AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı onuncu yazısı.


Ölkə futbolunda inkişaf sezilməkdə olduğu bir dönəmdə hələ də, Azərbaycan Premyer Liqası  Bakı birinciliyi görkəmində davam etməkdədi. Hər halda bir müddətdir ki, davam edən 8 komandalı çempionatımızda bölgə klublarını görmək az qala mümkünsüzə çevrilib. Hazırda Premyer Liqada çıxış edən 8 komandanın 3 bölgəni təmsil edir. Bunlar Qəbələni "Qəbələ", Gəncəni "Kəpəz" və Ağdamı təmsil edən "Qarabağ"dı. Hərçənd ki, "Qarabağ" ev oyunlarını Bakıda keçirir və bu üzdən də "köhlən atlar" formal olaraq bölgəni təmsil edir desək yanılmarıq.


Niyə Azərbaycan Premyer Liqası Bakı birinciliyinə çevrilib?


Premyer Liqada çıxış edən klubların əksərinin paytaxtı təmsil etməsi nə qədər anormal olsa da, bir o qədər normaldı. Səbəb çox sadə: Maliyyə! Hər halda bu belə olmasaydı PL-a vəsiqə əldə etmiş Tovuzun "Turan" klubu ondan tələb olunan maliyyə təminatında "axsamazdı". Klubları maliyyələşdirən şirkət, qurum və ya futbol biznesmenlərinin paytaxt kollektivlərinə üz tutmasının digər bir səbəbi də Bakıda komanda saxlamağın nə dərəcədə rahat olmasının fərqinə varmalarıdı. Hər halda "Kəpəz" hər ay azı 2 dəfə paytaxta üz tutanda Bakı klubları indiki durumda cəmi 1 dəfə səfər edələr ya yox. Bunun da sonunda maliyyə durur. Bölgələrdə stadionların da bərbad vəziyyətdə olması pul buraxan futbol biznesmeninin daha çox əlini cibinə aparmasına səbəb olur. Burada stadionun ümumi durumunun saz vəziyyətə gətirilməsindən tutmuş, uşaq komandalarının təşkili, komandanın bazası və s. nəzərdə tutulur.


Çox uzaqa getmədən elə 10 il bundan qabağı xatırlayaq. 2008-2009 mövsümündə Premyer Liqada 14 komanda iştirak edirdi ki, burada da "Qarabağ" da (Ağdam təmsilçisi o dönəm ev oyunlarını Quzanlıda keçirirdi) daxil 7 komanda çıxış edirdi. Yəni çempionatda iştirak edən komandaların tən yarısı bölgələri təmsil edirdi. Bəs görəsən necə oldu ki, "peraşki dövrü"ndə elitada 14 və ya daha çox mübarizə apara bilirdi, bu gün isə bu rəqəm 8-ə bərabər olub. Üstəlik əksəriyyəti paytaxt komandası. Azərbaycan futbolunun keçmiş futboluna çox yaxşı bələd olan əməkdar məşqçi Ağasəlim Mircavadovun fikirlərinə diqqət yetirək: 

"Əlbəttə ki, bunun bircə əsas səbəbi var. O da ki, maliyyə. O vaxtlar çempionatımızda 16, hətta 24 komanda mübarizə aparıb. "Xəzər Lənkəran", "Şəmkir", "Karvan" kimi klublarımız pulsuzluğun qurbanı oldu. Hətta mən bu siyahıya "Kəpəz"i də sala bilərəm. Azərbaycanın ikinci böyük şəhərinin komandası belə olmamalıdı. Bir məqam da ondan ibarətdi ki, Azərbaycanda əksər klublar AFFA-nın nəznində yaranır, həmin klubları AFFA idarə edir. Düşünürəm ki, bu yanlış olan bir şeydi. Bütün dünyada belədi ki, futbol federasiyası çempionatın təşkilindən məsul olmalıdı. Klubların çıxışından yox. Bölgə klublarına yaxşı səlmayə qoyan adam tapmaq çətindi. Ona görə də, əyalət klublarında maaş da yoxdu. Mən o vaxt "Şəmkir"də işləyəndə futbolçular 100 dollar maaş alırdı. Sizə danışıram, 2000-ci ildən. Bu həmin vaxt üçün çox yaxşı pul idi". 


