı oldu. Yoxlama görüşlərində yaxşı təsir bağışlayan "ağ-qaralar" Ağdam təmsilçisi qarşısında heç nə ilə yadda qalmadı. Paytaxt təmsilçisi Qurban Qurbanovun yetirmələrinə müqavimət göstərə bilməyincə qonaqlar 3 dəfə qapı torunu silkələməli oldu. Yeni mövsümə hələ də hazır olmayan "flaqman" bu qollardan yalnız birinin əvəzini çıxa bildi. Bununlada "Neftçi" uzun müddətdir ki, düşdüyü "qara zolaq"dan yenə də çıxa bilmədi.



"Qəbələ"dən uğurlu start
Ötən mövsüm çempionluq mübarizəsində "Qarabağ"a məğlub olaraq gümüş medallarla mövsümü qapayan "Qəbələ"də bu il də hədəf birincilikdi. Avroliqada uğursuzluqla üzləşən Roman Qriqorçukun komandası üçün yalnız ölkədaxili yarışlarda yaxşı nəticələr göstərmək qalır ki, bunu da mövsümə qələbə ilə start verməklə isbatlamış oldular.

"İnter" səfərində müdafiədə buraxdığı xeyli kobud səhvlərinə rəğmən "qırmızı-qaralar" 3 xalı qazanan tərəf oldu. Heç də yaxşı günlərini yaşamayan "İnter" bu qollardan birinin əvəzini çıxa bilsə də, bu məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı. Beləliklə, ötən mövsümün bürünc medalçısı olan paytaxt təmsilçisi yeni mövsümə məğlubiyyətlə başladı.



Debütantdan uğursuz başlanğıç

Turun digər maraqlı oyunu Zirədə keçirildi. İlk dəfə avrokuboklara vəsiqə qazanaraq Avroliqanın ikinci mərhələsində dayanan "Zirə" Premyer Liqaya yeni vəsiqə qazanmış "Səbail"i qonaq etdi. Premyer Liqanın yeni iştirakçısı olan "Səbail" oyuna heç də yaxşı başlamadı. Artıq matçın ilk 15 dəqiqəsində qapısında iki qol görən "Səbail" bundan sonra toparlanmağa başladı. 


Vüqar Nadirovla hesab arasındakı fərqi minimuma endirən qonaqlar oyunun qalan bölümündə də meydan sahiblərinə həyəcanlı dəqiqələr yaşatsa da, bu hesabın bərabərləşməsinə zəmin yaratmadı. Bununlada Ayxan Abbasovun komandası mövsümə qələbə ilə başladı.



Əyalət klublarının qarşıdurması

Turun yeganə görüşü Sumqayıtda baş tutdu ki, həmin qarşılaşmada bölgələri təmsil edən kollektivlər münasibətlərinə aydınlıq gətirirdi. "Sumqayıt"ın doğma publika qaşrısında "Kəpəz"i qəbul etdiyi matçda ev sahibləri qələbəni bayram edən tərəf oldu. Hərçənd kiŞ yerli publikanın yarısı qarşılaşmanı izləmək üçün yer tapa bilmədiyindən ayaq üstə qalmışdı. Bununla belə "gənclik şəhəri"nin təmsilçiləri sürətli hücumlarla başladığı görüşdə əvvəlcə Cavid İmamverdiyevin şedevr qolu ilə hesabı açmağa müvəffəq oldu. Hər kəs müdafiədə olduqca inamsız təsir bağışlayan gəncəlililərin ikinci dəfə mərkəzə dəvət olunacağını gözlədiyi bir vaxtda ev sahibləri arxa xəttə inanılmaz səhvə yol verdilər. "Həddiyə"ni geri çevirməyən qonaqlar status-kvonu yaxalasalar da, məğlubiyyət qaçınılmaz oldu. 



Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.