reklam
“Qarabağ” və “Qəbələ” bir addım öndə - <font color=#ff0000>LAYİHƏ</font></strong>

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olanNewsport.az saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı 8-ci yazısı

Mövsüm ərzində uğur qazanmaq istəyirsənsə, yaxşı hazırlıq keçməli və dəqiq transferlər etməlisən. Bunlar ən vacib 2 şərtdir. Əlbəttə, yaxşı baş məşqçinin olması da önəmli amillərdən biridir. Ancaq heyətin zəifdirsə, komandanın başına Joze Mourinyo və ya Pep Qvardiolanı da qoysan, heç bir uğur qazandıra bilməyəcək. Bunu bir bənzətməylə anlatmaq daha doğru olar. Təsəvvür edin ki, Mixail Şumaxerin altına “Jiquli” verirsiniz və ondan sıradan bir sürücünün “Mersedes”ini keçməsini tələb edirsiniz. Mühərriklər arasındakı fərq sözünü deyəcək. Şumaxer nə qədər mahir sürücü olsa da, SSRİ-nin məhsuluyla müasir alman avtomobilini keçə bilməz. Uğurlu transfer edən klubla yayda papağı günə yandıran klubun fərqi mövsümün gedişində üzə çıxır.

Bildiyiniz kimi, yay transfer pəncərəsi sentyabrın 1-də bağlanıb. Bundan sonra Premyer Liqa iştirakçıları yalnız klubsuz futbolçuları heyətinə qata bilər. Belə oyunçuları tapmaq isə müşkül məsələdir. Bu yay transferdə bir neçə klubumuz kifayət qədər fəallıq göstərdi. Xüsusilə çempionluğa oynayan klublar...

“Qarabağ”

Gələnlər: Abbas Hüseynov (“İnter”), Anton Kanibolotski ("Şaxtyor"), Yakub Jezniçak ("Legiya", Polşa), Vild-Donald Gerye ("Alanyaspor", Türkiyə), Ramil Şeydayev ("Trabzonspor" - icarə), Perdo Enrike (PAOK, icarə), Tarik El Yunussi ("Olimpioakos", icarə)

Gedənlər: İlyas Səfərzadə (“Kəpəz”), Azər Salahlı ("Sumqayıt"), Vüqar Mustafayev ("Zirə"), Boyan Şaranov, Vüqar Nadirov, İlqar Qurbanov ("Qəbələ"), Emil Balayev ("Səbail"), Muarem Muarem

Müqavilə müddətini artıranlar: Əfran İsmayılov, Qara Qarayev, Ansi Aqolli, Miçel Madera

“Qarabağ”ın transfer fəaliyyətini iki hissəyə ayırmaq olar. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmamışdan əvvəl və sonra baş tutan transferlər. Ötən mövsüm “İnter”in heyətində parlayan Abbas Hüseynov gənc futbolçu kimi gələcəyə hesablanmış transferdir. Anton Kanibolotski "Şaxtyor"dan alınanda çoxları bu transferə ağız büzdü. Əksəriyyət deyirdi ki, “Qarabağ”ın qapıçı almağa nə ehtiyacı var. Ancaq zaman göstərdi ki, klub qapıda rəqabəti gücləndirməklə doğru addım atıb. Qurban Qurbanov ukraynalıya hələ ki çempionat oyunlarında şans verib. Kanibolotski də özünü yaxşı tərəfdən göstərməyi bacarıb. ÇL-in qrupunda da Antona şans verilə bilər. Əgər İbrahim Şehiç hansısa vacib oyunda böyük səhvə yol versə. Yakub Jezniçak “Samtredia” ilə oyundan səviyyəsini ortaya qoydu. "Legiya"da avrokubok təcrübəsi görmüş, ÇL-in qrupunda oynamış polşalı müdafiəçi etibarlılığıyla diqqəti çəkir. İndi “Qarabağ” azarkeşləri Rəşad Sadıqov zədələnəndə narahatlıq keçirmir. Bilirlər ki, onu layiqincə əvəzləyəcək stopper var. Vild-Donald Gerye də pis təsir bağışlamır. "Alanyaspor"dan alınan cinah yarımmüdafiəçisində bir qədər sabitlik çatışmır. “Qarabağ” Danimarkada tarixi uğur qazandıqdan sonra heyətinə daha 3 futbolçu qatdı. Daha doğrusu, onlar klublarından icarəyə götürüldü. Ramil Şeydayev hücumda Dino Ndlovuyla rəqabət aparacaq. Şeydayev növbəti mövsüm "Trabzonspor"aqayıtmaq istəyirsə, cari mövsüm ən azı Premyer Liqada özünü göstərməlidi. Perdo Enrike və Tarik El Yunussi vingerlərdir. Ancaq onların texniki imkanları elə səviyyədədir ki, hücumçu və ya pleymeyker kimi də oynatmaq olar. Heyətini zənginləşdirən “Qarabağ” ardıcıl 5-ci çempionluğu qazana bilər. Qurban Qurbanovun seçim şansı çoxdur.