Keçmiş futbolçu, müstəqillik dövründən bu yana bir çox klublarımızda baş məşqçi vəzifəsində çalışmış məşqçinin fikirləri ilə yanaşı, uzun illərdi ölkə futbolunun problemlərini üzə çıxaran, futbolumuzun inkişaf etməsi üçün əlindən gələni əsirgəməyən həmkarlarımızın mövzu ilə bağlı düşüncələrinin də maraqlı ola biləcəyini düşündük. "Futbol +" qəzetinin baş redaktoru Mahir Rüstəmlinin  "Premyer Liqamız niyə Bakı çempionatına çevrilib?" sualına verdiyi cavabı dinləyək:
"Bu tendensiya, yəni elitada yarışan klublar arasında paytaxt təmsilçilərinin çoxluq təşkil etməsi bu və ya başqa dərəcədə Avropanın bütün ölkələrində var. Urbanizasiya dövrümüzün qaçılmaz mərəzidi. Azərbaycanda vəziyyətin bir qədər də dərinləşməsinə gəlincə, sirr deyil ki, bütün kapital, nəhəng şirkətlər paytaxtda toplaşıb. Digər tərəfdən, bölgələrdə kiçik padşahlardan, yəni icra hakimlərindən rüsxət almadan lazımi infrastruktur qurmaq, futbolla bağlı istənilən addımı atmaq, klubun bazasını, stadionu, qazonu elita səviyyəsində saxlamaq çox çətindi. Bunların üstünə azərbaycanlı iş adamlarının tarixən futbola sərmayə qoymağa ciddi yanaşmadığını da nəzərə alsaq, mənzərə aydınlaşar. Şəxsi qənaətimi bilmək istəyirsizsə, bölgələr öz klubuna sahib çıxana qədər vəziyyət düzəlməyəcək. Yəni “Turan”a Tovuz, “Kəpəz”ə Gəncə, “MKT-Araz”a İmişli, “Karvan”a Yevlax və bu bölgələrdən çıxan iş adamları arxa olmalıdı, daha AFFA və ARDNŞ yox. Lap tutaq ki, AFFA “Səbail”ə ayırdığı məhdud büdcə ilə hansısa rayonda klub saxlamağa qərar verdi. Bu addımla nə dəyişəcək ki?! Yenə də inkişaf yolunda atılan süni addım olacaq. Həm klublara sahiblik, həm də azarkeş ehtirasları məhz bölgə mənafeyi üzərində qurulsa, futbolumuzda inkişaf da olar, intriqa da. Çox primitiv misal deyəcəm: bütün normal adamlar kimi, mən də dünyaya gəldiyim Yardımlını çox sevirəm. Rayonda futbolun mövcudluğu, istedadlı uşaqların itib-batmaması üçün nəsə etməyə çalışmışam. Amma rayondan və rayonumuzun iş və futbol dünyasına bəxş etdiyi adamlardan heç bir reaksiya və onlarda həvəs görməyincə əlim-qolum işdən soyuyub, yanıma düşüb. Nəhayət, onu da nəzərə alın ki, müasir futbol bahalı əyləncədi, uşaq oyuncağı deyil".

Mahir Rüstəmli kimi futbolumuzun  irəli getməsini istəyən başqa bir həmkarımız - "Het-trik news" qəzetinin baş redaktoru İlqar Tağıyev də məsələnin bu həddə çatmasında səbəbi maliyyədə görür. Bakı klublarının Premyer Liqada, hətta I Divizion və aşağı yaş qruplarının çıxış etdiyi Azərbaycan birinciliklərində də çoxaldığını vurğulayan Tağıyevin düşüncələri belə oldu: 
"Nəinki Premyer Liqa, o cümlədən, I Divizion da Bakı birinciliyini xatırladır. Çempionatda bölgə komandalarının azlığının bir çox səbəbləri var. İlk növbədə rayon icra orqanlarının futbola biganə münasibətidir. Əlbəttə, bu fikri bütün rayonlara aid etmək doğru olmaz. Əslində, elə rayonlar var ki, orada sadə vətəndaşdan tutmuş icra başçısına kimi futbolu sevirlər və rayonda futbolun inkişafına maraqlıdırlar. Sadəcə, AFFA-nın icra orqanları ilə dil tapmaması və ya tapmaq istəməməsi vəziyyəti faciəvi duruma gətirib çıxarıb. Digər tərəfdən iş adamlarının idmanın şahından incik düşmələridir. Neçə-neçə imkanlı insan tanıyıram ki, bölgələrdə futbola sərmayə yatırmağa hazırdır. Amma onlara sözün həqiqi mənasında imkan vermirlər. Bölgələrdə futbolun bu vəziyyətə düşməsinin başqa səbəbləri də var. Xırdaçılığa getməyək, əsas bu 2 böyük problemi aradan qaldırmaq lazımdır. Vəziyyətdən daha bir çıxış yolu var – dövlətin futbolu nəzarətə götürməsi. Əslində, dövlət futbola nəzarət edir, idmanın bu sahəsinə kifayət qədər maliyyə də ayrılır. Amma inkişaf mümkün olmur. Çünki dövlət tərəfindən futbola nəzarət futbola tam bələd olmayan adamlar tərəfindən həyata keçirilir.
Ən böyük biabırçılıq bilirsiniz nədədir? Liqaların da Bakı birincliyini xatırlatmasıdır. Təsəvvür edin ki, bu il U-19 liqasında cəmi 9 komanda çıxış edəcək. «Qarabağ»ın Bakıda məskunlaşdığını, «Sumqayıt»ın isə Abşeron yarımadasında yerləşdiyini nəzərə alsaq, bu liqada cəmi 2 bölgə komandası çıxış edir – «Qəbələ» və «Kəpəz». «Qəbələ»ni deməzdim, «Kəpəz» Premyer Liqada çıxış etdiyindən U-19 liqasına komanda buraxmağa məcburdur. U-16 liqasındakı biabırçı vəziyyət də «gözə girir». Cəmi 10 komanda. Onlardan 3-ü bölgə təmsilçisidir. 
Nə qədər ki, «futbol geni» olan bölgələr çempionatlarda və liqalarda təmsil olunmayacaqlar, futbolun inkişafından danışmağa dəyməz. «Qarabağ»ın Çempionlar Liqasının qrupuna düşməsi, yığmanın 10 xal yığması futbolun inkişafı demək deyil. Təsəvvür edin ki, Azərbaycan futboluna onlarla tanınmış futbolçu bəxş etmiş Mingəçevir faktiki futbolsuz qalıb. Premyer Liqa və I Divizion bir yana, heç peşəkarlığa doğru tramplin sayılan U-15, U-16, U-17 liqalarında da Mingəçevir təmsilçisi gözə dəymir. Təckə Mingəçevirmi? Sadalamaqla qərtmək bağlamaqda olan yaraları yenidən qanatmaq istəmirəm…"

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.