reklam

AFFA-nın baş katibi Elxan Məmmədov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan - Almaniya (0:7) oyunundan sonra suallarını cavablandırıb. 

- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək istərdik...

- Bilirik ki, Almaniyaya qarşı oynamaq çətindi. Səfərdə də çox qol buraxmışdıq. Təəssüflər olsun ki, bugün eyni ssenari təkrarlandı. Yəqin ki, ilk oyundakı nəticə və komandanın adı psixoloji təsir yaratmışdı.
 
- Milli komandada ayrıca mətbuat xidməti olacağı deyilir...

- Bu, yaxşı praktikadı əslində. Nəzərə alaq ki, əvvəl bir seçmə mərhələ var idisə, indi iki təsnifat xarakterli turnir var. Millinin ayrıca mətbuat katibinin olması normaldır. Amma bu məsələni ilk öncə baş məşqçi ilə müzakirə etməliyik.
 
- “Kəpəz”də baş verənlərlə bağlı fikirləriniz maraqlıdır. Klubun mühasibi müsahibəsində bildirib ki, Mikayıl Nərimanoğlu sizin adınızdan istifadə edirmiş...

 - Bizim problemimiz odur ki, çox şəffaf təşkilatıq. Hər zaman çalışmışıq, gələcəkdə çalışacağıq ki, hər addımımız açıq olsun. Çünki futbol milyonların oyunudu. 2008-ci ildən etibarən öz işlərimizi şəffaf görməyə çalışırıq. Bəzi, bəzi starteji qərarlar olur ki, onlar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanır. Ancaq belə məsələlərdə çox şəffafıq. “Kəpəz”də baş verənləri biz özümüz elan verdik, açıqladıq. Bəziləri bundan istifadə edir. Vəzifəyə təyin olunmuş şəxs son zamanlar işinin öhdəsindən gələ bilməyib, müəyyən qüsurlar olub, biz də onu azad etmişik. Qalan məsələlərlə hüquq-mühafizə orqanları məşğul olacaqlar.
 
- Adınızın bu məsələdə hallanması sizi narahat etmir?

- Yenə deyirəm, mən göstəriş verdim ki, məlumatı AFFA-nın saytında yerləşdirsinlər. Biz şəffafıq, işimiz düzdü, ona görə də çəkinəcək heç bir hərəkətimiz yoxdu. Gələcəkdə də belə olacağıq. Böyük strukturun idarə olunması zamanı bu cür halların meydana çıxması normaldı. Əgər kimsə mənim adımı hallandırıbsa, mən nə deyə bilərəm? Sübut varsa, buyursunlar, ortaya çıxarsınlar. Klubdakı mühasib xanımla Bakıda görüşdük, ona bir neçə hüquqi sualım var idi, auditin qarşısında həmin sualları ünvanladım, cavabımı aldım. Mən auditin rəyinə əsasən deyirəm, “Kəpəz”də ciddi, kritik maliyyə pozuntusu yoxdur. Olsaydı, tamamilə başqa addım atardıq. Unutmayaq ki, həmin kluba AFFA tərəfindən nə qədər vəsait ayrılıb, klubun büdcəsi nə qədərdi, hamısı AFFA-nın saytında yazılıb və 2018-ci ilin hesabatında yenə sizə təqdim olunacaq.
 
- Siz deyirsiniz ki, qəzetdə baş mühasibin sözləri başqa formada təqdim olunub?

- Düzü, həmin qəzeti oxumamışam.

- Həmin xanım deyib ki, Mikayıl müəllim sizin adınızdan istifadə edib...

- Bu artıq Mikayıl müəllimin məsuliyyətidi. Ona görə də bu gün “Kəpəz”də işləmir.

- Şahin Diniyev müsahibəsində bildirib ki, onun əməkhaqqı kartına 10 500, bəzi hallarda isə 9 500 manat köçürülüb, ancaq əmək haqqısı 7000 manatdır. Məşqçi qeyd edib ki, qalan məbləğ cari xərclərə xərclənib. Müxtəlif əməliyyatlara, ləvazimatlara və s. Sizcə, bu cür idarətemə doğrudurmu?

- Təbii ki, doğru deyil. Heç cür qəbul eləmək olmaz. Məhz bu kimi məsələlərə görə biz ora audit yoxlama göndərdik. Və nəticələrdən belə başa düşmək olar ki, müəyyən səhvlər var, ancaq kritik deyil. Şahin müəllim hansı əsasla bunu deyir? Çünki bank pulu köçürəndə müqavilə tələb edir. Müqavilədə maaş 7000 manat göstərilibsə, necə 10500 manat köçürülə bilər? Rəylərdə müəyyən səhvlər var, amma kritik deyil. Bunu dəfələrlə demişəm. Sadəcə bu məsələni süni şəkildə gündəmdə saxlamağa çalışırlar.
 
- Necə oldu ki, “Kəpəz”dəki qanunsuzluqları aşkarladınız?

- Biz çalışırıq ki, AFFA-dan gedən bütün vəsaitləri nəzarətdə saxlayaq və aidiyyatı üzrə xərclənməsini yoxlayaq. Təbii ki, biz bunda məsuliyyət daşımırıq. İlk növbədə maliyyə ayrılmış təşkilat məsuliyyət daşıyır. Ancaq bu, mənim istəyimdi ki, mən rahat olum. Yoxladıq və məlum oldu ki, bəzi düzgün olmayan nüanslar var. Biz bütün prosesi şəffaf şəkildə etdik. Günahkarı da işdən uzaqlaşdırdıq. Bunun üçün hətta bizi – AFFA-nı alqışlamalısınız.
 
- Yəqin ki, AFFA-dan maliyyə yardımı alan digər klublarda da nəzarət güclənəcək...

- Əlbəttə. Növbəti yoxlama “Keşlə”də olacaq. Daha sonra “Zaqatala”, MOİK və digər klublar yoxlanılacaq.