reklam
"Qarabağ" UEFA reytinqində qabağa düşüb, tanınmış klublara çatdı

Çempionlar Liqasının qrup mərhələsinin III turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Çempionlar Liqasının baş tutan 16 qarşılaşması siyahıda bəzi dəyişiklikləri nəticələnib.

2018-ci ilin yayından tətbiq olunacaq yeni hesablama metodu üzrə tərtib edilən cədvəlin ilk “100-lüy”ündə yeganə Azərbaycan klubu “Qarabağ”dı. İspaniyanın “Atletiko” klubu ilə Bakıdakı qolsuz heç-heçə çempionumuzun aktivinə daha 1 xal gətirib. Bununla, Qurban Qurbanovun yetirmələrinin aktivindəki əmsal 19,500-ə qədər artıb. Cari mövsümdə 5 xal əldə edən “Qarabağ” irəliləməyə də müvəffəq olub. Ağdam klubu hazırda Avropanın 66-cısı adına şərikdi. Təmsilçimiz Hollandiya “Feyenoord”u ilə eyni göstəriciyə malikdi.

“Atletiko” ilə qarşılaşmayadək 18,500 xalı olan “Qarabağ” Belarus BATE-si ilə 70-ci yeri bölürdü. 4 pillə irəliləyən çempionumuz BATE-dən başqa, “Betis”, “Real Sosyedad” və “Selta”nı arxada qoyub.

Hələlik rəsmi xarakter daşıyan, lakin yeni mövsümdə - yəni indiki nəticələrin nəzərə alınacağı vaxt etibarsız olan köhnə metodlu cədvəldə isə   “Qarabağ”ın 23,225 xalı var.

Qeyd edək ki, hər iki metodlu hesablamada siyahıya İspaniya “Real”ı başçılıq edir.