reklam
Qurban Qurbanov sabahkı oyundan danışdı: "Atletiko” ilə “Qarabağ”ın səviyyəsini yanaşı qoysaq..."

“Rəqib komandanı hamı yaxşı tanıyır. 2 dəfə Çempionlar Liqasının finalında oynayıblar və bu son 4 ildə baş verib”.

İdmanxeber.com-un  məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah “Atletiko”ya qarşı keçirəcək.

Matçdan öncə Qurbanovun mətbuat konfransı baş tutub. Təcrübəli çalışdırıcı Madrid klubu ilə görüş haqda bunları deyib: "Rəqibin özünə xas oyun tərzi var. Özlərinə məxsus oyun üslubları da rəqiblərinə çətinlik örədir. Vaxtımıza 1 gün də var. Çalışacağıq ki, "Atletiko"nu daha yaxşı tanıyaq. Futbolçularıma inanıram. Onlar əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlar. 


- “Atletiko”nun hansısa zəif cəhətlərini müyyənləşdirmisiz?

- Əvvəla onu deyim ki, "Atletiko"nun məşqçisi çox güclüdü. Ayrı-ayrılıqda ustalıq səviyyəsi yüksək olan futbolçulara sahibdi. Onların meydanda səhvləri çox az olur. “Atletiko”nun zəif yerini tapmaq deyəndə ki, futbolçular bunu yalnız meydanda hiss etməlidi. Rəqibin nizam-intizamı yüksək səviyyədədi. Rəqiblərinə öz oyununu göstərməyə imkan vermir. Bu mənada, bizim üçün çox çətin olacaq. Amma bizim də öz düşüncələrimiz var. “Atletiko” müdafiədə çox diqqətli oynayan komandadı. Çalışmalıyıq ki, top daha çox bizdə qalsın və belə halda rəqibin zəif yerlərini tapaq. Lakin bunu etmək çox çətin olacaq.

 

- "Qarabağ"ın gedə biləcəyi son dayanacaq hara kimidi? "Atletiko" ilə matçda sürpriz nəticəyə ümid edək?

- Hədəfimiz meydanda yaxşı mübarizə aparmaqdı. “Atletiko” ilə görüşdə ilk növbədə, bunu etməliyik. Doğma meydanda, azarkeşlərimizin qarşısında oynayacağıq. Xal qazanmağa çalışacağıq. Əlbəttə ki, “Atletiko” ilə “Qarabağ”ın səviyyəsini yanaşı qoysaq, rəqib bizdən çox yuxarıdı. Bununla belə, maksimum nəticə üçün mübarizə aparacağıq. Həmişə güclü rəqiblərlə qarşılaşanda da ümidli oluruq, özümüzə inanırıq.

 

- Premyer Liqada "İnter"ə qarşı matçda zədə alan Dino Ndlovunun son durumu nə yerdədi?

- Dünən məşqi yarımçıq qoydu. Ağrılar hiss edir. Sabah oynayıb-oynamayacağı hələ dəqiq bilinmir.

 

Uzun illər Tofiq Bəhramov adına Respublika stadionunda oynamısız. Bundan əvvəl yalnız “Roma”ya qarşı Bakı Olimpiya Stadionunda çıxış etmişdiz. Bu məqam komanda üçün nə dərəcədə önəmlidi?

- Hər dəfə bu söhbətə qayıtmaq istəmirəm. “Roma” ilə oyunda 50-55 min azarkeş dəstəyini gördük. Artıq bu arenada da özümüzü rahat hiss edirik. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar.