Klublarımız yaranan fasilədən necə yararlandı? - LAYİHƏ

Oxunma: 345 TARIX /

FFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı səkkizinci yazısı.


DÇ 2018-in seçmə mərhələsinin görüşləri  çərçivəsində milli komandaların meydana çıxdığı oyun günlərində ölkə çempionatlarında fasilə yarandı. Həmin fasilə Azərbaycan Premyer Liqasına da aid oldu ki, elitada çıxış edən klublarımızdan əksəriyyəti  yaranan boşluqdan maksimum yararlanmağa çalışdı. Premyer Liqanın III turunun ardından "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", və "Neftçi" ümumilikdə 19 futbolçusunu millinin düşərgəsinə yola saldı. UEFA Çempionlar Liqasında ölkəmizi şərəflə təmsil edən Ağdam klubu şübhəsiz adı çəkilən kollektivlər arasında ən çox yığma komandaya futbolçu qazandıran komanda oldu. 8 futbolçusunu Azərbaycan üçün "döyüş"ə yola salan "köhlən atlar" bundan başqa qapıçı İbrahim Şehiçi Bosniya və Hersoqovina, müdaifəçi Ansi Qollini isə Albaniya seçməsinin düşərgəsinə göndərdi. G qrupunda yer alan Albaniyanın Lixtenşteynlə üz-üzə gəldiyi matçda Aqollinin dəqiq zərbəsi sayəsində qol sevincini yaşamasını qeyd etməyimiz də yerinə düşərdi. 


"Qarabağ" qismən dincəldi...

Beləliklə , qitənin ən nüfuzlu klub turnirində xeyli güc sərf edən, bundan başqa ölkə çempionatına da uğurlu start verərək 3 görüşdə maksimum nəticə göstərən və seçmə mərhələnin oyunları səbəbindən ümumilikdə 10 futbolçusundan ayrı düşən "Qarabağ"ın yaranan fasilədən istifadə etməyə vaxtı olmadı.


"Qəbələ" və "Sumqayıt" boş oturmadı

Bununla belə, son illərdə Premyer Liqada Qurban Qurbanovun komandasının əzəli rəqibini çevrilən "Qəbələ" yoxlama görüşü keçirməyə macal tapdı. Sentyabrın 5-i, milli komandamızın San Marino ilə görüşündən bir gün öncə digər eltia klubu "Sumqayıt"la sınaq matçında çıxan "qırmızı qaralar" qarşılaşmadan məğlub ayrıldı. İlk onbirlikdə  bir vaxtlar millimizə dəvət alan qapıçı Aqil Məmmədov və yarımmüdafiəçi Elvin Məmmədova şans verən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk 1:3 hesablı məğlubiyyətə əngəl ola bilmədi. "Gənclik şəhəri"nin təmsilçisinin heyətində Amil Yunanov və Cavid İmamverdiyevin qolları Samir Abasovun yetirmələrinə qələbə qazandırdı. 


Heyətini gücləndirən "Zirə"nin "Səbail"lə dueli

"Qarabağ" kimi bu mövsümün ən yaxşısı olan "Zirə" də milli komandaya öz töhvəsini verənlər sırasında idi.  Qəsəbə klubu qapıçı Anar Nəzirovla müdafiəçi Təmkin Xəlilzadəni millinin düşərgəsinə uğurlamışdı. "Əlcək sahibi" ehtiyat oyunçular skamiyasında oyunu izləsə də, yığma komandanın heyətində debüt edən Təmkin Xəlilzadə özünü pis tərəfdən göstərmədi. Adıçəkilən futbolçuların çıxış etdiyi klub çempionatın fasiləsində sıralarını bir qədər də gücləndirdi. "Qartallar" azərbaycanlı futbol azarkeşlərinə yaxşı tanış olan malili hücumçu Sadio Tounkara ilə 2 illik müqaviləyə qol çəkdi. 25 yaşlı futbolçunun daha əvvəl ölkəmizdə "Xəzər Lənkəran" və AZAL klublarının şərəfini qoruduğunu xatırlatmaqda fayda var. "Qəbələ" və "Sumqayıt" klubları kimi yoxlama görüşü keçirməyi unutmayan Ayxan Abbasovun komandası elitanın debütantı "Səbail"lə qarşılaşdı. "Dağla Arena"nın ehtiyat meydançasında güclərini sınayan tərəflərin duelində qalib müəyyənləşmədi - 1:1.  Bildiyiniz kimi, DÇ 2018-in seçmə mərhələsinin görüşləri ərəfəsində, həmçinin U 21 yığmaları Avropa çempionatının seçmə oyunlarını keçirdi. "Səbail"in heyətində gürcüstanlı Tamazi Tsetsxladzenin ölkəsinin 21 yaşlı futbolçulardan ibarət yığma komandasına dəvət alması isə yadda qalan məqamlardan oldu.


Çətinliklərə sinə gələn "İnter"

Transfer qadağası səbəbindən heyətini yeni mövsüm öncəsi gücləndirə bilməyən, üstəlik maliyyə problemləri olan "İnter" də kəsad heyətinə baxmayaraq yaranan fasilədən maksimum yararlanmağa çalışdı. Müdafiəçi Tərlan Quliyevi millinin ixtiyarına verən "bankirlər" I Divion təmsilçisi ilə qüvvəsini sınamağı qərar aldı. Öz meydanında "Qaradağ Lökbatan" futbolçularını qonaq edən Zaur Savanadzenin komandası rəqibi ilə sülh bağladı 3:3. 


Həyatda qalmağa çalışan "Kəpəz"

Qısa fasilə müddətində aşağı dəstə təmsilçisi ilə qarşılaşan tək klub "İnter" olmadı. Cari mövsümə olduqca uğursuz başlayan "Kəpəz" də "Qaradağ Lökbatan"la matçda nəyə qadir olduğunu yoxlamağa çalışdı. "Dalğa Arena"nın ehtiyat meydançasına salınan görüşdə də qalib müəyyənləşmədi. Hücumçu sarıdan əziyyət çəkən Gəncə klubu Qaradağ klubunun müqavimətini qıra bilmədi. 0:0


Hamıdan çox çalışan "Neftçi"

I Divizion klubu ilə qarşılaşan Premyer Liqa komandalarımızdan biri də "Neftçi" oldu. 3 futbolçusu millinin düşərgəsində olan "ağ qaralar" hazırlıq matçı üçün MOİK-i seçdi.  İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında "hərbiçilər"i sınağa çəkən Elşad Əhmədovun rəhbərlik etdiyi komanda vurduğu 3 qolla qələbə qazanmağı bacardı. Sabiq baş məşqçi Elxan Abdullayevin istefasından sonra boş qalan posta gətirilən Əhmədov görüləcək işlərin çoxluğunu yaxşı analiz etdiyindən 1 yoxlama matçı ilə kifayətlənmədi.Digər rəqiblərindən fərqli olaraq az zaman müddətində ikinci oyununa çıxan "flaqman" növbəti qarşılşamasını əvəzedici komandaya qarşı keçirdi. "Dubl"dan daha yaxşı təsir bağışlayacağı heç kimdə doğurmayan matç əsas kollektivin 5:1 hesablı üstünlüyü ilə başa çatdı.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.