AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı onikinci yazısı.

DÇ 2018-in seçmə mərhələsinin görüşləri  çərçivəsində milli komandaların meydana çıxdığı oyun günlərində ölkə çempionatlarında fasilə yarandı. Həmin fasilə Azərbaycan Premyer Liqasına da aid oldu ki, elitada çıxış edən klublarımızdan əksəriyyəti  yaranan boşluqdan maksimum istifadə etməyə çalışdı. Premyer Liqada I dövrənin ardından yığmamızın baş məşqçisi Robert Prosineçki Çexiya və Almaniya görüşləri üçün yığmaya ümumilikdə 24 futbolçu cəlb etdi. Bu oyunçulardan 9-u "Qarabağ"ın düşərgəsindən yollandı. "Neftçi" və "Qəbələ" hərəsi 3 futbolçusunu milliyə yola salmaqla yığmaya ən çox töhvə verən növbəti klublar oldu. "Zirə"nin 2, "İnter" və "Səbail"in isə 1 futbolçusu Robert Prosineçkinin maraq dairsəinə düşdü. Seçmə mərhələdə millimizə kömək etməsi üçün çağırılan digər 5 futbolçu isə  xarici klublarda top qovan futbolçularımız idi. Baxmayaraq ki, zədə səbəbindən "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev və "Anortosis"in üzvü Araz Abdullayev yığmanın düşərgəsini tərk etmək məcburiyyətində qaldı.




"Qarabağ" özünü yoxladı, uduzdu...

Beləliklə ölkəmizin ən güclüsü "Qarabağ" seçmə mərhələnin oyunları səbəbindən yaranan fasilədə boş oturmadı. Ümumilikdə 14 futbolçusunu yığmaya yola salan (digər yaş qrupları) Ağdam klubu gündə 1 dəfə olmaqla "Azərsun Arena"da məşqə çıxdı. Heyətin kəsad olması səbəbindən əvəzedici heyətin bir neçə üzvünü əsas komandanın hazırlıq prosesinə dəvət edən Qurban Qurbanov yetirmələrini yoldaşlıq görüşündə sınamaq qərarı aldı. Oktyabrın 7-si "Azərsun Arena"nın köməkçi meydançasında "Sumqayıt"la üz-üzə gələn "köhlən atlar" rəqibinə 1:2 hesablı ilə uduzdu. Aparıcı yerli futbolçuların əksəriyyətinin düşərgədə olmaması səbəbindən yoxlama matçında Qurban Qurbanovun "Qarabağ"ın əsas legionerlərinə şans verməsinə baxmayaraq, rəqibin heyətində Amil Yunanov və Azər Salahlının qolları oyunda həlledici oldu. Sumqayıtın eyni adlı klubunun ikinci qolunu vuran Azərin sabiq komandasını cəzalandırdığını qeyt etmək də yerinə düşərdi. 




Abasov da "dubl"a ehtiyat duydu...

"Sumqayıt"dan söz düşmüşkən, "gənclik şəhəri"nin təmsilçisi də yaranan fasilə zamanı II dövrənin hazırlıqlarını axsatmadı. İlk dövrədən sonra 10 xalla 4-cü sırada qərar tutan "Sumqayıt" əsas millimizə futbolçu bəxş etməsə də, 3 oyunçusunu U-21-ə yola salmışdı. Komandasını gündə 1 dəfə "Kaptal Bank Arena"da məşqə çıxaran baş məşqçi Samir Abasov hazılrıq prosesinə əvəzedici heyətin 5 üzvünü cəlb etdi. 

"Zirə" yenə "Səbail"ə şans vermədi...

Cari mövsüm Azərbaycan Premyer Liqasına yaxşı başlayan və ilk dövrədən sonra 15 xalla "Qarabağ"ın ardınca 2-ci sırada yer alan "Zirə" də yoxlama görüşü üçün rəqib seçimini elita klubundan yana etdi. Premyer Liqada birinci dövrə çərçivəsində lider "Qarabağ"dan xal alan yeganə klub olan "qartallar" doğma meydanda "Səbail"i sınağa çəkdi. "Qarabağ" - "Sumqayıt" görüşü ilə eyni gündə başlayan və məhsuldarlğı ilə seçilən qarşılaşmada ev sahibləri 4:3 hesabı ilə qələbə qazandılar. Maraq üçün bildirək ki, cari mövsüm ərzində nə "Zirə" bir görüşdə 4, nə də "Səbail" 3 qolu birdən vurub.

