reklam
Şahin Diniyev: "Bu dünyanın sonu demək deyil"

"Bu cür meydançada nəsə yaratmaq olduqca çətindi. Belə ot örtüyü olan futbol meydançasında hücum etmək demək olar, mümkünsüzdü. Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, olmadı".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının II turu çərçivəsində 2Zirə" ilə keçirilən görüşdən sonra "Kəpəz"in baş məşqçisi Şahin Dİniyev deyib. Təcrübəli mütəxəssis oyun boyu daha çox uzun ötürmələrdən istifadə etdiklərini dilə gətirib: "Texnikalı futbolçuların çoxluq təşkil etdiyi komanda yaratmaq istəyirik. Bu gün "Zirə" müdafiəni qorudu və bizi əks hücumlarda yaxaladı.  İlk dəfədi ki, hər şeydən narazıyam. Bu dünyanın sonu deyil, irəliyə baxmaq lazımdı. Qarşıda bizi hələ çox oyunlar gözləyir. Yenə deyirəm, meydançanın pis vəziyyətdə olması, bizim oyunumuza çox mənfi təsir etdi. İstəməzdim bütün məsuliyyəti meydançanın boynuna yıxım. Çünki rəqib də eyni yedə oynayırdı." 

Gəncə klubunun çalışdırıcısı müdafiədə buraxdıqları kobud səhvlərə də toxunub: "Ardıcıl ikinci oyundu ki, müdafiəçilərimiz səhvlərə yol verir. Özümüz öz qapımıza qol vəziyyəti yaradırıq. Biz kiçik komandayıq. Dedimar Fereyra və Çernişevin olmaması, oyunun gedişində Viktor Oseqeylın zədələnməsi gücümüzü daha da azaltdı.  Qarşıda bizi "Neftçi" ilə çətin oyun gözləyir. Ümid edirəm ki, ged-gedə toparlanacağıq".