“Qəbələ”

Gələnlər: İlqar Qurbanov ("Qarabağ"), Aqil Məmmədov (AZAL), Elvin Məmmədov (Zirə), Stiven Jozef-Monroz, Dion Malone, Endi Hallidey ("Reyncers" - icarə), Famussa Kone ("Göztəpə" - icarə), Deyv Bultuis ("Nürnberq", Almaniya), Alen Askerov

Gedənlər: Rəşad Eyyubov ("Sumqayıt"), Nika Kvekveskiri ("Tobol", Qazaxıstan), Daniel Subotiç, Məhəmməd Mirzəbəyov, Sergey Zenyov, Rəşad Sadiqov ("Zirə"), Rafael Santos, Murad Musayev, Teo Uiks, David Petrzkeviç, Rikardinyo, Ramin Həsənov, Araz Abdullayev ("Anortosis" - icarə)

Müqavilə müddətini artıranlar: Roman Qriqorçuk (baş məşqçi), Dmitri Bezotosnı, Elvin Camalov, Vitali Vernidub, Cavid Hüseynov, Asif Məmmədov, Rasim Ramaldanov

“Qəbələ” bu yay da transfer bazarının ən fəal klubu oldu. Gedənlərin yerini layiqincə doldurmaq müşkül məsələ idi. Xüsusən də Nika Kvekveskirinin yeri görünürdü. “Qırmızı-qaralar” İlqar Qurbanov və Elvin Məmmədovu heyətinə qatmaqla legioner limitinin olduğu Premyer Liqa üçün önəmli keçidləri reallaşdırmış oldu. Hər iki futbolçu bölgə klubunda ümidləri doğrultmağı bacarır. Aqil Məmmədov Dmitri Bezotosnını bəzi oyunlarda əvəzləmək üçün transfer edildi. Avroliqanın 2-ci təsnifat mərhələsinin başlamasına bir qədər qalmış Stiven Jozef-Monroz, Dion Malone, Endi Hallidey, Famussa Kone və Deyv Bultuis kimi futbolçular heyətə cəlb olundu. Ancaq onlar “Panatinaikos”la oyunlarda bir işə yaramadı. Heç çempionatda da hələ ki ciddi faydaları görülməyib. Nisbətən Monroz fəaldı. Əksəriyyəti limitə görə ehtiyatda qalır. Oynamadığı üçün klubdan ayrılan Xavi Ernandesi uğursuz transferlər sırasına əlavə etmək lazımdı. Adları çəkilənlərin bir çoxu səviyyəli çempionatlarda çıxış edib. Onlar komandaya və Premyer Liqaya tam uyğunlaşsa, “Qəbələ” çempionluq yolunda “Qarabağ”a boy göstərə bilər. Əks halda, çempion dəyişməyəcək.

“İnter”

Gələnlər: Yoxdur

Gedənlər: Abbas Hüseynov (“Qarabağ”), Səlahət Ağayev (“Neftçi”), Zurab Xizanişvili (karyerasını bitirib), Rauf Əliyev ("Kukesi", Albaniya)

Müqavilə müddətini artıranlar: Nizami Hacıyev, Tərlan Quliyev, Samir Zərgərov, Slavik Alxasov, Pərdis Fərcad-Azad, Elnur Abdullayev, Mirsahib Abbasov, İlkin Qırtımov, Denis Silva, Fuad Bayramov,  Məmməd Quliyev, Orxan Sadıqlı, Adrian Skarlatake

Bildiyiniz kimi, UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, klub yay transfer pəncərəsində yeni futbolçu ala bilməz. Bu səbəbdən “İnter” heç olmasa heyətini qorumağa çalışdı. Ancaq buna tam nail ola bilmədi. Zurab Xizanişvili karyerasını bitirdiyini açıqladı. Abbas Hüseynov “Qarabağ”la, Səlahət Ağayev isə “İnter”lə anlaşdı. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış isə Rauf Əliyev “Kukesi”yə keçdi. Hərçənd bu keçid heç də asan başa gəlmədi. “İnter” rəhbərliyi ilk dəfə legioner həyatı yaşayan hücumçunun müqaviləsinin davam etdiyini isbatlamağa çalışsa da, bu mübarizədə futbolçu qalib gəldi. Böyük yara almış heyətlə “İnter”in yenə medalçılar sırasında yer alması qəliz görünür.