"Səbail"ə 1 oyun yetmədi...

Fasilə ərəfində "Zirə" ilə keçirdiyi yoxlama matçı ilə kifayətlənməyən "Səbail" 1 gün sonra növbəti sınaq matçını keçirdi.  "Dalğa Arena"nın köməkçi meydançasında "Kəpəz"i qəbul edən Samir Əliyevin komandası qalibi müəyyənləşdirə bilmədi. 90 dəqiqənin sonunda tərəflər meydanı 1:1 hesablı bərabərliklə tərk etdilər. 




"Kəpəz" fasilədə gücləndi...

Gəncə klubunun fasilə ərəfəsində hazırlıq prosesi isə oktyabrın 3-dən başladı. 2 futbolçusu U-21-in düşərgəsində olan "sarı göylər" 4 gün Bakıda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçdi. "Səbail"lə yoxlama görüşündən sonra 1 günlük istirahətə yollanan oyunçular daha sonra II dövrənin ilk turu çərçivəsində qarşılaşacaqları "Zirə" ilə oyunun hazırlıqlarına start verdi. Bu arada, baş məşqçi Şahin Diniyev fasilə ərəfəsində baxışa futbolçu cəlb etdi. "Sumqayıt"və "Neftçi"nin sabiq üzvü Məhəmməd Qurbanovu sınayan təcrübəli mütəxəssis hücumçunun çıxışından razı qaldı. Mövsümün sonunadək "Kəpəz"lə müqavilə bağlayan əsas milli komandamızın sabiq üzvü yeni klubunda 24 nömrəli forma altında çıxış edəcək.




"Neftçi" 3 gün dincəldi...

Premyer Liqanın ilk dövrəsinin son oyunu çərçivəsində "İnter" üzərində qazanılan qələbə sonrası baş məşqçi Tərlan Əhmədov meydana çıxan futbolçulara 3 günlük istirahət verdi. Matçda iştirak etməyən oyunçular  isə 1 gün sonra klubun təlim-məşq bazasının meydançasında keçirilən hazırlıq prosesində iştirak etdi. 3 günün ardınca II dövrənin hazırlıqlarına aramsız davam edən "ağ-qaralar" 8-ci tur çərçivəsində qarşılaşacaqları "Səbail" matçına İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında və  "Baksell Arena"da hazırlaşdı. Digər klublarımız kimi oktyabrın 7-si yoxlama görüşü keçirmək qərarı alan paytaxt klubu "İsmət Qayıbov"da "Qəbələ" ilə qarşılaşdı. Bu görüşdə əvəzedici heyətin bəzi üzvlərinə də şans verən Tərlan Əhmədovun yetirmələri son nəticədə 1:2 hesablı məğlubiyyətə üzüldü.




"Qəbələ" əyalətdən kənara çıxdı...

VII tur çərçivəsində "Kəpəz"lə görüşdən sonra qısa istirahətə buraxılan "Qəbələ" seçmə mərhələnin oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində hazırlıqlara Bakıda start verdi. Gündə 2 dəfə məşqlə kifayətlənən “qırmızı-qaralar”səhər fiziki hazırlığa,axşam isə toplu çalışmalara üstünlük verdi. Baş məşqçi Roman Qriqorçuk əvəzedici heyətin 6 oyunçusunu əsas komandanın hazırlığına cəlb edərək özü ilə Bakıya apardı.




"İnter"də hüzn...

Fasilədən öncəki turda doğma meydanda "Neftçi"yə boyun əyən (0:2) "İnter" fasilə ərəfəsində  üzücü xəbərlə sarsıldı. Baş məşqçi Zaur Svanadzenin həyat yoldaşının vəfat etməsindən sonra vətəninə yollanan gürcü mütəxəssisi həmyerisi, köməkçi məşqçi Roma Svanadze əvəz etdi. Digər klublarımızdan fərqi yoxlama oyunu keçirməyən "bankirlər" Premyer Liqada II dövrənin ilk görüşü çərçivəsində evdə "Qarabağ"ı qəbul edəcək. 


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.