reklam
Fantastik qolun müəllifi Diniyev danışdı: "Orxan Sadıqlı az qala mərkəz xəttinə qədər çıxırdı"

"İnter"lə görüşdə aldığımız məğlubiyyətə görə üzgünük. Hesabda 0:3 geridə olmağımız bizi həvəsdən salmışdı. 2 qol vurduq, fərqi azaltdıq, bundan artığına gücümüz çatmadı".

İdmanxeber.com-a açıqlamasında bu sözləri "Kəpəz"in futbolçusu Kərim Diniyev deyib. Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində səfərdə "İnter"in qonağı olan Gəncə klubunun yarımmüdafiəçisi təxminən 55-60 metr məsafədən vurduğu fantastik qolla bağlı da danışdı: "Düzdü, yaxşı qol idi. Fikirləşirəm ki, Azərbaycan çempionattında belə qol olmamışdı Ancaq o qədər də şişirdiləsi bir şey görmürəm. Topu vurdum qol oldu. Oyun zamanı gördüm ki,  qapıçı Orxan Sadıqlı tez-tez qabağa çıxır.  Hətta az qala mərkəz xəttinə qədər qabağa gəlirdi. Öz-özümə dedim ki, top düşsə qapını yoxlayacam. Yoxladım, şükürlər olsun ki, alındı. Ancaq nə xeyri? Məğlubiyyətdən qaça bilmədik. O məsafədən qapını yoxlamaq çox da yaxşı hal deyil. Əgər qol olmasaydı hamı güləcəkdi. Tənqidlər də olardı ki, o məsafədən qapını yoxlamaq olmaz".

Baş məşqçi Şahin Diniyevin oğlu olan 24 yaşlı Kərim Diniyev qarşıdakı "Qarabağ"la oyuna da toxundu: "Bu barədə nəsə deməyə ehtiyac yoxdu. Rəqibimiz "Qarabağ"dı. Çalışacağıq ki, layiqli mübarizə aparaq, bu qədər..."