reklam
Rauf Əliyev Azərbaycan və Albaniya çempionatlarını müqayisə etdi: "Əlbəttə, ulduz deyiləm" - MÜSAHİBƏ

Mövsümün əvvəlində Bakı "İnter"indən Albaniya çempionu "Kukesi"yə üz tutan Rauf Əliyev İdmanxeber.com-a müsahibə verib. Hücumçu Albaniyadakı çıxışından, Azərbaycan və Albaniya çempionatları arasındakı fərlqlərdən danışıb.


- Rauf, Albaniya çempionatında son 2 tur arxada qalıb. Öz çıxışını necə dəyərləndirirsən?

- Mənə elə gəlir, öz oyunum haqda nəsə demək bir az tezdi. Çünki 2 çempionat görüşündə meydana çıxmışam. Bir oyunda komandama penalti qazandırdım və həmin görüşü qalib başa vurduq. Açığı, hələ tam uyğunlaşmamışam. Ümid edirəm ki, mənim üçün yaxşı olacaq.

- Azərbaycan və Albaniya çempionatları arasındakı fərqlər nədi?

- Azərbaycan çempionatında şərait Albaniyadan daha yaxşıdı. Albaniya çempionatı isə azarkeş sarıdan üstündü. Burda hər oyuna orta hesabla 6000-7000 azarkeş gəlir. Bizim öz çempionatımda ağıllı və taktiki oyun oynayırlar. Burda isə fizikiyə  üstünlük verilir.

- Baş məşqçiniz Mladen Milinkoviç sənin haqqında "Rauf ulduz futbolçu deyil, amma yaxşı oyunçudu və biz ona inanırıq" fikirlərini səsləndirib...

- Baş məşqçimiz bilir ki, bu mənim ilk legioner həyatımdı. Daim mənimlə ünsiyyətdə olur. Çalışır ki, çətinlik çəlməyim. Ona öz təşəkkürümü bildirirəm. Mənə güvəndirini də yaxşı başa düşürəm. Çalışacam ki, onun ümidlərini boşa çıxarmayım. Ulduz söhbətinə gəldikdə, əlbəttə ki, mən ulduz deyiləm. Ulduz futbolçu olsaydım dünyanın böyük klublarında oynayardım.

- Albaniyada vaxtın necə keçir, kimlərlə ünsiyyət saxlayırsan?

- Komandada türk və rus dilini bilən oyunçular var. Onlarla daha çox ünsiyyət qururam. Mənə köməklik göstərirlər. Ümumiyyətlə Albaniyada türk vətəndaşları çoxluq təşkil edir. Belə desək, vaxt keçir. Çox da darıxmıram.

- Sabiq komandan "İnter"də vəziyyət hələ də düzəlmir. Maaşlar gecikir, futbolçular oynamaq həddinə çatıb. Bu barədə nə deyə bilərsən?

- Hamısından xəbərim var. Orda mənə yaxın olan futbolçularla əlaqə saxlayıram. Uşaqları qınamaq düzgün olmazdı. 1 ay deyil, 2 ay deyil. 2 ildən artıqdı ki, pulsuz futbol oynayırlar. Mən özüm də o vəziyyətdə çıxış edirdim. Albaniyaya sırf maliyyə səbəbinə görə gəlmədim. Səbəb bu olsaydı, 2 ilə yaxın bu problemlə oynamazdım. "İnter"in aqibəti necə olacaq bilmirəm. Futbolçular öz haqqlarını  tələb edirlər. Orda artıq futbol haqda heç kim düşünmür. Hamı ehtiyacı olduğu maaşını gözləyir. 

- Karyeranın qalan hissəsini legioner futbolçu kimi davam etdirməyi planlaşdırırsan, yoxsa Azərbaycana qayıtmaq istərdin?
- Bunu zaman deyə bilər, mən yox. Hazırkı fikrim "Kukesi" ilə bağlıdı. Mənə lazımdı ki, bu klubda yaxşı çıxış edim, özümü yaxşı tərəfdən göstərim komandama xeyrim dəysin. 

Hidayət QURBANOV