reklam
Gəncəyə futbol bayramı geri dönür: "Neftçi" ilə oyunda azarkeş necə olur görərlər..." - <font color=#ff0000>ƏLİYEV</font></strong>

Azərbaycan Premyer Liqasının 9-cu turunun oyunları çərçivəsində 2 gün sonra "Kəpəz" doğma divarlar arasında "Neftçi"ni qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, bu matç cari mövsümün rekordu kimi qeydə alına bilər. Söhbət azarkeş amilindən gedir. Turnir cədvəlinin son pilləsində qərarlaşmasına baxmayaraq sevimli komandalarını doğma şəhərlərində səbirsizliklə gözləyən gəncəli fanatlar, vaxtı ilə "böyük oyun" kimi xarakterizə olunan "Kəpəz" - "Neftçi" matçı üçün gün sayırlar. Sonuncu dəfə tərəfdarlarının hüzurunda 173 gün öncə olan "sarı göylər", ötən mövsüm Premyer Liqanın son turu çərçivəsində evdə "İnter"lə qarşılaşıb. Oyun sonrası azarkeşlərlə müvəqqəti sağollaşan "Kəpəz" komandasının rəhbərliyi həmin vida mərasimində ot örtüyünün tamamı ilə dəyişəcəyi xəbərini verdi. Tam olaraq yenilənmiş və əla vəziyyətdə olan Gəncə şəhər stadionunda "Neftçi"ni qəbul edəcək "Kəpəz"in fanklublarla iş üzrə əlaqələndirici Elmar Əliyev bu matçı səbrsizliklə gözlədiklərini bildirib. Əliyev İdmanxeber.com-un əməkdaşı ilə söhbətində futbolsuz darıxdıqlarını söylədi: 

"Təqribən 6 aydı ki, Gəncədə futbol bayramı yaşanmır. Azarkeşlər adından deyə bilərəm ki, hədsiz darıxmışıq. İlk ev oyunumuzun vaxtı dəqiqləşənə kimi hamı məndən soruşdurdu ki, "Kəpəz" nə vaxt evdə oynayır? Bu sualı eşitməkdən artıq təngə gəlmişdim. Ancaq sonra düşünürdüm ki, hamı "Kəpəz"i sevir. Sonradan məlum olanda ki, evdəki ilk rəqibimiz "Neftçi"di sevincimiz iki qat oldu. Biz "Kəpəz" azarkeşləri olaraq "Neftçi" komandasını və ümumilikdə bu oyunu çox önəmsəyirik. Ən azıdnan bu komandaların tarixi var. Necə ki, Türkiyədə "Qalatasaray" və "Fənərbaxça" görüşü İstanbulda səbirsizliklə gözlənilir, Gəncədə də "Kəpəz" - "Neftçi" qarşılaşması... "Kəpəz"in evdə "Neftçi" ilə qarşılaşacağı tur ərəfəsində istənilən mağazaya gir, istənilən dükana get, hər hansı bir avtobusa min, hamı bu oyundan danışır. Komandamızın turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq hamının dilində bir söz var: "Kəpəz" bu gün qan eliyəcək". Mən əminəm ki, komandamız doğma yurdunda çıxış edəndən sonra uğursuzluq zolağını da tərk edəcək. İçimdə bir hiss var, "Neftçi" və azarkeşləri Bakıya məyus şəkildə dönəcək. "

Gəncəlilərin sevimlisi olan "Amiqo" ləqəbli Elmar Əliyev Premyer Liqada çıxış edən klubların azarkeşlərinin bostanına daş atmağı da unutmadı: "Cari mövsüm start götürən müddətdən bu yana, baxıram, stadionlara 1500-2000 azarkeş gəlir. Bu çox aşağı göstəricidi. "Neftçi" ilə oyunda görərlər azarkeş necə olur..."
"Kəpəz" fan klubunun sabiq rəhbəri oyunların yenidən Gəncədə keçirilməsinin klubun xeyrinə olan amil kimi qiymətləndirdi: "Hamıya aydındı ki, "Kəpəz" bu dəqiqə ürəkaçan oyun sərgiləmir. Ancaq nəzərə alamq lazımdı ki, komandamız tam olaraq yenilənib. İndi stadionumuz da yenidi. İnşallah, bu yeni stadionda rəqiblərimiz ev bir-bir əliboş qayıdacaqlar. Necə ki, ötən mövsümün sonlarında "Kəpəz" rəqiblərinin qorxulu röyasına çevrilmişdi. Bütün azarkeşlər adından rəhbərliyə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bu stadionu hər şeydən öncə azarkeşlər üçün düzəltdirdilər",