reklam
"Kəpəz" - "Neftçi" matçı yenə "2:0" olacaq?

Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində bu gün "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. 175 günlük fasilədən sonra doğma meydana qayıdan Gəncə klubu sonuncu dəfə bu ilin aprelin 29-da doğma azarkeşlər önündə rəqibini qəbul edib. Müstəqillik dövründən bu yana "ağ-qaralar"la 48 dəfə qarşılaşan "sarı göylər" bu oyunların 18-də qələbə qazanan, 21-də isə məğlubiyyətə üzülən tərəf olub. 9 görüşdə isə qalibin adına aydınlıq gəlməyib. Vaxtı ilə tarixi derbi kimi xarakterizə olunan görüşlərdə qazandığı qələbələrin sayına görə rəqibini 3 dəfə geridə qoyan paytaxt təmsilçisi top fərqində xeyrli qabaqdadı. Belə ki, qərb klubu indiyə qədər əzəli rəqibinin qapısında 45 dəfə yol tapıbsa, "flaqman"da bu rəqəm 69-du. Tərlan Əhmədovun yetirmələrinin bu günkü matçda vuracağı 1 top eyni zamanda "Kəpəz"in qapısından keçiriəcəkləri 70-ci, yəni yubiley qol kimi də qiymətləndiriləcək.

İlk dəfə 1992-ci ildə Gəncə şəhər stadionunda üz-üzə gələn komandaların oyununda minimal hesabla ev sahibləri qələbə qazanıb. Ümumilikdə 1:0 hesabı bu komandaların görüşlərində 7 dəfə qeydə alınıb. Hər iki kollektivin duelində ən çox qeydə alınan hesab 2:0-dı. Düz 10 dəfə adıçəkilən komandaların qarşıdurması bu hesabla bitib. Ən böyük hesablı qələbələr isə "Neftçi"nin aktivindədi. Müxtəlif vaxtlarda Bakı klubu rəqibini 4:0, 5:0 və 6:2 kimi hesablarla üstələməyi bacarıb. Gəncəlilər isə bu məğlubiyyətlərin əvəzini ən yaxşı halda 2:0 və 3:1 hesablı qələbələrlə çıxıb.

Xatırladaq ki, Gəncə şəhər stadionunda reallaşacaq "Kəpəz" - "Neftçi" matçı saat 15:00-da start götürəcək.