reklam
"Neftçi"nin tarixinə "qara ləkə" salan "Qəbələ"

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun görüşlərinə yekun vurulacaq. 

İdmanxeber.com-un məlumatına görə, son oyun günü Qəbələdə yerli komanda və "Neftçi" üz-üzə gələcək. Bu günə qədər 36 dəfə qarşılaşan tərəflərin duelində ən çox gülən tərəf paytaxt təmsilçisi olub. Ümumilikdə 15 dəfə meydanı başıuca tərk edən "ağ-qaralar" rəqibi üzərində ilk qalibiyyətini elə ilk qarşılaşdıqları 2007-ci ildəki görüşdə əldə edib. Həmin vaxt "Gilan" adı altında Premyer Liqada çıxış edən komanda 1:4 hesabı ilə uduzub. O görüşdən sonra ardcıl daha 3 qələbəni sıralayan "flaqman", yalnız 2009-cu ildə baş tutan matçda rəqibinə 1 xal "bağışlayıb". Elə həmin mövsümdəcə şimal təmsilçisi tarixində "Neftçi"ni ilk dəfə məğlubiyyətə uğratmağı bacarıb. 

Ümumilikdə 13 oyunda heç-heçəyə razılaşan komandaların qarşıdurmasında ən məhsuldar görüş ötən ilə təsadüf edir ki, həmin matçda "Qəbələ" 8 cavabsız qolla qalib gəlməyə müvəffəq olub. Bu nəticə  "Qəbələ"nin Azərbaycan çempionatları tarixində ən böyükhesablı qələbəsi kimi tarixə düşübsə, rəqibinin 80 illik tarixinə "qara ləkə" kimi çöküb.

Sözügedən oyunlarda ən çox qeydə alınan iki hesab nəzərə çarpır. Belə ki, bu komandaların duellərində 8 dəfə 1:0 və 2:1 hesablı nəticələr tarixin yaddaşına köçüb. Hər iki komanda arasında vurulan topların sayı isə 45-di.

Maraq üçün qeyd edək ki, “Neftçi” son 6 görüşdə cəmi 1 qələbə əldə edib. Həmin oyun, komandaların sonuncu qarşılaşmasında qeydə alınıb.