“Zirə”

Gələnlər: Nicat Qurbanov ("Kəpəz"), Vüqar Mustafayev ("Qarabağ"), Orxan Əliyev, David Manqa, Kervens Belfort ("Surinska"), Jozef Bum, Qabriel Matey ("Qurnik, Polşa), Yusif Nəbiyev, ("Qəbələ" - icarə), Sadio Tounkara

Gedənlər: Migel Lorenzo (“Vitoriya”, Portuqaliya: icarə müddəti başa çatıb), Tural Cəlilov ("Kəpəz"), Nurlan Novruzov ("Bakı": icarə müddəti başa çatıb), Yamin Ağakərimzadə ("Səbail"), Elvin Məmmədov (“Qəbələ),  Mamadu Sanqar, Cavid Tağıyev (“Sumqayıt”)

Müqavilə müddətini artıranlar: Kamal Bayramov, Anar Nəzirov, Sadiq Quliyev, Təmkin Xəlilzadə, Viktor İbekoyi, Yovan Krneta, Aleksandr Şemonayev, Milan Duriç, Riçard Qadze

Onsuz da heyəti normal olan “Zirə”nin də gücləndiyini söyləyə bilərik. Düzdür, Ayxan Abbasovla mübahisə etdiyi üçün klubun yollarını ayırdığı Rəşad Sadiqov uğursuz transfer sayıla bilər. Ancaq qaradərili futbolçuların keçidini uğurlu saymaq olar. David Manqa, Kervens Belfort və Jozef Bum “Zirə”yə çox tez uyğunlaşdı. Ancaq Belforta görə Hindistan klubu elçi düşüb. “Zirə” bu futbolçunu satıb gəlir götürə bilər. Orxan Əliyev və Nicat Qurbanov da yenilərdəndir. Ancaq onlar hələ Ayxan Abbasovun sisteminə tam uyğunlaşa bilməyib. Azad agent kimi transfer edilən Sadio Tounkara da komandaya medallar uğrunda mübarizədə böyük fayda verə bilər. Çünki illərdi çempionatımızda çıxış edir. Nəyin necə olduğunu çox gözəl bilir.

“Kəpəz”

Gələnlər: İlyas Səfərzadə (“Qarabağ”), Kamran Abdullazadə (“Sumqayıt”), İlkin Sadıqov (“Turan Tovuz”), Tural Cəlilov ("Zirə"), Azər Məmmədov ("Turan Tovuz"), Ruzi Qiyaslı ("Neftçi"), Aydın Qasımov, Sergey Çernışev,Fereyra Dedimar, Dialo Samba, Oseqeyl Viktor

Gedənlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Sumqayıt”), Nicat Qurbanov ("Zirə"), Dario Federiko, Tural Qürbətov, Eyyub Əliyev, Tural Nərimanov, Orxan Əliyev, Tadas Simaitis, Julien Ebah, Serjio Kosta, Renan da Silva

Müqavilə müddətini artıranlar: Davud Kərimi, Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, Kərim Diniyev, Ceyhun Cavadov, Tural Rzayev

SOCAR “Kəpəz”in stadionuna pul ayırdığı üçün transfer büdcəsi kiçik oldu. Ona görə də əsasən iddialı klublara lazım olmayan yerli futbolçularla kəm-kəsiri aradan qaldırmağa çalışdılar. Ümid yeni legionerlərə - braziliyalı Fereyra Dedimara, malili Dialo Sambaya və nigeriyalı Oseqeyl Viktoradır. Hələ ki Viktor geridə qalan turlarda az-çox nəsə etməyə çalışıb. Qalanları isə yerində sayır. Görünən odur ki, gəncəliləri çox ağır mövsüm gözləyir.

