Uduzmağa öyrəşən "Neftçi" - LAYİHƏ

Oxunma: 137 TARIX /

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı doqquzuncu yazısı.


Azərbaycan Premyer Liqasında 4-cü tur da geridə qaldı. 8 komandalı çempionatımızda baş tutmalı olan 4 qarşılaşmadan biri – “Səbail” – “Qarabağ” görüşü Ağdam təmsilçisinin Çempionlar Liqasındakı matçına görə təxirə salındı. Məhz buna görə də, azarkeşlər 4-cü turda cəmi 3 oyuna şahidlik etməli oldular.

Diniyevin baxımlı qolu “Kəpəz”i xilas etmədi

Turun açılış matçı “İnter Arena”da keçirildi. Heç də yaxşı günlərini yaşamayan, sınıx-salxaq heyətləri ilə Premyer Liqada yüksək yerlərə ümid bəsləyən “İnter” və “Kəpəz” münasibətlərə aydınlıq gətirməyə çalışdı. Paytaxt klubunun meydanında baş tutan matçda azarkeşlər erkən qola sevindi. Görüşün birinci hissəsinin ilk yarımsaatında artıq meydan sahibləri 3 qolla gəlmələri cəzalandırmağı bacardı. Lakin tez bir zamanda toparlanan Gəncə təmsilçisi öncə  Şəhriyar Əliyevlə hesab arasındakı fərqi 2-yə endirdi. Daha sonra isə səhnəyə Kərim Diniyev çıxdı. Gənc yarımmüdafiəçi meydanın mərkəzindən vurduğu möhtəşəm qolla Orxan Sadıqlını məyus etdi. İlk hissədə qeydə alınan 3-2 hesabı matçın sonuna qədər dəyişməz olaraq qaldı. Bununlada “İnter”gərgin keçən oyunda 3 xalı 3 qolla aktivinə yazdırdı. Sonda onu da qeyd edək ki, qarşılaşmanı 800 tamaşaçı stadiondan canlı olaraq izlədi. Bu isə turun antirekordu kimi yaddaşlara yazıldı.



Qəbələ səmalarında uçan “qartal”

Son çempion “Qarabağ”a ötən tur məğlub olaraq mövsümdə ilk xal itkisi ilə üzləşən “Qəbələ” bu turda bürünc medalçı “Zirə”ni qonaq etdi. Ağdam klubu ilə görüşdə alınan yenilgidən sonra Qriqorçukun yetirmələri növbəti xal itkisi ilə üzləşməmək üçün bu oyunda yalnız 3 xala ümid edirdi. Lakin mövsümə iddialı başlayan “Zirə” də Qəbələ səfərində xal və ya xallar qazanmaqla çempionluq yarışında “mən də varam” mesajını futbol ictimaiyyətinə çatdırmaq istəyirdi. Qarşılıqlı hücumlar şəraitində keçən və 1200 tamaşaçının izlədiyi matçda ilk qol qonaqlardan gəldi. İqbekoyinin effektli zərbəsi ilə hesabı açan “qartallar” görüşün sonlarına yaxın penalti ilə cəzalandırıldı. Cvid Hüseynov “hədiyyə”dən maksimum yararlanaraq matçın yekun nəticəsini müəyyənləşdirdi – 1:1.



“Neftçi”yə qələbə “haramdı”
Mövsümə olduqca bərbad start verən “Neftçi” bu dəfə Sumqayıt şəhərində eyni adlı klubun qonağı oldu. Baxımlı oyunu ilə diqqət mərkəzinə düşən “Sumqayıt” bu dəfə də ənənəsinə sadiq qaldı. Samir Abbasovun yetirmələri “ağ-qaralar” önündə azarkeşlərin də dəstəyi ilə baxımlı futbol sərgiləyərək qələbə qazandı. “Kimyaçılar” daha bir neçə epizodda fərqi artırmağa yaxın olsa da, gah qonaqların qapıçısı, gah da futbolçuların qeyri-dəqiq oyunu fərqin artmamasına səbəb oldu.
Turun azarkeş rekordu da Sumqayıtda qırıldı. Sözügedən oyunu arenadan 1500 tamaşaçı izlədi.

Sonda onu da qeyd edək ki, ümumilikdə 4-cü turu stadiondan 3500 tamaşaçı seyr etdi.


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.