reklam

Azərbaycan Premyer Liqasının V turu “Kəpəz”in futbolçusu Novruz Məmmədov üçün əlamətdar olub.

İdmanxeber.com-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə,  27 yaşlı müdafiəçi Azərbaycan çempionatında 200-cü oyununu keçirib. Bu yubiley “Qarabağ”la səfər matçına (0:2) təsadüf edib. Bu qarşılaşmayadək 199 oyunda 1 qol vuran Məmmədov ölkə çempionatlarında 200 və daha çox matça çıxan 120-ci futbolçu olub. Cari mövsümdə onadək Əfran İsmayılov və Ruslan Abışov da 200-ə çatmışdı.

Novruzun Premyer Liqada debütü 2008/09 mövsümünə təsadüf edib. Müdafiəçi ardıcıl üç mövsüm “Muğan”da (65 oyun) çıxış edib. 2011-13-cü illərdə “Bakı”nın (26 oyun), 2013/14 və 2015/16 mövsümlərində “Rəvan”ın (63 oyun), 2014/15 mövsümündə AZAL-ın (21 oyun, 1 qol) formasını geyinən Məmmədov 2016-cı ilin yayından “Kəpəz”də çıxış edir. O, ümumilikdə 200-cü, indiki klubunda 25-ci matçını keçirib.