“Sumqayıt”

Gələnlər: Tural Axundov, Vüqar Bəybalayev (hər ikisi “Kəpəz”), Cavid İmamverdiyev (“Neftçi”), Kamal Mirzəyev (AZAL), Rəşad Eyyubov ("Qəbələ"), Azər Salahlı ("Qarabağ"), Cavid Tağıyev ("Zirə"), Ramin Həsənov ("Qəbələ" - icarə), Süleyman Süleymanov ("Qəbələ")

Gedənlər: Mirabdulla Abbasov (“Neftçi”: icarə müddəti başa çatıb), Kamran Abdullazadə ("Kəpəz"), Yusif Nəbiyev (“Qəbələ”: icarə müddəti başa çatıb), Məhəmməd Qurbanov, Ayaz Mehdiyev, Mikayıl Rəhimov, Tərlan Əhmədli, Nasir Abilayev, Seymur Əsədov

Müqavilə müddətini artıranlar: Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə

Bu yay transferlərə hamıdan əvvəl“Sumqayıt” başladı. Çempionatda sözünü deyə biləcək futbolçular heyətə qatıldı. Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev, Kamal Mirzəyev, Rəşad Eyyubov, Azər Salahlıvə Cavid Tağıyevin keçidindən sonra indi bu komanda təcrübəlilərlə gənclərin sintezindən qurulmuş kollektivə çevrilib. Özlərini yenidən futbol ictimaiyyətinə sübut etməyə çalışanların cəmləşdiyi komanda hələ ki qeyri-sabit çıxış edir. Ancaq mövcud heyət Avroliqaya vəsiqə uğrunda mübarizə aparmağa imkan verir.

“Neftçi”

Gələnlər: Mirabdulla Abbasov (“Sumqayıt”: icarədən qayıdıb), Səlahət Ağayev (“İnter”), Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli, Elnur Cəfərov, Mateo Mujek, Derlis Meza Kolli

Gedənlər: Cavid İmamverdiyev (“Sumqayıt”), Mahir Şükürov (karyerasını bitirib), Kamal Qurbanov, Murad Ağayev (hər ikisi "Səbail"), Jairo Rodriges, Maksim Vaylo, Eltun Yaqublu, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov (hər üçü "Səbail" - icarə), Zdenek Folpext, Elvin Bədəlov, Georgi Navalovksi, Edson Kastilyo ("Mineros Quayana” - icarə) Elxan Abdullayev (baş məşqçi)

Müqavilə müddətini artıranlar: Elxan Abdullayev (baş məşqçi), Tərzin Cahangirov, Elvin Bədəlov

Zdenek Folprext və Georgi Navalovskinin gedişi “Neftçi” üçün böyük itki oldu. Qalanlarının gedişini itki saymaq olmaz. Bu yaxınlarda Elxan Abdullayevlə yolları ayıran ölkənin ən köklü klubu cəmi 2 legioner transfer edib. Mateo Mujek Navalovskinin yerini doldurmalıdır. Ancaq hələ ki yeni transfer ümidləri doğrultmur. Derlis Meza Kolli isə “İnter” və “Qəbələ”dəki çıxışıyla azarkeşlərə tanışdır. Formaya düşsə, “ağ-qaralar” üçün böyük fayda verə bilər. Ötən mövsüm “Sumqayıt”da ayağı açılan Mirabdulla Abbasov indi yetişdiyi klubda sözünü deməlidir. Səlahət Ağayev və Məhəmməd Mirzəbəyovun yığma üzvləri olması çox şeyi deyir. Legioner həyatı uğursuzluqla nəticələnən Elnur Cəfərov isə “Neftçi” ilə yenidən yüksəlişə başlamaq istəyir.

"Səbail"

Gələnlər: Samir Əliyev (baş məşqçi), Kamal Qurbanov, Murad Ağayev,Orxan Qurbanlı (hamısı "Neftçi"), Yamin Ağakərimzadə ("Zirə"), Emin Mehdiyev ("Zaqatala"), Aqşin Muxtarlı ("Turan Tovuz"), Raul Yaqubzadə, Vüqar Nadirov, Nurlan Novruzov ("Zirə"), Stati Ayron, Eqdaras Zarskis, Tamazi Tsetsxladze, Jarjue Maudo, Tellas Renan

Gedənlər: Elman Sultanov (baş məşqçi), Rəşad Əzizli ("Neftçi")

Müqavilə müddətini artıranlar: Təyyar Məmmədov, Eltun Yaqublu, Emil Balayev, Orxan Qurbanlı

1-ci diviziondan elitaya yüksəldikdən sonra  heyətini əsaslı şəkildə dəyişən “Səbail” əsasən gəncləri heyətinə qatıb. Bunlardan ən təcrübəlisi Vüqar Nadirovdur. “Qarabağ”ın sabiq üzvü hələ ki inamlı təsir bağışlayır. Debütant 4 legioner də transfer edib. Stati Ayron, Eqdaras Zarskis, Tamazi Tsetsxladze, Jarjue Maudo, Tellas Renan Samir Əliyevin sərəncamındadır. Hədəf isə elitada qalmaqdan ibarətdir.

Mərdan Həsənov

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".