reklam
Ramin Musayev: "Bu il oyun alqı-satqısında adı hallanan oyunçunun adını hüquq mühafizə orqanlarına təqdim edəcəyik" - FOTOLAR

Bu gün AFFA-nın  inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçirildi.

İdmanxeber.com-un PFL-nın rəsmi saytına istinadənv erdiyi məlumata görə, püşkatma mərasimində qurumun prezidenti Ramin Musayev, iştirakçı klubların rəhbər şəxsləri, eləcə də jurnalistlər  iştirak etdilər. 

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qonaqları salamladıqdan sonra PFL prezidenti Ramin Musayev çempionatla bağlı bir sıra maraqlı məqamlara aydınlıq gətirdi. Rəhbər şəxs əvvəlcə çempionatın reqlamenti barədə məlumat verdi: 
“Hər birinizi salamlayıram. Bütün komandalara yeni mövsümdə uğurlar arzu edirəm. 2017/2018-ci illər mövsümündə çempionatda 10 komanda iştirak edəcək. Yarış 3 dövrədən ibarət sistemlə keçiriləcək. 3-cü dövrədə 1-ci dövrədə olan uyğunluq tətbiq olunacaq. Əgər biz 10 komandalı çempionatı 2 dövrə etsəydik, oyun sayı az olacaqdı. Komandaların daha çox oyun keçirməsini  rəhbər tutub 3 dövrəli yarışa qərar verdik”.
Ramin Musayev I Divizionda limit məsələsinə aydınlıq gətirdi: “Azərbaycan Premyer Liqasında olduğu kimi, I Divizionda da protokolda 23 futbolçu yer ala bilər. Oyunlar zamanı ilk onbirlikdə 6 nəfər yerli  oyunçu olmaq şərti ilə daha yaşlı oyunçuların çıxışına icazə veriləcək.  Meydançada hər zaman ən azından 1996-cı il və daha gənc təvəllüdlü 3 oyunçunun olması şərtdir. Klublar start heyətində maksimum 2 legionerin xidmətindən yararlana biləcəklər”.
Ramin Musayev əlavə etdi ki, I Divizion FİFA-nın təsdiq etdiyi və artıq Azərbaycana gətirilən yeni toplarla oynanılacaq.  
PFL prezidenti eyni zamanda klublara xəbərdarlıq etdi: “Ötən mövsüm bəzi xoşagəlməyən hallar oldu. Belə ki, I Divizionda iştirak edən komandaların adları danışılmış oyunlarda hallandı. Buna görə də hər oyunda bizim nümayəndəmiz olacaq və lazımi qeydlərini götürəcək və digər prosedurlar həyata keçiriləcək. Əgər hər hansı bir şübhə yeri olarsa, araşdırılacaq və oyunun nəticəsi ləğv olunacaq. Oyun alqı-satqısında adı hallanan oyunçunun adı hüquq mühafizə orqanlarına təqdim olunacaq və onunla bağlı lazımi ölçü götürüləcək”.

Peşəkar Futbol Liqasının prezidenti  Ramin Musayev sonda  mətbuat nümayəndələrinin suallarını cavablandırdı.